Ər-Riyaddakı hazırlıqları “Reuters”ə dəyərləndirən xarici diplomatlar bildiriblər ki, Tsinpinin qəbulu ABŞ prezidenti Co Baydenin iyul ayındakı yumşaq səfərindən çox, sələfi Donald Trampın 2017-ci ildəki təmtəraqlı səfərinə bənzəyəcək.
Tsinpinin səfəri zamanı Çin və Səudiyyə Ərəbistanı ilə iqtisadiyyatını neft asılılığından xilas etmək istəyən bəzi digər ərəb ölkələri arasında avtomobildən logistika və müdafiə sənayesinə qədər müxtəlif sahələrdə onlarla sazişin imzalanması gözlənilir.
Çinli tikinti şirkətləri Səudiyyə Ərəbistanının 500 milyard dollarlıq nəhəng NEOM turizm və infrastruktur sərmayəsi ilə bağlı çoxsaylı tenderlər alıb.
Birləşmiş Ştatlar bölgədəki müttəfiqlərinə Çinin 5G kommunikasiya texnologiyaları və limanlar kimi strateji sahələrə sərmayə qoymasına icazə verməmələri barədə xəbərdarlıq etdi. Birləşmiş Ərəb Əmirlikləri xəbərdarlıqdan sonra liman layihəsini ləğv etdi.
Ər-Riyada son səfəri zamanı ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərindəki soyuqluğa toxunan Bayden deyib: “Biz uzaqlaşmayacağıq və Çinin, Rusiyanın və ya İranın doldura biləcəyi bir boşluq buraxmayacağıq. ABŞ heç yerə getmir”.
İsraildəki “Abba Eban” Diplomatiya və Xarici Əlaqələr İnstitutunun eksperti Gedaliah Afterman bugünlərdə “The Financial Times”a bildirib ki, “Hamı ABŞ-ın köhnəldiyini düşünür. Çin hər dəfə səudiyyəliləri öz tərəfinə 10 metr yaxınlaşdıranda nəinki qazanır, əksinə ikiqat artır, çünki onu həm də ABŞ-dan da uzaqlaşdırır”.
Digər tərəfdən, “Janes IntelTrak consalting” firmasının baş meneceri Nissa Felton “The Financial Times”a “Səudiyyə Ərəbistanı və Körfəz ölkələri arasında ABŞ-la olan dərin köklü, indiyədək inkişaf etmiş əlaqələri Çinlə olan yaxınlaşmayla müqayisə edilə bilməz”. Feltonun sözlərinə görə, Yaxın Şərq ölkələrinin prioriteti xarici siyasət variantlarını şaxələndirməkdir.
Honq-Konq Universitetinin müəllimi Uilly Lam da Çin liderinin COVİD-19 məhdudiyyətləri və iqtisadi problemlər səbəbindən ölkə daxilində artan narazılıqdan yayındırmaq üçün səfərdən istifadə edə biləcəyini söyləyib.
***
“Janes IntelTrak consalting” şirkətinin məlumatlarına görə, Səudiyyə Ərəbistanında son 20 ildə artan Çin investisiyalarının həcmi 106,5 milyard dollara çatıb, onu 97,6 milyard dollarla Küveyt və 46 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri izləyir.
Yaxın Şərq ölkələri və Rusiya dünyanın ən böyük neft idxalçısı olan Çində bazar payı uğrunda rəqabət aparır.