Görün, təkcə «Nəsimi» filmində onlardan nə qədər var: «Gedən cismimdir, ruhum sizinlədir»; «Səni bu əllər çıxarıb taxta, şah»; «Vəsf elə məni şair – Vəsf zamanı deyil, afət»; «Bu qılıncı mən düzəltmişəm, o məni kəsməz»; «Kiçik həşərat böyük həşəratdan qorxur, qoyun-qurddan»; «Yağış yağanda divarlardan indi də qara qan sızır»; «İstibdad səni də sındırdı»; «Məni sənin üzündə insan əzabının son həddini gördüm» və sair.
Belə ifadələrdən onun ssenarisi əsasında çəkilmiş «Tütək səsi» filmində də var: «Sən gecələr yat, a Qurban»; «Ağsaqqal əyməsə yaxşıdır»; «Əsgər ailəsinə sataşıb o»; «Cümrü öz aləmindədir» və s.
Biz bu sözlərlə böyüdük. Bu ifadələr onun qəhrəmanlarına, personajlarına aid deyildi, daha çox İsa Hüseynovun özünə aid idi. Nə Teymurləng bu ritorika ilə danışıb, nə də Nəsimi. Amma İsa Hüseynov belə yazmışdı və biz belə eşitmişdik.
Yeri gələndə biz o sözləri atalar məsəli kimi istifadə etdik, uzun-uzadı danışmaqdansa o cümlələrdən birini işlətdik və nə demək istədiyimiz həmsöhbətimizə aydın oldu. Yorğun olub hətərən-pətərən danışan iş yoldaşlarımıza az qala hər gün «sən gecələr yat» deyirik, özünə qapılan, ətrafa reaksiya verməyən dost-tanışımızı zarafatla «Cümrü» adlandırırıq, iztirab çəkdiyi sifətindən bilinən tanışlarımızın üzündə «insan əzabının son həddini» görürük.
İsa Hüseynovun sözləri yaddaşımıza beləcə həkk olunub, leksikonumuzda geniş yer alıb. Bu ifadə təbii ki, sovet dönəmində çəkilmiş Azərbaycan filmlərinə baxanlar, o dövrün kitablarını oxuyanlara aiddir. Müasir gənclər bunlardan xəbərsiz ola bilərlər. Onların dövranı bir qədər başqadır. İndikilər rep dinləyir, söyləyirlər və rəhmətə gedən repçinin faciəsini daha içdən yaşayırlar. İsa Hüseynov adı onlara çox şey demir, amma, məsələn, Hüseyn Dərya adını hamısı əzbərdən bilirlər.
Necə deyərlər, hər aşiqin dövranı var, hər dövranın da özünün söz ustası.
2 apreldə o söz ustalarından birini, yuxarıda sadaladığımız, zərbül-məsələ çevrilmiş ifadələrin sahibini – İsa Hüseynovu dəfn etdilər. Gedən böyük ədibimizin cismiydi.
O, uzun və demək olar ki, xoşbəxt ömür yaşadı, sənətinin, şöhrətinin zirvəsinə qalxdı. Öz ayağı üstündə durandan maddi sıxıntı çəkmədi, mükafatlandırıldığı da oldu, zəhmətinin bəhrəsini gördüyü də.
Təbii ki, o da müasirləri kimi totalitar rejimin tikanlı çərçivələri arasında yaşayıb-yaratmağa məcbur idi. Kim bilir, İsa Hüseynov yaradıcılığının çiçəkləndiyi vaxtlarda SSRİ-də, sovet-Rusiya müstəmləkəsi olan Azərbaycanda yox, azad ölkələrdə, tutaq ki, böyük ABŞ-ın Pensilvaniya, Arizona kimi ştatlarında yaşasaydı, Selincerdən, Steynbekdən daha şöhrətli yazıçı olar, bütün dünyada tanınardı.
Hər halda, İsa Hüseynov qüdrətli qələm sahibiydi, harada olsa, mütləq adından söz etdirərdi.
Fəqət totalitar rejimin buxovları onun da əl-ayağını tutur, istedadının çiçək kimi pardaqlanmasına imkan vermirdi.
Düzdür, ölkəmiz müstəqillik qazanandan sonra bu böyük ədib də parlaq əsərlər yarada bilərdi, amma yaşı və keçmişi öz sözünü deyirdi. Üstəlik, totalitar rejimi avtoritar quruluş əvəz etmişdi, yenə də azad sənətkarlar üçün əlverişli mühit, söz azadlığı yox idi. Bir yazıçının pensiyasını kəsənlər onunkunu da kəsərdilər.
İsa Hüseynovun gücü ona çatdı ki, yaltaqlıq üçün boy sırası növbəyə dayananların yanında, cərgəsində durmadı. O da Sabir Əhmədov, Sabir Azəri, Həsən Mehdiyev və bir çox başqa təvazökar yazıçıların səfində durdu, ömrünün ixtiyar çağında guşənişinlik etdi, kalori və komfort uğrunda iyrənc davalara qoşulmadı.
Dünən o ədəbiyyat adamı bizdən əbədiyyən ayrıldı. Biz isə hələ bir müddət də onun sözləri ilə danışacağıq. Çünki ruhu bizimlədir. (musavat.com)