İlk baxışda bu fakt demokratiyanın təntənəsi kimi görünə bilər. Ancaq mahiyyət tam fərqlidir. Almaniyada deputat seçilənlərin istisnasız olaraq hamısı anti-Türkiyə mövqeyində olan adamlardır. Təbii ki, onlar Azərbaycana da nifrət edirlər. Yəni Almaniyada seçki sistemi elə qurulub ki, Türkiyənin dövlət marağını müdafiə edən heç bir siyasətçi Bundestaqa düşə bilməz. Hətta almanlar elə bir oyun çıxardı ki, Bundestaq qondarma “erməni genosidi” məsələsini məhz Türkiyə əsilli deputatların əli ilə tanıdı, yəni qanun layihəsini türklərə yazdırdılar...
Bəziləri “Bakıda anti-Türkiyə filmi olan “Odda - İki bacı” nümayiş olmayacaq”, – deyə sevinirlər. Avropa İttifaqının xətti ilə Avropa Film Festivalı çərçivəsində bu filmi Bakıya gətiriblər. Siz bir həyasızlığa baxın. Bu film PKK kimi terrorçu təşkilatın (PKK ABŞ və Avropa İttifaqı tərəfindən rəsmən terrorçu təşkilat kimi tanınır) təbliğatını aparır. Və Avropa İttifaqı bu filmi Bakıda nümayiş etdirmək istəyir.
Bu film haqqında biz nə bilirik? Film 2020-ci ildə Almaniya tərəfindən çəkilib. Almanca adı “Im Feuer – Zwei Schwestern”. “Odda – İki bacı” hərfi tərcümədir. Filmdə söhbət ondan gedir ki, Rojda Almaniya əsgəridir. O, kürd əsilli iraqlıdır. Uşaqlıq dövründən Almaniyada böyüyüb. O, anasını tapmaq üçün Yunanıstandakı qaçqın düşərgələrinə gedir. Uzun axtarışdan sonra öz anasını tapır. Onlar böyük bir sevinc yaşayırlar. Sonra məlum olur ki, Rojdanın Dilan adlı bacısı da var. Dilan hələ də İraqda yaşayır. Rojda öz anasını Almaniyaya gətirir. Ancaq bacısı üçün narahat olur. Telefon danışığından sonra məlum olur ki, onun bacısı peşmərgələrlə birlikdə savaşır. Rojda bacısına qovuşmaq üçün xahiş edir ki, onu əsgər kimi Ərbilə göndərsinlər. Və o, qadın kürd döyüşçülərinə təlimlər keçir. Filmdə kürdlərin İŞİD-ə qarşı mübarizəsi ön plana çıxarılır. Eyni zamanda bacısını axtarır.
Düşünün ki, 93 dəqiqəlik film filim Almaniya və Yunanıstan tərəfindən çəkilib, filmin ssenarisini yunan Daphne Charizani yazıb.
Bu filmi Almaniyanın “tagesspiegel.de” saytı 2021-ci ildə belə təqdim etmişdi: “Odda (od içində)” kinodramasında kürdlər İŞİD-ə qarşı: Fərqli cəbhələr arasında. Bir bacı alman ordusunda xidmət edir, digəri isə peşmərgə döyüşçüsüdür: Daphne Charizani-nin “Od içində” dramı”.
Filmin baş roluna da Almaniyada yaşayan Türkiyə kürdü Almila Bagriacik ifa edib. O, 1990 ildə Ankarada doğulub. 1995-ci ildən ailəsi ilə birlikdə Almaniyaya köçüb. Tanınmış aktrisadır. O, 3 il ərzində Sebastian Gündel ilə evli olub. Filmlərdəki açıq-saçıq çəkilişlərə görə ərindən ayrılmaq zorunda qalıb...
Qeyd edim ki, PKK 1978-ci ildə yaranıb. İndiyə qədər 40 min nəfəri qətlə yetirib. Siz hansısa Qərb filmində bu terrora görə PKK-çı kürdlərin ittiham olunmasını gördünüzmü? Mümkün deyil. Əksinə, Qərb müxtəlif bəhanələrlə rəsmən terrorçu kimi tanıdığı PKK-nı müdafiə edir, onun təbliğatı ilə məşğul olur. PKK-nı top-tüfənglə də ABŞ başda olmaqla Qərb silahlandırır...