Vaxt.Az

Şiəliyin əvvəli sufilikdən gəlir


 

Farslar bu təriqəti necə özəlləşdirdi?

Şiəliyin əvvəli sufilikdən gəlir Şiəliyin iki dövrünü bir-birindən ayırmaq lazımdır:

1. Türk məfkurəli Qızılbaş şiəliyi,

2. Fars məfkurəli on iki imam şiəliyi.

İlk Qızılbaş şiələrinə Təkəli, Əfşar, Qacar, Zülqədər, Qaradağlı, Bayat, Qaramanlı, Alpaut, Ərəşli və s. kimi tamamilə türkdilli tayfalar daxil idi, bunların arasında yeganə irandilli xalq talışlar idi. Şah Abbasın dövründə sarayda yüksək mənsəb sahibi olan farslar sünni Osmanlılarla yaşanan məğlubiyyətlərin səbəbi kimi türkdilli Qızılbaş tayfalarını hədəfə aldılar və Şah Abbasın dəstəyi ilə bu tayfalar imperiyanın ucqarlarına Əfqanıstan, İraq və s. ərazilərinə sürgün edildi. 

Farslar Qızılbaş şiəliyini on iki imam şiəliyi ilə əvəzləmək üçün Qızılbaşların sufi kimliyinə hücum etdilər. Bundan ötrü XII əsrdə yaşamış fars alimi Cəmaləddin əl-Murtaza ər Razinin “Təbsiratül-Avam fi marifəti makalatil-ənam” kitabına üz tutdular ki, Razi bu kitabda təsəvvüfü, sufiliyi tənqid və inkar edirdi. Əsas kimi də sələfi X əsrdə on iki imam şiəliyinin lideri Şeyx Əl-Mufidin örnək verdiyi onuncu imam Əli Hadinin və səkkizinci imam Əli Rzanın sufilər haqqında sözlərinə istinad edirdi. İmam Əli Hadi sufilər haqqında deyir: “Kim sufi olduğunu iddia edərsə, ya fırıldaqçıdır, ya azğındır, ya da avamdır”. İmam Əli Rza isə sufilərə olan düşmənliyini bu cümlə ilə bildirir: “Kim bir sufinin adını eşidib, dili və qəlbi ilə onu rədd etməzsə, o, bizdən deyildir. Kim sufilərin əleyhinə danışıb, onları tənqid edərsə, onun rəftarı Allahın Rəsulu ilə birlikdə kafirlərə qarşı vuruşmağa bərabərdir”. 

Razinin bu kitabında sufi inancının əsasları darmadağın edilir. Məsələn, Razi yazır, sufilər cənnəti və cəhənnəmi inkar edib birbaşa allahın özünə vasil olacaqlarını iddia edirlər. Halbuki Məhəmməd peyğəmbər dua edirdi ki, Allah onu öz cənnəti ilə mükafatlandırsın. Yəni Razi deyir ki, bu sufilər nə matahdılar ki, peyğəmbər qala-qala bunlar birbaşa allaha vasil olmaq (vüsala qovuşmaq) istəyirlər?

On iki imamçı şiə düşüncəsi təsəvvüfü sünnilərin inancı hesab edirdi. Razinin yuxarıda adını zorla çəkdiyim kitabı da “Sufilər sünnilərdir…” sözləri ilə başlayır. Hətta şiə Mənsur Həllacın Qumdan qovulub Bağdadda edam edilməsində də təsəvvüfə düşmən olan imamiyə liderləri Əbu Səhlin və Şeyx Əl-Mufidin əli var idi.    

Şah Abbasın yan-yörəsindəki farslar sufiliyi hədəf almaqla bir oxla iki düşmən vurmuşdular: Həm II Bəyazidin dövründən başlayaraq rəsmi sənədlərdə “sufi”, “sufî tayfası”, “Ərdəbil sufiləri” adlandırılan Qızılbaşları gözdən salmışdılar, həm də sünni Osmanlı türklərinin düşmən obrazını yaratmışdılar. Bu fundamental-ideoloji fars düşmənliyinin nəticəsində Səfəvilər Osmanlılarla “Çaldıran”dan sonra daha yeddi dəfə qanlı savaşa girdilər və Səfəvi dövləti tarixdən silindi.   

Təsəvvüfün özünə gəlincə, onun fəlsəfəsinin islamla heç bir əlaqəsi yoxdur. İslam, sadəcə, (bütün dinlərə lazım olan) mistik güc kimi təsəvvüfü mənimsəyib özününküləşdirmişdi.

 





11.12.2022    çap et  çap et