Bunu məqalədə belə bir cümlədən də anlamaq olar: “İrannn Azərbaycanla sərhəddəki təlimləri bölgə ölkələrinin (oxu: Ermənistanın) ərazi bütövlüyünə dəstək əhəmiyyəti daşıyırdı”. Məqalədə o da etiraf edilib ki, İran Azərbaycanın Ermənistana qarşı iddialarına qarşıdır və Zəngəzur dəhlizinin açılmasını təhlükə kimi qiymətləndirir. “İran bölgənin geosiyasi dəyişiliklərinə qarşıdır, bu yeni münaqişələrə səbəb ola bilər və Tehran buna seyrçi qalmayacaq” yazılan məqalədə yenə də Azərbaycanın İsraillə sıx əlaqələrinin guya bölgə üçün böyük təhlükə yaratdığı vurğulanıb. Tehranın prezident İlham Əliyevin İranda yaşayan azərbaycanlılar hüquqları barədəki çıxışlarından narahat olduğu İRNA agentliyinin məqaləsində də hiss olunur. Məqalənin sonunu nikbin notlarda bitirməyə çalışıblar, yazıblar ki, guya İran Azərbaycanla dost münasibətlərə çalışır.
Beləliklə, İran rəsmiləri və deputatları Azərbaycana qarşı davamlı təxribatçı açıqlamalardan sonra estafeti məqalələrə veriblər. Əvvəlcə ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı məqalə yazdı, ikibaşlı cümlələrdən istifadə etdi, ardınca da İRNA bu mövzuya toxundu. Dəyişən heç nə yoxdur, eyni ritorikadır – Ermənistana dəstək, İsraili lənətləmək və Azərbaycanı hədələmək. Biz də bunun tərsini edirik – İrandakı dəyişikliklərə dəstək, İsraillə sıx əlaqələr və Tehranı adekvat cavablar vermək...
***
Bu arada İran daha bir NATO ölkəsiylə qonşu oldu. Azərbaycan NATO üzvü olmağa çalışmır, Brüsselə belə bir müraciəti yoxdur. Bununla yanaşı Azərbaycan NATO-nun əsas üzvlərindən biri – Türkiyə ilə strateji müttəfiqidir. Azərbaycan və Türkiyənin vahid ordusu formalaşırsa, bu elə Azərbaycanın NATO-nun tərkib hissəsinə çevrilməsi deməkdir. İranın Araz çayına yaxın ərazidə hərbi təlimlərdə iki məqsədi var idi. Birinci məqsədi Azərbaycanı qorxutmaq, ikinci məqsədi rəsmi Bakını xarici siyasətdə İranın xeyrinə korrektəyə məcbur etmək idi. Tehran tam əks nəticələrlə üzləşdi. Azərbaycan İranın hərbi təlimlərinə öz təlimləriylə cavab verdi, növbəti təlimi strateji müttəfiqi Türkiyə ilə başladı, İranın erməni separatçılarıyla bütün bağları faş edildi, Tehranın təxribatlarına adekvat cavab verildi, Bakıda Güney Azərbaycan amili ön plana çıxardıldı. Görəsən, Tehran bütün bunların baş verəcəyini əvvəlcədən bilsəydi, sərhəddə hərbi təlimlər keçirib Qafanda Azərbaycan əleyhinə konsulluq açardımı? Fikrimcə, yenə edərdi, çünki Tehran rejimi Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir.