Vaxt.Az

Stalinin tabusu yaşayır


 

“Alman ruhu”, “İngilis tarixi”, “Fransız inqilabı”nı normal qəbul edənlərin yuxusunu “Türk qanı” qaçırıb

Stalinin tabusu yaşayır Ölkə başçısının Zəngəzur dəhlizi, Güney və Turan mövzularındakı bəyanatlarına İranın cavabsız qalmayacağı gözləniləndi. İran fars dəyərlərinin daşıyıcıları həmən əl-ayağa düşdülər. Türklük və Türkçülüyə savaş açdılar. Əski-yeni suçlamalar, yersiz sataşmalar üst-üstə gəlir. İran yanlılarından başqa yerli rusçular və başqa kosmopolitlər haray-həşir qoparmaqdadırlar.

Ən son İTV-nin “Yekun” proqramında aparıcı Nigar Sabirqızının işlətdiyi “Türk qanlı” sözündən bərk narahat olublar. “Türk qanlı” demək irqçılık imiş. Yoxdur elə bir şey!

“Türk qanlı” demək, Türk şüuruna, milli şüura sahib olmaq deməkdir. Təhrif etməyin. Heç olmasa, Əli Bəy Hüseynzadəni, Turanı oxuyun. Həvəsiniz yoxsa, bayraqdakı ilk zolağın nə ifadə etdiyini düşünün.

Almaniyada milyonlarla qeyri-alman yaşayır. Amma “Alman ruhu”, “Alman dövləti”, “Alman şüurlu” kimi rutin ifadələri heç kəs sorğulamır. Ya da Böyük Britaniyada “English history”, “English tea”, “English coffee” və s. kimi rutin anlayışlar hər addımda rastımıza çıxır. Fransada da eyni. İnqilabın adı orijinalda “Fransız inqilabı”dır (La Revolusion française). Biz “Fransa inqilabı” olaraq tərcümə edirik. Qonşu Gürcüstanda “Gürcü milləti”, “Gürcü dövləti”, “Gürcü tarixi”... kimi ifadələri sorğulayan yoxdur... Türk millətinin (və atributlarının) varlığına tabu qoymuş Stalin, bizim ölkədə hələ də yaşayır, hələ ölməyib.

“Türk qanı daşımaqdan imtina etməyin. Çünki möhtac olduğun qüdrət damarlarındakı əsil qandadır”. (Mustafa Kamal Atatürk). Türk olmaqdan qorxmaq heç lazım deyil. Bu “suç”a görə daha Sibirə göndərmirlər, pan-Türkist ittihamı ilə daha güllələmirlər.

Güneydə isə insanlar başqa şüarlarla yanaşı “Haray, haray, mən Türkəm!”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Nə sağçıyam, nə solçuyam, millətçiyəm, millətçi!” deyirlər, qorxmurlar. Pan-Türkist ittihamı ilə həbsdə yüzlərlə milli fəal yatır. Bizim kosmopolitlət və başqa Türk düşmənləri orada yaşasaydılar, əminəm, mütləq fars irqçilərinin yanında olardılar, milli insanları təqib edərdilər.

Quzey və Güney Azərbaycanda Türk millətinin varlığını inkar edən heç kəs milli sayılmaz. Türklüyə və Türkçülüyə sataşmağın faydası yoxdur. Çünki Türkçülük Azərbaycanı yüksəltmək üçün var. Türkçülüyün siyasi proqramı da Azərbaycançılıqdır.

 





05.12.2022    çap et  çap et