Təbrizli azarkeşlər milli şüarlar səsləndirdikləri üçün stadiondakı təhlükəsizlik qüvvələrinin kobud rəftarı ilə qarşılaşıblar. Azarkeşlər Urmiya gölünün quruması ilə əlaqədar ingilis dilində yazılı plakatlar qaldırıb, «Urmu gölü can verir, İran onun qətlinə fərman verir», «Türklərin iftixarı, Tiraxtur, Tiraxtur», «Yaşasın Azərbaycan», «Tiraxtur»u el istər, şərəfli millət istər» və digər şüarlar səsləndiriblər. 25 azarkeş tutularaq bilinməz istiqamətə aparılıb.
«Traktor» azarkeşləri tutularkən döyülüb, təhqir edilib. Tutulan azarkeşlərdən 3-nün adı (Əkbər Mühaciri, Əli Hemməti, Həbib Mehrazər) müəyyənləşib.