İngiltərə Premyer Liqa komandalarından “Mançester Yunayted”lə qalmaqallı şəkildə yollarını ayıran Kristian Ronaldonun yeni komandası üçün geri sayıma başlayıb. İspan mətbuatı ötən həftə oxucularına açıqladığı iddianı bir addım irəli ataraq imzaların atıldığını iddia edib.
“Marca”nın xəbərinə görə; 37 yaşlı ulduz futbolçu Səudiyyə Ərəbistanının “Əl Nassr” komandası ilə illik 200 milyon avro qarşılığında anlaşıb. “Əl Nassr”la 2,5 illik müqavilə imzalayan portuqaliyalı futbolçu ümumilikdə 500 milyon avro qazanacaq.
Sözügedən transfer rəsmiləşərsə, Kristian Ronaldo futbol tarixinin ən böyük müqaviləsinə imza atmış olacaq və aktiv karyerasını davam etdirən idmançılar arasında ən yüksək maaşı ehtiva edən klub müqaviləsinin sahibi olacaq.