Vaxt.Az

14 milyon insan qaçqın düşüb


 

“Dinc əhalinin həyatda qalmaq üçü cüzi imkanları belə hücuma məruz qalır”

14 milyon insan qaçqın düşüb Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər üzrə köməkçisi Martin Qriffits, ukraynalıların Rusiyanın yaratdığı müharibə və dağıntılar səbəbindən “çox əziyyət çəkdiyini” söylədi.

Qriffits BMT Təhlükəsizlik Şurasındakı bəyanatında Rusiyanın son hücumları səbəbindən ukraynalıların qış aylarında işıqsız qaldığını və ölkədə su böhranı yaşandığını bildirib.

O, vurğulayıb ki, ukraynalılar bu “mənasız müharibə” və Rusiyanın infrastrukturlara hücumları səbəbindən çox əziyyət çəkiblər.

Qışdan çıxmaq üçün ukraynalıların yardıma ehtiyacı olduğunu vurğulayan BMT rəsmisi, qlobal miqyasda humanitar yardıma ehtiyacı olan insanların sayının gələn il təxminən 24 faiz artaraq 339 milyona çata biləcəyini söyləyib.

BMT-nin İnsan Haqları Bürosunun məlumatına görə, Ukraynadakı müharibə səbəbindən 14 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb. Bu insanların 7,8 milyonu Avropa ölkələrində olduğu halda, 6,5 milyonu ölkə daxilində daimi yaşayış yerini dəyişməli olub.

ABŞ-ın BMT-dəki səfirinin müavini Liza Karti həmçinin COVİD-19, münaqişələr və iqlim dəyişikliyi səbəbindən qlobal aclığın “hazırda ən ifrat həddə” olduğunu və Rusiyanın Ukraynadakı buğda sahələrini döyüş meydanına çevirərək qlobal qida sistemini pozduğunu izah edib.

Karti bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna infrastrukturuna hücumları “onun diplomatiya və ya barışıqda real marağının olmadığının sübutudur”.

Rusiyanın Ukraynaya hücumlarında müvəffəqiyyətli olmayacağını qeyd edən Karti, ukraynalıların “azadlıq və uşaqlarının gələcəyi üçün mübarizə apardıqlarını” və Ukraynada “ümidləri yaşatmaq üçün hər şeyi edəcəklərini” bildirib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Ukraynanın yaşayış məntəqələrinə hava hücumundan müdafiə sistemləri yerləşdirməsi səbəbindən infrastruktur sistemlərinin zədələndiyini iddia edib.

Nebenzia deyib ki, onlar Kiyev administrasiyasını “zəiflətmək” üçün çalışacaqlar, o cümlədən Ukrayna qüvvələrinin hərbi logistika və kommunikasiyaları təmin etmək üçün istifadə etdiyi infrastruktura hava zərbələri endirəcəklər.

Məqsədin Ukraynaya qarşı “xüsusi hərbi əməliyyata başlamalarına səbəb olan əsas səbəblərin aradan qaldırılması” olması lazım olduğunu bildirən Nebenzia, tərəflər arasında danışıqları davam etdirməyə “istəkli” olduqlarını vurğulayıb.

Nebenzia deyib ki, Qərb Ukraynanı silahla təmin etməklə “münaqişəni gücləndirir və Avropanı sabitsizləşdirir”.

Qərbin Ukraynaya verdiyi silahların təkcə Avropada deyil, Yaxın Şərq və Afrikada da müxtəlif terror qrupları tərəfindən ələ keçirildiyini qeyd edən Nebenzia bunun beynəlxalq sülh və təhlükəsizliyə “real təhdid” olduğunu bildirib.

 





07.12.2022    çap et  çap et