Akvarelçi rəssam kimi tanınan Hafiz Kərimovun sənətə olan marağı uşaq yaşlarından hamının diqqətini çəkmişdi. Doğulduğu Naxçıvanda müəllimi ona gələcəkdə istedadlı rəssamlardan biri olacağına inandığını demişdi. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Dekorativ-tətbiqi sənət fakültəsini fərqlənmə diplomu ilə bitirən rəssam özünü sənətin müxtəlif sahələrində sınamışdır. Təsviri sənətin dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika və başqa növləri onun yaradıcılığında özünəməxsus tərzdə təqdim olunur. Özünün də qeyd etdiyi kimi, yaradıcılığında Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Yavuz Kərimov kimi sənətkarlardan bəhrələnmiş, beləcə, sənət yolunda öz dəst-xəttini formalaşdırmağa nail olmuşdur.
Hafiz Kərimovun əsərlərində onun həssas və kövrək təbiətindən irəli gələn, rəssamı incəsənətin müxtəlif istiqamətlərinə meyilləndirən güclü lirizm özünü büruzə verməyə bilməzdi. Poeziyaya, musiqiyə olan həvəsi, təbiətə vurğunluğu gec-tez özünü təsviri sənətdə göstərdi. Akvarel texnikasına müraciət edən hər kəs yekdilliklə təkrar edir ki, akvarel rəssamlıq sənətində ən mürəkkəb və “şıltaq” boyadır. Bu, həqiqətən də, belədir. İndi isə düşünək ki, qış mənzərəsini akvarellə təsvir etmək üçün nə dərəcədə məharətə sahib olmaq lazımdır?! Bu boya bəzən kağıza o qədər yayıla bilər ki, nəticədə rəssamın ideyasına zidd bir forma meydana çıxar. Bəzən rəssamlar akvarelin məhz bu xüsusiyyətini bəyənirlər və qeyd edirlər ki, akvarel bir vuruşla özü çox şeyi həll edir... Boyadan istifadənin çətinliyinə baxmayaraq, əsl usta bu boya ilə inanılmaz möcüzələr yaradır. Zəngin rəng koloritinə malik, qrafika ilə rəngkarlıq arasında keçid mövqeyi tutan akvarel boya ilə iş nə qədər çətin olsa da, onun rəssama bəxş etdiyi zövq də bir o qədər əzizdir.
Hafiz Kərimov da şıltaq təbiətin gözəlliklərini vəsf edərkən akvarel boyalar vasitəsilə yerinə yetirdiyi geniş rəng oyunu hesabına qavrayışa təsir edən hiss yaratmağa çalışaraq dərin təəssüratlara yol açır. O, təbiəti həm də ilin müxtəlif fəsillərində təsvir etməyi sevir. Rəssamın palitrasında mövsümlər məxsusi tərzdə öz əksini tapır. Məsələn, payızın, yayın əlvan çalarları onun əsərlərində dünyamızın tamamilə fərqli bir rəng ahənginə boyanmışdır. Yağış damlaları, günəşin batması, ağacların çiçəkləməsi kimi gözəlliklərin əks olunduğu əsərlərində o, insanı real dünya ilə qarşılaşdırır, onu bir anlıq ecazkar təbiətin ağuşuna sövq edir. Müəllif “Payızın sonu”, “Qızıl payız”, “Qış. Axşama doğru”, “Payız bağları”, “Yağışdan sonra”, “Payız düşüncəsi”, “Damlalar”, “Payızın rəngləri”, “Yaz fəsli”, “Tutqun payız”, “Bahar gələndə” kimi əsərlərində fəsillərin dəyişkən ruhunu dolğun və dekorativ bir şəkildə təqdim edir. Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda təşkil olunan “Fəsillərlə mən” adlı fərdi sərgisində (2017) iştirak edənlər qeyd olunanların əyani şahidinə çevrilmişdilər.
