İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində ölkəni qarışdıracaq qətl hadisəsi baş verib. İRNA rəsmi xəbər agentliyinin məlumatına görə, Haş şəhərinin İmam Hüseyn məscidinin sünni imamı Mövləvi Əbdülvahid Riqi dünən naməlum şəxslər tərəfindən qaçırılaraq öldürülüb.
Mövzu ilə bağlı açıqlama verən Sistan-Bəlucistan Mərkəzi Prokuroru Mehdi Şəmsabadi Əbdülvahidin dünən məsciddə olarkən nömrəsiz avtomobildə şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən qaçırıldığını bildirib.
Sünni din xadiminin qaçırıldığını eşidəndən sonra prokurorluğun göstərişi ilə təhlükəsizlik qüvvələrinə onun tapılmasının göstərişi verildiyini deyən Şəmsabadi, “Mövləvi Əbdülvahidin cəsədi bu gün Haş şəhərinin yollarından birində bədəninə üç güllə vurlumuş halda tapılıb”, – deyib.
İran prokuroru əlavə edib ki, hadisə ilə bağlı xüsusi araşdırma aparılır.
Ölkənin cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyaləti Tehranda polis nəzarətində olan gənc qadının ölümündən sonra başlayan etirazlar zamanı onlarla insanın həyatını itirdiyi hadisələrə səhnə olub.
çap et