Vaxt.Az

Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”


 

Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq

Dünya İrsi Siyahısındakı “Yuxarı Baş” Şəki şəhərinin 2019-cu ildə UNESCO-nun Dünya İrsi Siyahısına salınmış tarixi mərkəzi – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində geniş təmir-bərpa işləri aparılır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də görülən işlərlə tanış olublar.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qoruqda görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Qala divarları daxilindəki iki abidənin (Rəsm qalereyası və qoruğun inzibati binası) təmir-bərpa işləri yekunlaşıb. Bu abidələrin hər ikisi XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilib. Qoruğun yeni inzibati binasının memarlıq irsi qorunmaqla fasadı, damörtüyü, döşəməsi, pilləkənləri bərpa olunub, interyeri inzibati bina üçün uyğunlaşdırılıb. 

Sonra qoruqdakı şəbəkə emalatxanasında görüləcək bərpa işləri barədə məlumat verilib. Emalatxananın yerləşdiyi bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Yeni konsepsiyaya görə, “Şəbəkə evi” emalatxanasında sənətkarların fəaliyyət göstərdiyi şəbəkə istehsalı mərkəzi ilə yanaşı, bu sənətin tarixini nümayiş etdirən ekspozisiya zalı, interaktiv turizm təcrübəsi üçün təqdimat otağı, suvenir istehsalı və satışı mərkəzi yaradılacaq. Eyni zamanda, burada yeni şəbəkə ustalarının yetişdirilməsi üçün təlim-tədris mərkəzi fəaliyyət göstərəcək.

Qoruqdakı dairəvi məbəddə aparılan təmir-bərpa işləri barədə də məlumat verilib. XIX əsrin əvvəllərinə aid tikilinin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır. Bina XIX əsrdə pravoslav kilsəsi olaraq fəaliyyət göstərib, sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Burada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib. Hazırda binada bərpa işləri aparılır.

Həmçinin, məlumat verilib ki, Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilində yerləşən bəzi tarixi binalarda təmir-bərpa işləri davam etdirilir. Şəki xanlığı dövrünə aid, ümumi uzunluğu təxminən 1300 metr olan divarlar isə XIX əsrdə çar Rusiyası tərəfindən hərbi məqsədlər üçün istifadə edilib.

Ərazidəki memarlıq abidələrindən biri də XIX əsrdə inşa olunmuş əsgər kazarmasıdır. Dövlət mühafizəsində olan tikili giriş hissədən və əsas zaldan ibarətdir. Hazırda binada bərpa işlərinə başlanılıb və “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun fond otaqları kimi fəaliyyət göstərəcək.

Daha sonra Şəki Tarix-Diyarşünaslıq Muzeyində davam edən bərpa işləri barədə məlumat verilib. Muzeyin binası XIX əsrin sonlarında rus əsgərləri üçün kazarma binası kimi tikilib. Yerli tikinti materiallarından (çay daşı və bişmiş kərpic) istifadə olunmaqla Şəki memarlığı üslubunda inşa edilib. Muzeydə 2400-dən artıq eksponat var. Hazırda binada təmir-bərpa işləri davam edir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Rəsm qalereyasında görülmüş bərpa işləri ilə də tanış olublar. 1982-ci ildən rəsm qalereyası kimi istifadə edilən bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və 2022-ci ildə bərpa edilib. Qalereyanın fondunda 254 eksponat saxlanılır. Onlardan 61-i rəsm əsəri və 8-i heykəl olmaqla 69 eksponat hazırda ekspozisiyada sərgilənir, 185-i isə qalereyanın fond otağında mühafizə olunur. 

Qalereyanın birinci zalında Maral Rəhmanzadənin “Kəlağayı geyinmiş qadın”, ikinci zalda “Zəngəzurda” əsərində yaylağa köç edən sürü və “Qaragöl” əsəri (Laçın rayonunda, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yerləşən göl), üçüncü zalda isə mərkəzi divarda Altay Sadıqzadənin “Sahil”, Sakit Məmmədovun “Şərq” və Elbəy Rzaquliyevin “Qırmızı atlılar” əsərləri nümayiş olunur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qoruq ərazisində şəbəkə ustası, keçəçi qadınla, daha sonra Şəki şəhərinin sakinləri ilə söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

 





06.12.2022    çap et  çap et