Fransa Milli Assambleyasının qətnaməsi özünə hörmət qoyan heç bir qanunverici orqan tərəfindən qəbul edilməməli olduğu kimi, bizi də haqlı işimizdən, ədalətli yolumuzdan əsla döndərə bilməyəcək.
Biz fransız parlamentarilərin ədalətsiz mövqeyini, əsassız qətnaməsini qətiyyətlə rədd edir, onu heç bir şəkildə qəbul etmirik! Bu, növbəti siyasi riyakarlıqdan başqa bir şey deyil.
Fransa öz tarixinə baxıb utanmalı, öz gələcəyini də ədalətsizliklər üzərində qurmamalıdır.
Ermənistanın Azərbaycana qarşı uzun illər boyu davam etmiş işğalçılıq – danılmaz etnik təmizləmə siyasətini, 26 fevral – Xocalı Soyqırımını, 44 günlük müharibənin gedişində respublikamızın cəbhədən uzaq şəhərlərində mülki əhali və infrastrukturun qadağan olunmuş raketlərlə atəşə tutulmasını “unudaraq”, anti-Azərbaycan sənədini qəbul etmiş istənilən təsisat, qeyri-sağlam maraqların peşində olduğunu göstərir. – Ədalətli, obyektiv, qərəzdən uzaq qətnamə qəbul etmək istəyən hər hansı təsisat qeyd olunan həqiqətlərə, danılmaz faktlara, gerçəkliklərə göz yummamalıdır.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Avropa Birliyinin təsisçisi, NATO-nun qurucu üzvü və ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan Fransa məsuliyyətli olmağa ikiqat, dördqat borcludur.
Fransa işğal dönəmində Azərbaycan Respublikasının 9 şəhər, 300-dən artıq qəsəbə və kəndinin tamamən dağıdılması, ermənilərin bir neçə addımdan bir mina basdırmasını hesaba almırsa, elə bu özü müharibə cinayətinə ortaq olmaqdır.
Balaca bacısı Ermənistan 4000 nəfərə yaxın azərbaycanlının taleyi barədə, kütləvi məzarlıqların yeri haqqında bilgi vermədiyinə görə də Fransa məsuliyyətə ortaqdır (ən azı mənəvi məsuliyyət daşıyır).
Uzun sözün qısası,
Azərbaycan öz torpaqlarını işğaldan azad edib, Ermənistan və onun böyük bacısı Fransa kimi işğalçılıqla məşğul olmayıb. Bizi “müharibə cinayətləri” törətməkdə əsilsiz ittihamlarla haqq yolundan çəkindirməyə çalışan Fransanın tarixisə danılmaz, konkret müharibə cinayətləri, insanlıq əleyhinə suçlarla doludur.
Yaxın-uzaq coğrafiyalarda əllidən çox dövlətin qanuni ərazisini zorla işğal edən, başqa ölkələrin sərvətlərini talayan, xalqlara zülm edən, soyqırım aktları törədən Fransa sussa daha yaraşıqlı olar. Hər ədalətsiz qətnamə onu öz keçmişi ilə üzləşməyə daha da yaxınlaşdıracaq.
Haqq nazilər üzülməz!