Beş-altı ay əvvəlki şərhlərlə müqayisədə fərqlər nələrdir, bilirsiniz? Əvvəllər, ruslar İNKAR edirdi. Rusiya və Putin əleyhinə deyilən hər şeyi, gətirilən hər arqumenti inkar. Razılaşmama. Qəbul etməmə. İndi isə çox əcaib bir dəyişiklik baş verib – razılaşırlar amma... “ƏCƏB EDİRİK” ədasında.
Elə bir hədd var ki, üstünə sel kimi gələn məntiqli arqumentlər qarşısında zalım, haqsız yorulur. Təngə gəlir. Bezir və bu ritorikaya keçir: “Ala əcəb edirəm, hə, mən beləyəm. Sonra?” Bu yorğunluq başadüşüləndir, uzun zaman dirəşmək olmur, çünki gülməli göründüklərini özləri də başa düşürlər. Beləliklə də, “əcəb edirik, biz beləyik” ritorikası gülməli, zəif və aciz görünməkdən daha ağlabatan, komfortlu görünür. Amma hər şey bu qədər sadə də deyil, çünki bu, bir növ şizofrenik haldır.
Az əvvəl rusiyalı professor Andrey Zubovun (Polşaya qaçıb) müsahibəsinə baxdım. Altında rusların yazdığı şərhlər dəhşətlidir. Cümləyə diqqət! “Россию не исправить! Даже не пытайтесь! Мы такая Россия и будем такой всегда!” (Rusiyanı düzəltmək olmaz. Cəhd etməyin. Biz beləyik və hər zaman belə qalacağıq). Sizə nəyisə xatırlatdı? Bir müddət əvvəl rusiyalı hərbi müxbir nə demişdi? “Öldürəcəyik, zorlayacağıq, qətlə yetirəcəyik! Yəni hər şey bizim sevdiyimiz kimi olacaq. Tanrı bizimlədir”. Bu, siqnal idi ki, narrativ dəyişir, bundan sonra inkar və özünə bəraət olmayacaq - qatilik, təcavüzkarıq, qarətçiyik.
Olduqca təhlükəli fazadır. İnkar edən çox zaman bixəbərliyindən, bilgisizliyindən inkar yolunu seçmir. İnkar edən əksər hallarda dəhşətli reallığı yaxın buraxmamaq, razılaşmamaq üçün inkar edir. Vicdan ağrısından inkar edir. Deməli, xəstənin müalicəyə müsbət cavab vermək ehtimalı qalır, ümid itməyib.
“Bəli, qatilik, təcavüzkarıq, qulduruq, əcəb edirik” ritorikası isə ümidin qalmadığına işarədir. Beləsinin başı əzilməlidir. Başqa yolu yoxdur. Bir daha deyirəm, bu ritorika kütləvi hal alıb. Həvəsiniz varsa şərhləri oxuyun.