200 milyarddan çox infrastruktur, futbol yatırımı, evdə qonşuları Səüdiyyə Ərəbistanı, İran qədər çıxış edə bilməmək... Azərbaycan futbolunda da formalaşmış “hər şey puldan asılıdır” anlayışının Qətər tərəfindən bir daha alt-üst edilməsi...
Vəsait nə qədər önəmli olsa da, futbolda hər şey maddiyyatdan asılı deyil. Olsaydı, ölkəsində müasir arenası belə olmayan Xorvatiya bu günlərə gəlib çıxa bilməzdi. Bunun Mərakeşi, yaxın keçmişdə soyuq, futbol ölkəsi sayılmayan İslandiya nümunəsi var...
Böyük futbolun öz tələbləri, incəlikləri, peşəkarlığa söykənən strateji quruculuğu, təşkilatçılığı var... Millidə autsayderliyi təmin edən önəmsiz qələbələrə 50-60 min mükafat verilir(di), hətta “önəmli” məğlubiyyətlər də diqqətsiz qalmırdı...
Dünya çempionatı fonunda ölkə futbolundakı vəziyyət, paralel baxışlar düşüncələri dəyişməli,
köhnə-yeni, doğru olan yanaşma formalaşdırmalıdır. Dolu tribunaların olması üçün meydanda keyfiyyətli futbol gərəkdir...
Bir tərəfdə futbolu dağıdıb aradan çıxanların Parisdən vurub 200 milyardlıq Qətərdə şam yeməyi fotosesiyaları, digər tərəfdə Xəzərin dalğaları önündə ideoloji qalıqların “yetişdirdikləri” 200 minlik futbolçu ordusunun boş tribunalar qarşısında 15-20 illik fəaliyyətlərinin 30 illik yubiley “inkişaf”larının qeyd edilməsi...
Azərbaycan futbolunun pul yox, böyük futbol düşüncəsi problemi var. Diletant, həvəskar özfəaliyyətlə futbol dirçələ bilməz! Üstəgəl Vətən, xalq sevgisi, niyyət saflığı olmayanda - ölkə futbolunun indiki durumu bərqərar olur!
Son günlər də futbolda yeni gündəm gündəmdən düşmür. Heç bir maliyyə problemi olmayan “Neftçi”nin daha çox pulu olsa, qışın soyuğunda günəşli sabahlar açılacaq. Hələ ki, futbolu “düşünənlərin” başı vəzifə kreslolarının qorunmasına qarışıb.
Qətərdə mundial finişə yaxınlaşsa da, Azərbaycan futbolunun qatar yollarının relsləri sıradan çıxıb, dağıdılıb. Vaqon-kabinetlər istidir, soyuq olan yaşıl meydanlardakı keyfiyyətsizlik, ümidsizlikdir. Futbol təsərrüfatının rahat vəzifə yolları finallara yox, fərqli yerlərə aparır...
Azərkeşlərin coşdurduğu tribunalar, həsrətlə gözlədikləri böyük futbol olmasa da olar.
Əsas, qatarsız təyyarə reyslərinin, otellərin, yeməklərin sifarişi, stadionların “malalanması”, hər yarım ildən bir dəstə-dəstə futbolçunun gətirilib yola salınması, kök salmış ideoloji “alaq”ların təmizlənməsinə imkan verilməməsidir...
Futbol yaddan çıxıb, kabinet oyunları davam edir. Bunun üçün dərin futbol biliyinə ehtiyac yoxdur. Kim(lər) gedəcək, kim(lər) qalacaq, kim(lər)ə yaxşı olacaq... Zaman göstərəcək... Təki futbol relsləri düzəlsin, təzə sürət qatarı Azərbaycan futbolunu layiq olduğu finallara, “Neftçi” daxil klublarımızı Avropa qruplarına daşısın...