O, qarış-qarış gəzib-dolaşdığı Vətən torpaqlarında gördüyü mənzərələri öz təxəyyülünün prizmasından keçirərək tamaşaçını təbiətdə anın çevikliyi və keçiciliyinə, onun cazibədarlığına, ritm və harmoniyasına, lirik ruhuna rəssam gözü ilə baxmağa dəvət edir. Bu mənada, “Kəndimiz”, “Xanəgah-Naxçıvan”, “Batabat”, “İstanbul”, “Bakı”, “Qəbələ”, “Bakıda Venesiya”, “Fırtınada”, “Xınalıqda”, “Lahıc mənzərəsi”, “Kənd axşamları”, “Qürub çağı”, “Şahbuzda payız” kimi tablolarında biz müəllifin müşahidələrinin məhsulu olan al-əlvan boyalarla rənglənmiş Azərbaycan torpağının zəngin təbiətinə bir daha vuruluruq. Təbiətin özəl rənglərinə bələd olan sənətkar bilərəkdən rənglərin mübaliğəsinə yol verir, yaradıcılığında yaşıl, qırmızı, sarı kimi şux boyalardan geniş istifadə edir. Mavi, yaşıl, boz, narıncı rənglərə boyanmış dağ mənzərələrinin təsviri yüksək rəng duyumlu rəssamın fırçası ilə özünəməxsus tutumda yerinə yetirilir. Belə ki, “Xınalıqda”, “Şahbuz dağları”, “Naxçıvan dağları”, “Əshabi-kəhf”, “İlandağ” adlı sənət nümunələrində adıçəkilən rənglərin fərqli tonları ritmik tərzdə bir-birini əvəz edir.
Rəssam rəngkarlığın marina janrına da müraciət etmişdir. Onun “Dənizin sakinləri” əsərinin baş qəhrəmanı Xəzər dənizidir. Kompozisiyada dənizin mavi sularının arxasından boylanan neft mədənləri havada uçuşan qağayı təsvirlərinin arasında itmişdir. Perspektiv həllinə gəlincə isə hava perspektivi üsulu ilə yerinə yetirilmiş bu əsərdə arxa plandakı neft mədənləri forma və tonallığını itirmiş, nəticədə güclə sezilir. Ümumiyyətlə, neft və neft mədənləri mövzusu Hafiz Kərimovun yaradıcılığında xüsusi yer tutur. Sənətkarın dəniz mövzusundan əlavə, təsvir etdiyi Vətənimizin sərvəti – “qara qızıl”ın əldə olunduğu sənaye mənzərələri də diqqətimizdən qaçmır. Bu, ola bilsin ki, həm də rəssamın neft sahəsində çalışması ilə də bağlıdır. Görkəmli rəssamlarımızın əksəriyyətinin yaradıcılığında rast gəldiyimiz estakadalar, dəmir konstruksiyalar, neft buruqları kimi mövzulara Hafiz Kərimovun “Zabratda neft estakadası” əsərində fərqli rakursdan baxılmışdır. Nadir hallarda rəssamlar akvarel işlərində yalnız ağ və qara rənglərdən istifadə etməklə kompozisiya yaradırlar. Bu cür fərqli və nadir xüsusiyyətləri özündə cəmləyən əsərdə rəssamın istedadını açıq şəkildə müşahidə edirik. Romantik ab-havaya bürünmüş əsər nostalji duyğular aşılayır.
Fırça ustası məhsuldar torpaqları, özünəməxsus təbiəti olan Azərbaycana xas meyvələrin, güllərin təsvirlərinə də ayrı bir məhəbbətlə yanaşmışdır. O, “Yemişan”, “Xarıbülbül”, “Narlar”, “Aldım bir dənə, açdım min dənə – Nar”, “Güllər” kimi natürmort janrında təsvir olunmuş əsərlərində də yüksək sənətkarlıq nümayiş etdirir. Rəssam “Xarıbülbül”, “Cıdır düzündə bahar”, “Xudafərin körpüsü” tabloları ilə min bir əzaba düçar olmuş Qarabağı tərənnüm edərək yaradıcılığında bu mövzuya xüsusi sevgi və qayğı ilə yanaşmışdır.
Akvarel texnikasına individual yanaşan Hafiz Kərimov yaradıcılığı boyu lirik, romantik ruhunu əsərlərində əks etdirərək sanki rəqs edən və süzülən fırça vuruşları, kompozisiya həlli, eləcə də dərin duyğu və təəssürat yaratmaq baxımından özünəməxsusluq nümayiş etdirir. Rəssamın əsərləri təkcə onu tanıyanların evlərini deyil, ölkəmizdə, eləcə də xaricə muzey və qalereyaların ekspozisiyasını bəzəyir, şəxsi kolleksiyalarda qorunur.
Bu il 55 yaşını qeyd edən Hafiz Kərimov fərdi yaradıcılıqla bərabər, pedaqoji fəaliyyətlə də məşğul olur. Rəssama cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.