Vaxt.Az

“Ruh” təqdim olundu


 

“B-21 Raider” 1 trilyon dollarlıq layihənin bir hissəsidir

“Ruh” təqdim olundu Pentaqon ən yeni bombardmançısı “B-21 Raider”i təqdim edib. Amerikanın aerokosmik və müdafiə şirkəti “Northrop Grumman” tərəfindən hazırlanan, “Ruh” ləqəbli strateji bombardmançı təyyarənin dəyəri təxminən 700 milyon dollardır.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin şirkətin Kaliforniya ştatının Palmdele şəhərindəki müəssisəsində keçirilən təqdimat mərasimindəki çıxışında “B-21”in ən qabaqcıl texnologiyasının onilliklər boyu davam edəcəyini deyib.

Ölkənin aparıcı qəzetlərindən “Wall Street Journal” (WSJ) təyyarənin hətta ən qabaqcıl radar sistemləri tərəfindən aşkarlanmasıını çətinləşdirən xüsusi gizli texnologiya ilə təchiz edildiyini yazıb.

“Northrop Grumman” şirkətinin baş direktoru Keti Uorden “Biz bir çox cəhətdən gələcəyin texnologiyasını təyyarə halında buraya gətirdik”, – deyib.

Bombardmançı həm də təkmil süni intellektə əsaslanan elektron sistemlərə və məlumatların emalı imkanlarına malikdir.

“B-21”in çata biləcəyi maksimum sürət və uçuş məsafəsi ilə bağlı məlumatlar məxfi saxlanılarkən, ən az 100 təyyarə istehsal ediləcəyi bildirilir.

“The Washington Post” yazdığına görə, şirkət təyyarənin pilotsuz versiyası üzərində işləyir.

Artıq 6 prototipi istehsal olunmuş “B-21”in ilk sınaq uçuşu gələn ilə planlaşdırılır. Pentaqon təyyarənin nə vaxt istifadə ediləcəyini açıqlamasa da, hərbi analitiklər “B-21”in 2026-2027-ci illərdə əməliyyatlarda iştirak edə biləcəyini bildiriblər.

“WSJ”nin hesabatında təyyarənin ABŞ-ın 1 trilyon dollar ayırdığı nüvə müharibəsində düşməni yayındırmaq layihəsinin bir hissəsi olduğu bildirilib. Bu kontekstdə “B-21” həm də nüvə silahı daşımaq üçün nəzərdə tutulub.

Çinin nüvə potensialını artırmasına qarşı 2020-ci ildə istifadəyə verilən layihədə bombardmançı təyyarələrlə yanaşı, nüvə sualtı qayıqları və raket sistemləri də hazırlanacaq.

1987-ci ildə Soyuq Müharibə dövründə dizayn olunan “B-21”in sələfi “B-2 Spirit” və ilk dəfə 1997-ci ildə hərbi əməliyyatlarda istifadə edilmişdi.

 





03.12.2022    çap et  çap et