- Rusiya vətəndaş cəmiyyəti Krımın anneksasiyasına reaksiya verirmi? Verirsə, hansı formada?
Maria Alyoxina: Vətəndaş cəmiyyəti anneksasiyanı pisləyir. Moskvada müxtəlif hesablara görə, 30-50 min insanın iştirak etdiyi «Sülh marşı» baş tutmuşdur, biz də orada çıxış etdik. Rusiya müxalifəti, həbsdə olmayan və ya ölkədən qovulmayan düşünən insanlar orada öz mövqeyini bildirdilər. Bildiyim qədərilə, daha bir belə yürüşün keçirilməsi nəzərdə tutulur. Müxalifət susmaq fikrində deyil.
Nadejda Tolokonnikova: Onlar istəyirlər ki, Rusiya qardaş ölkəni işğal etməsin və avtomat lüləsi altında referendumlar keçirilməsin. Vladimir Putinin daha ciddi planları var. Bizdə olan məlumata görə, o, Ukraynada prezident seçkilərində təxribat planlaşdırır, seçkilərin keçirilməsini, Ukraynada legitim prezidentin olmasını istəmir. O, bundan qorxur. Rüşvət və korrupsiyada batmış insanları devirənlərdən qorxur və bunun Rusiyada baş verməməsi üçün əlindən gələni edir.
- Bəs müxalifətdən hər hansı reaksiya varmı?
M.A.: Sistem müxalifəti saxtakardır, Rusiyada mövcud deyil.
N.T.: O, mövcud deyil. Bəzi insanlar və partiyalar rejim tərəfindən parlamentə təyin olunaraq müxalifət illüziyası yaradır, ancaq Rusiyada demokratiya yoxdur. Seçkilər və xüsusilə də Dumaya seçkilər sadəcə formallıqdır. Buna görə də düşünürəm ki, Rusiyada müxalifət olaraq, yalnız sistemdən kənar müxalifət hesab olunmalıdır.
- Biz Rusiyada radikal milliyyətçiliyin artmasını müşahidə edirik. Buna vətəndaş cəmiyyətinin reaksiyası nədir və bu prosesin Rusiyada yaşayan milli azlıqlar üçün təhlükəsi nə qədər ciddidir?
N.T.: Rusiyada hər zaman milliyyətçi ruh olub və bu da propaqandanın bir nəticəsi kimi qəbul olunmalıdır. Hal-hazırda radikal milliyyətçilik həmişəkindən çox deyil.
Məsələ burasındadır ki, Putin rejimi aydın siyasi ideologiya olmadığından, süni ideoloji dalğalara təkan verərək, bu boşluğu doldurmağa çalışır. Əgər bizim həbs olunduğumuz dövrdə bu, dini mühafizəkarlıq, bizim «Putin sənə vətənini sevməyi öyrədəcək» aksiyamız zamanı idman və olimpiada idisə, bu gün rejim milliyyətçilikdən istifadə edir. Bununla yanaşı, ideoloji quruluşlar bir-birini süni yolla əvəz etdiyinə görə, ayrı-ayrılıqda onlar heç nəyə dəymirlər və buna görə də Rusiya əhalisinin beyninə işləmirlər.