Vaxt.Az

Elçibəyin qardaşı ilə oğlu yola getmir


 

Ərturqut Əliyevə nazirlikdən iş təklifi gəlibmi?

Elçibəyin qardaşı ilə oğlu yola getmir Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin eks-prezidentin ailəsi ilə bağlı açıqlamasında qardaşı oğlu Ərturqut Əliyevə müxtəlif nazirliklərdə iş tapsa da, onun getmədiyini və əhli-kef olduğunu bildirmişdi.

«Qafqazinfo» Elçibəyin ailəsinin yaxınları ilə əlaqə saxlayaraq həm sabiq prezidentin xanımının səhhəti ilə maraqlanıb, həm də əmisinin Ərturqutla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Ailəyə yaxın olan şəxsin açıqlamasına görə, Həlimə Əliyeva səhhəti ilə bağlı yayılan xəbərdən narahat olan şəxslərə təşəkkürünü bildirib: «Həlimə xanım Almurad Əliyevin dediyi kimi Türkiyəyə müalicəyə deyil, qızını və nəvələrini ziyarətə gedib. Səhhətində isə heç bir problem yoxdur».

Əmisinin qardaşı oğlu Ərturqutla bağlı işlətdiyi əhli-kef ifadəsinə gəldikdə isə, mənbə bildirib ki, bu yaşlı bir kişinin öz qardaşı oğlu haqqında dediyi ərkyana sözdən başqa bir şey deyil. Ərturqutun necə bir həyat yaşadığını bütün Azərbaycan yaxşı bilir.

«Ərturqut heç vaxt heç bir böyüyünə qarşı hörmətsizlik etməyib, bu sözlərə görə də əmisinə cavab verməyəcək. Sadəcə onu bilmək lazımdır ki, fikir ayrılığı təkcə əmisi ilə Ərturqut arasında deyil. Ümumiyyətlə Almurad bəy ailə məsələlərində rəhmətlik Elçibəydən çox fərqli düşünüb. Bunun elə ən son nümunəsi də Həlimə xanımın səhhəti haqqında mediaya açıqlama verməsidir. Hamı yaxşı bilir ki, Bəy özü həyatda olduğu müddətdə ailəsi, xüsusən də xanımı haqda heç bir informasiyanın mediada getməsinə razılıq verməzdi».

Almurad Əliyevlə ailənin tez-tez fikirlərinin qarşı-qarşıya gəlməsinə isə mənbə belə aydınlıq gətirib: «Almurad bəylə Ərturqut arasında ilk fikir ayrılığı da məhz Elçibəyin arzusunu reallaşdırmaq istəyi məsələsində olub. Belə ki, Elçibəy öz oğlunun Türkiyədə hərbi məktəb oxumasını arzu edirdi. Oğlu da bu arzunu yerinə yetirmək üçün sənədlərini düzəltmək istəyəndə Müdafiə Nazirliyi problem yaratdı və razılıq vermədi. Bu məsələdə isə Almurad bəy öz qardaşı oğlunun yox, problemi yaradan Nazirliyin yanında oldu. Daha sonra Ərturqutun hərbi xidmətə getməsi məsələsində də fikir ayrılığı yarandı.

Belə ki, Almurad bəy Ərturqutun hərbi xidmətə getməsini istəmirdi və hökumətlə danışığa gedib Ərturqutu saxlatdırmaq istəyirdi. Lakin Ərturqut nəyin bahasına olur-olsun, xidmət edəcəyini dedi və hərbi xidmətə yollanıb hər bir azərbaycanlı kimi Vətən qarşısında borcunu layiqincə yerinə yetirdi.

Bütün bunlardan sonra da, Ərturqut bir neçə dəfə mediada da bəyan elədi ki, ailəsi adından danışa bilmə səlahiyyəti yalnız onun özünə məxsusdur.

Buna baxmayaraq bir sıra saytlar nəyə görəsə mütəmadi olaraq Almurad bəydən ailə haqda açıqlama alıb istədikləri formada tirajlayırlar».

Əmisinin tez-tez bir neçə nazirliklərdən Ərturqut Əliyevə olan iş təklifləri ilə bağlı açıqlamasına da ailəsinə yaxın olan mənbə belə cavab verib: »İş məsələsinə gəldikdə isə, konkret heç bir orqan, heç bir nazirlik Ərturquta işlə bağlı nəsə təklif etməyib. Əlbəttə, Ərturqut işləmək istəyir və hər hansı təklif olarsa, onu dəyərləndirməyə hazırdır. Kimsə səmimi şəkildə onu işlə təmin etmək istəsə, özü ilə əlaqə saxlayıb, təklifini də məsləhətini də verə bilər və bu təklif sırf iş təklifi olarsa, heç vaxt Ərturqut bundan imtina etməz».

 





02.04.2014    çap et  çap et