Aİ-nin enerji böhranına qarşı Qərbi Balkanlara 1 milyard avro ayıracağını açıqlayan fon der Leyen bunun yarısının ailələrə kömək, digər yarısının isə enerji infrastrukturunun gücləndirilməsi üçün istifadə edilməsinin planlaşdırıldığını açıqlayıb.
Avropa Şurasının prezidenti Mişel bildirib ki, Aİ-nin enerji böhranı ilə əlaqədar Qərbi Balkan ölkələrinə ayırdığı maliyyə yardımı birliyin regiona sadiqliyini nümayiş etdirir. Albaniyanın Baş naziri Edi Rama sammitdə gənclər üçün bir çox layihələrin müzakirə edildiyini açıqlayıb. Lazımi prosedurlardan sonra Albaniya vətəndaşlarının öz ölkələrini tərk etmədən rəqəmsal mühitdə Avropanın ən yaxşı universitetlərində təhsil almaq imkanı əldə edəcəklərini açıqlayan Rama, Tiranada Avropanın ən hörmətli universitetlərindən birinə kampus açmaq üçün Avropa liderlərinin dəstəyini aldığını bildirib.
Rama Çarlz Mişel və Ursula fon der Leyenə "Qərbi Balkan ölkələrinin Aİ-yə daxil olma prosesinin ağrılı şəkildə ölməsinə imkan vermədiklərinə" görə təşəkkür edib.
Sammitin sonunda Serbiya Rusiyanın Ukraynadakı işğalının mənfi təsirlərinə qarşı mübarizə ilə bağlı hazırlanan və region ölkələrini Aİ-nin Rusiyaya qarşı sanksiyalarla bağlı xarici siyasətinə tam əməl etməyə çağıran bəyannaməyə imza atmayıb. Almaniya kansleri Olaf Şolts bildirib ki, Aİ və Serbiya arasında Rusiyaya qarşı sanksiyalarla bağlı heç bir razılaşma yoxdur. Bu mövzuda Serbiya prezidenti Aleksandr Vuçiç ilə görüşdüyünü izah edən Şolts, Aİ-nin birliyə qoşulmaq istəyən Serbiyadan gözləntilərinin açıq olduğunu bildirib.
Serbiya mediası isə Vuçiçin Kosovo ilə həll üçün Tiranda Aİ liderlərindən ultimatum aldığını paylaşıb. Serbiyada dərc olunan “Danas” qəzeti diplomatik mənbələrə istinadən iddia edib ki, Aİ liderləri Vuçiçə Kosovo probleminin həlli ilə bağlı Fransa-Almaniya təklifini qəbul etmək üçün bir neçə həftə vaxt verib.