Vaxt.Az
Türkiyə-Rusiya müzakirələri...
Suriya böhranı daha da dərinləşir
Dünən Türkiyə və Rusiya XİN rəhbərlərinin Türkiyədə keçirilən görüşündə əsəs müzakirə mövzularından biri də regional problemlərin həlli ilə yanaşı Suriyadakı böhranın həlli məsələsi idi. Hər iki XİN rəhbəri keçirdikləri görüşdən sonra verdikləri açlqmada böhranln ciddi olduğunu və onun tez bir zamanda həll olunmasının vacibliyini vurğulayıblar.Bir çox siyasi analitiklər ikitərəfli görüşü Suriyadakı böhranın həlli üçün atılan ən önəmli addım kimi qiymətləndirsələr də, bu görüşün Suriya böhranının həllinə müsbət təsir edəcəyi inadırıcı deyil. Ən azından ona görə ki, problemin "həllində" maraqlı olan tərəflərin Suriya böhranı və ölkənin gələcəyi haqqında fikirləri müxtəlifdir.
Rusiyadan fərqli olaraq, Türkiyənin regiondakı vəziyəti daha əlverişli hesab edilsə də, Bəşər Əsədin hələ də hakimiyyətdə qalması, döyüşlərin daha geniş miqyasda alması və Suriya ərazisində radikal dini qrupların və xüsusən də "Əl-Qaidə" terror təşkilatının aktivləşməsi Türkiyə üçün müsbət amil hesab edilmir.
Ən maraqlısı isə ondan ibarətdir ki, bir vaxtlar Suriya ərazisində radikal dini qrupların mövcudluğunu inkar edən Türkiyə rəsmiləri bu gün bunun danılmaz fakt olduğunu qəbul edirlər.
Hətta Türkiyə Baş nazirinin müavini Bülənt Arınç Fransa mətbuatına verdiyi açıqlamada Suriya ərazisində radikal dini qrupların olduğunu etiraf edərək bunun səbəbini qərbin Suriya müxalifətinə yetərincə dəstək verməməsi ilə izah edib.
Bu isə onu göstərir ki, artıq Türkiyə bu məsələ ilə bağlı ciddi narahatlıq keçirir. Ən azından ona görə ki, rəsmi Ankara radikal dini qruplara o qədər də təsir etmək imkanına malik olmadığını yaxşı başa düşür.
Rəsmi Dəməşqin ölkəninin bütün sahələrdə ciddi potensila sahib olduğunu bəyan etməsinə baxmayaraq, Suriyada baş verən hadisələri diqqətlə izlədikdə Bəşər Əsəd hakimiyyətinin əvvəlkindən daha zəif olduğunu görmək olar.
Bu da gec-tez Bəşər Əsəd hakimiyyəti süquta uğrayacağını söyləməyə əsas verir. Lakin bu heç də Suriyadakı böhranın həlli ilə nəticələnəcəyi demək deyil.
Əksinə, Suriyada terrorçu "Əl-Qaidə" təşkilatının fəallaşması, ölkə müxalifətinin nümayəndələri arasında ciddi siyasi fikir ayrılıqlarının olması və bu ölkəyə İranın ciddi təsiri və böhranın artıq siyasi deyil, məzhəblərarası münaqişə forması alması ölkə daxili böhranı daha da dərinləşdirəcək.
18.04.2013 çap et