İsrail ordusunun sözçüsü Aviçay Adrai “Twitter” hesabındakı paylaşımında İsrail döyüş təyyarələrinin HƏMAS terrorçularına aid mühüm mərkəzi, raketlərin hazırlandığı silah emalatxanasını vurduğunu bildirib.
Təyyarələrin Qəzzanın cənubundakı “Həmas” tunelini də hədəf aldığını qeyd edən Adrai, sözügedən hücumun dünən gecə Qəzzadan İsrailə atılan raketlərə cavab olaraq həyata keçirildiyini bildirib.
Hücum nəticəsində can itkisi olmasa da, binalara ciddi ziyan dəydiyi bildirilib. “Həmas”ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” tərəfindən verilən açıqlamada İsrail təyyarələrinin yer-hava raketləri ilə hücum etdiyi qeyd edilib.
Terrorçuların sözçüsü Hazim Qasim isə yerli xəbər kanalına verdiyi açıqlamada, müqavimət qüvvələrinin İsrailin hücumuna cavab verməklə “İsrailin vəziyyəti dəyişməsinə icazə verməyəcəklərini və Fələstin xalqını müdafiə etməyə davam edəcəklərini” göstərdiyini bildirib.
İsrailin hücumlarının artırdığını qeyd edən Qasım “bu hücum xalqımızda yanan inqilab odunu söndürə bilməyəcək və xalqımıza dəstəyimizi davam etdirəcəyik”, – deyib.
İsrail ordusundan əvvəlki açıqlamada Qəzza zolağından İsrailə doğru atılan raketin təsbit edildiyi, lakin raketin qarşısını almaq üçün heç bir müdafiə sisteminin işə salınmadığı bildirilmişdi.