Vaxt.Az

Suriyanın cənubunda üsyan


 

Əsədə qarşı ayağa qalxan xalq qubernatorun binasını yandırıb

Suriyanın cənubunda üsyan Bu gün Suriyanın cənubundakı Süveyda şəhərində Bəşər Əsəd qüvvələri ilə yerli əhali arasında toqquşma olub. İqtisadi böhrana cavab olaraq onlarla nümayişçi qubernatorluğun ofisinə basqın edib.

Hadisələr səhər saatlarında 200-dən çox nümayişçinin qubernatorluq binası qarşısına toplaşdığı zaman başlayıb. Əsəd administrasiyası əleyhinə şüarlar səsləndirən kütlə daha sonra binaya basqın edib. İçəridə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma baş verərkən, etirazçılar binanın bəzi hissələrini yandırıblar.

Etirazçıların Əsədin şəkillərini binadan endirdiyi və qubernatorluğa aid bir çox rəsmi sənədləri yandırdığı deyilir. “Reuters”ə danışan şahidlər binanın daxili hissələrinin böyük ölçüdə yandığını, qubernatorun həmin vaxt binada olmadığını və binanın boşaldıldığını bildiriblər.

Qarşıdurma zamanı xəsarət alanların olduğu deyilir. Xəstəxanadakı mənbə də ən azı bir nəfərin öldüyünü açıqlayıb.

2011-ci ildə Suriyada başlayan müharibədə münaqişələrdən xeyli xilas olan və Əsəd hökumətinin hərbi əməliyyatlarında iştirak etməyən dürzilərin sıx yaşadığı Süveydada son vaxtlar gərginlik artıb. İyul ayında Əsəd hökumətinin təhlükəsizlik qüvvələri ilə yerli əhali arasında baş verən qarşıdurmada ən azı 17 nəfər həyatını itirmişdi.

 





04.12.2022    çap et  çap et