Vaxt.Az

Yunan polis qaraçı gənci güllələdi


 

14 il əvvəl baş verən hadisənin təkrarı yaşandı, şəhərdə iğtişaşlar başladı

Yunan polis qaraçı gənci güllələdi Yunanıstanın dövlət televiziyası ERT-nin xəbərinə görə, bazar ertəsi səhər saatlarında Saloniki yaxınlığındakı yanacaqdoldurma məntəqəsindən avtomobillə uzaqlaşan 16 yaşlı qaraçı yeniyetmə polislər tərəfindən silahla başından vurulub.

Yunan polisi, güllələnən gəncin motosikletlə onu izləyən polis əməkdaşlarına yaxalanmamaq üçün istifadə etdiyi yük maşını onların üstünə sürməyə çalışdığını iddia edib. Açıqlamada bildirilib ki, polis əməkdaşları yük maşınının onlara dəyməməsi üçün iki dəfə atəş açıb, bundan sonra sürücü idarəetməni itirərək avtomobili divara çırpıb və ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Polis rəsmiləri  yeniyetməni güllələyən polis məmurunun həbs olunduğu və bu gün prokuror qarşısına çıxarılacağını bildirilib.

Hadisədən sonra Saloniki şəhər mərkəzində toplaşan nümayişçilərlə çevik polisi arasında qarşıdurma baş verib. Barrikadaları yandıran etirazçılar polisə “molotof kokteyli” atarkən, bəzi fəallar ətrafdakı mağazaların şüşələrini sındırıb. Polis nümayişçilərə gözyaşardıcı qaz və səs bombaları ilə cavab verib. Bu hadisələrdən bir qədər əvvəl gəncin yaxınları və etirazçılar ağır yaralı gəncin aparıldığı xəstəxananın qarşısında gözləyən polisə daş atıb. Polis gözyaşardıcı qazla qarşılıq verib.

Ötən il başqa bir qaraçı yeniyetmə Afinanın cənubundakı Pirey limanında polis tərəfindən öldürülmüşdü.

Salonikidəki hadisə də 2008-ci ildə polis gülləsi ilə öldürülən 15 yaşlı Aleksandros Qriqoropulosun ölüm ildönümünə bir gün qalmış baş verib. 14 il əvvəl Afinada Qriqoropulosun polis tərəfindən öldürülməsindən sonra bütün ölkədə həftələrlə davam edən kütləvi etirazlar baş verdi. Sözügedən hadisə hər il dekabrın 6-da etiraz nümayişləri ilə anılmaqda davam edir.

 





06.12.2022    çap et  çap et