Əgər futbolçusansa, onda bu barmaqları ehtiyatla tərpətməlisən. Məsələn, sən baş barmağını göstərsən, ətrafdan alqış səsləri eşidəcəksən, «fair-play» qaydalarına əməl edən bir futbolçu kimi seviləcəksən. Yox, orta barmağını qaldırsan, bax, o zaman vəziyyət dəyişir. Həm də necə deyərlər, 180 dərəcə əksinə...
Barmaq məsələsinə hələlik fasilə verib keçmiş «fəhlə prospekti»ndə yerləşən AFFA-ya toxunmaq istərdim. Daha doğrusu, toxunmaq istədiyim o Fəhlə prospektində yerləşən AFFA-da əyləşən və qərar verən ağalardı. Söhbət İntizam Komitəsindən gedir. Fürsətdən istifadə edib İK-nın sədri Tofiq Fətullayevə də salamlarımı çatdırıram.
İK cəzaları açıqladıqdan sonra həmin qərarlarla tanış oldum. Tanış oldum və təəccübləndim. Təəccübümün səbəbini isə izah edim. Yadıma son turda baş tutan «Neftçi» - «Xəzər Lənkəran» qarşılaşması düşdü. Bakı klubunun qələbə qazandığı bu oyunda rəqib qapıçı Orxan Sadıqlı azarkeşlərə qeyri-etik jest etmişdi. Düzü, həmin oyundan sonra Sadıqlının ən azı 3 oyun cəzalanacağını gözləyirdim. Amma həmin qərarları nə qədər ələk-vələk etdimsə, bununla bağlı tək bir izə belə rast gəlmədim. Yoxsa 1 aprel zarafatıdır?!
Bu zaman insan bir anlıq düşünməyə vadar olur. Bizim bu jesti bol olan Premyer Liqamızın 20-ci turunda da analoji hal baş vermişdi. «Neftçi» - «Xəzər Lənkəran» görüşündə Mahir Şükürov azarkeşlərə orta barmağını göstərmişdi. Göstərmişdi, amma bu barmaq Mahirə 3 oyun, komandasına isə 2000 min manata başa gəlmişdi.
İndi gəl, bu İntizam Komitəsinin ədalət tərəzisinə barmaq edilmədiyinə inan görüm, necə inanırsan? Mənə elə gəlir ki, burada başqa məsələ var. Yəqin ki, Sadıqlının barmağının Şükürovun barmağından fərqli olduğunu siz də hiss etdiniz. Yuxarıda qaşınmaq söhbətini də boş yerə yazmadım. Deyəsən, son «Böyük oyun»dakı bu barmaq lazımi yerdə oturanları yaxşı qaşıyıb. Çünki bu barmaq Sadıqlının yox, başqasının barmağı imiş.
İkili standarta səbəb olanların, komandalar, futbolçular arasında ayrı-seçkiliyə rəvac verənlərin kim olduğunu dəqiq bilmirəm. Ancaq güman ki, bu üzgörənlikdə lənkəranlıların əli yoxdu. Onların Orxana görə hansısa AFFA məmurunun qapısını döydüyünə inana bilmirəm. Ola bilsin, bu, «Neftçi»nin prezidenti Sadıq Sadıqovun saytımıza verdiyi məlum müsahibədə adlarını hallandırdığı şəxslərin barmağıdır. Onlar klub rəhbərinin açıqlamalarına əzələ nümayişi ilə cavab verirlər, barmaqla yox. Barmağa barmaqarası barmaq etməklə və ya kiməsə 3 barmağın həndəsi fiqurunu göstərməklə...