Vaxt.Az

Şoltsdan çağırış ...


 

Almaniya kansleri dünyanı bloklara böləcək yeni soyuq müharibə barədə xəbərdarlıq edib

Şoltsdan çağırış ... Almaniya kansleri Olaf Şolts dünyanı rəqib bloklara böləcək yeni soyuq müharibə barədə xəbərdarlıq edərək, bugünkü çoxqütblü dünyada problemlərin həlli üçün daha çox diplomatik səylər göstərməyə çağırıb.

Şolts yazdığı məqaləsində Almaniyanın yeni təhlükəsizlik strategiyasının əsas məqsədlərini ortaya qoyub.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün dönüş nöqtəsi olduğunu və Almaniyanın təhlükəsizlik siyasətində böyük dəyişikliyə səbəb olduğunu bildirən kansler, ölkəsinin müdafiə sahəsinə daha çox sərmayə qoyacağını və yeni təhdidlərə qarşı NATO daxilində daha çox məsuliyyət daşıyacağını qeyd edib.

Ölkəsinin Avropa təhlükəsizliyinin aparıcı aktorlarından biri olmaq niyyətini açıqlayan Şolts, “Almaniya üçün həyati rol, ordumuza sərmayə qoymaq, Avropa müdafiə sənayesini gücləndirmək, hərbi gücümüzü artırmaqla Avropada təhlükəsizliyin əsas təminatçılarından biri olmaqdır. NATO-nun şərq cinahında hərbi mövcudluq və Ukrayna silahlı qüvvələrinin təlimi və təchizatı hədəfimizdir”, – deyib.

Şolts Rusiya prezidenti Vladimir Putini beynəlxalq hüququ pozmaqda və Avropanın sülh mühitini pozmaqda ittiham edib: “Dünya Putinə istədiyini etməyə imkan verməməlidir. Rusiyanın revanşist imperializminə son qoyulmalıdır”.

Şolts vurğulayıb ki, sülh sazişi Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli və Kiyevin gələcəkdə özünü müdafiə etmək qabiliyyətini təmin etməlidir.

“Tərəfdaşlarımızla koordinasiyada biz müharibədən sonrakı mümkün sülh sazişinin bir hissəsi kimi Ukraynanın təhlükəsizliyini qoruyacaq razılaşmalara nail olmağa hazırıq”, – Şolts bildirib.

Çinlə gələcək münasibətlərə dair fikirlərini açıqlayan Almaniya kansleri bildirib ki, bugünkü çoxqütblü dünyada müxtəlif ölkələr və idarəçilik modelləri güc və təsir uğrunda yarışır və bəzi analitiklər ABŞ-la  Çinin dünyanı yeni soyuq müharibənin astanasında saxladığını düşünürlər.

Şolts “Mən bu fikirlə razı deyiləm. Bunun əvəzinə, inanıram ki, şahidi olduğumuz şey qloballaşmanın müstəsna mərhələsinin sonudur. Çin iqtisadi cəhətdən güclü və siyasi cəhətdən iddialı bir aktyor kimi ortaya çıxsa da, mən inanıram ki, Birləşmiş Ştatlar 21-ci əsrdə dünyanın müəyyənedici gücü rolunu davam etdirəcək”.

“Çinin yüksəlişi Pekini təcrid etməyi və ya əməkdaşlığın qarşısını almağı tələb etmir. Lakin Çinin artan gücü onun Asiyada və ondan kənarda hegemonluq iddialarına haqq qazandırmır”. Şolts öz qiymətləndirməsində Çinə qarşı mötədil siyasətini müdafiə edib.

Qarşılıqlı maraq doğuran məsələlərdə Çin ilə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan Şolts, “Pekinə son səfərim zamanı BMT Nizamnaməsində təsbit edilən qaydalara əsaslanan beynəlxalq nizama və açıq və ədalətli ticarətə güclü dəstəyimi ifadə etdim. Pekində mən Cənubi Çin dənizi və Tayvan boğazında gərginləşən vəziyyətlə bağlı narahatlığımı bildirdim və Çinin insan hüquqları və fərdi azadlıqlara yanaşmasını şübhə altına aldım”.

Şolts bəyan edib ki, Almaniya geosiyasi çağırışların öhdəsindən gəlmək üçün Qərb tərəfdaşları ilə həmrəylik nümayiş etdirəcək və qlobal problemlərə “çoxtərəfli həll yollarını” müdafiə etməyə davam edəcək.

“Biz Avropa İttifaqı, ABŞ, Böyük yeddilik və NATO-dakı tərəfdaşlarımızla açıq cəmiyyətlərimizi qorumalı, demokratik dəyərlərimizi müdafiə etməli, ittifaq və tərəfdaşlığımızı gücləndirməliyik”. Şolts tövsiyəsində dünyanın yenidən rəqib bloklar arasında parçalanmasının qarşısını almaq üçün səylərin davam etdirilməsi və yeni tərəfdaşlıqların inkişaf etdirilməsi lazım olduğunu bildirib.

 





06.12.2022    çap et  çap et