Lakin bir məqamı etiraf etmək lazımdır ki, Heydər Əliyev barəsində yazan, yaradan hər bir müəllif ən yaxşı halda onun portretinin bir neçə cizgisini, fəaliyyətinin bir neçə istiqamətini dolğun əks etdirməyə müvəffəq olur. Çünki Heydər Əliyev o qədər böyük şəxsiyyət və dövlət xadimi idi ki, onu bir kitabda, filmdə, musiqi və təsviri sənət əsərində tam və bitkin şəkildə təsvir etmək, sadəcə, mümkünsüzdür...
O, birincilik üçün yaranmışdı. Bu keyfiyyətlər onda fitrətən vardı. Onun liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü bariz şəkildə göstərmişdi. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində, mərkəzi hökumətdə yeganə azərbaycanlı, türk olaraq təmsil olunanda da onun liderliyi bariz idi. Təsadüfi deyil ki, üstündən illər ötəndən sonra da keçmiş SSRİ-nin müxtəlif bölgələrində – sıravi işçidən akademikədək – hər kəs onu ehtiramla anır. Məhz Heydər Əliyevin Kremldə, “Politbüro”da hamıdan üstün, bacarıqlı, işgüzar və istedadlı olması səbəbindən baş katib Mixail Qorbaçov onu 1987-ci ildə istefaya göndərmişdi. Çünki o, Heydər Əliyevlə müqayisədə, onun bacarıq və qabiliyyəti qarşısında zəifliyini görürdü...
***
Heydər Əliyev orta məktəb illərində teatra maraq göstərmiş, hətta bədii özfəaliyyət dərnəyində Hamleti oynamışdı. Sonra o, aktyorluq sənətinin ardınca getmədi, amma özünün ən böyük tarixi rolunu doğma xalqının, Azərbaycanın həyatında oynadı. Həyatı boyunca dəfələrlə Şekspirin qəhrəmanının dilemması ilə üz-üzə dayanmış və hər dəfə bu mübarizədən qalib çıxmışdı. 1993-cü ilin iyununda xalq kömək üçün ona üz tutanda Azərbaycan dövlətçiliyi də “olum, ya ölüm” sualı ilə üz-üzə idi. O, tarixi qərarını verdi, ölkəyə rəhbərliyə qayıtdı, sabitlik yaratdı, gənc respublikanı inkişaf yoluna çıxardı, onun dünya birliyində layiqli yer tutması üçün əlindən gələni etdi.
***
O, ali məktəbdə öncə memarlıq, sonra isə tarixçi təhsili almışdı. Lakin memar peşəsində işləmədi, tarixçi də olmadı. Bununla belə, o, siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirdi: müstəqil Azərbaycan dövlətinin memarı oldu, ən yeni tariximizi isə öz əməlləri ilə yazdı. “Müstəqil Azərbaycan dövlətçiliyi Heydər Əliyevin şah əsəridir” – bu, Heydər Əliyevin qurduğu dövlətin potensialına bələd olan, bu dövlətlə hesablaşan əcnəbilərin də etirafıdır. O, Azərbaycana rəhbərlik etdiyi və böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə xalqın taleyində tarixi rol oynayıb. Azərbaycanın hər bir bölgəsində onun quruculuq fəaliyyətinin izləri var.
***
Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı. O deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib...”.
Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəyi dəfələrlə təsdiqləyib. 1994-cü ilin oktyabrında Azərbaycan dövlətçiliyi çevriliş cəhdi ilə silkələnəndə Heydər Əliyev xalqa müraciət etdi, onu Azərbaycanın müstəqilliyinin müdafiəsinə çağırdı. Həmin müraciətdən dərhal sonra minlərlə insan gecəyarısı Prezident Sarayının qarşısına toplaşdı, ona dəstəyini nümayiş etdirdi.
2003-cü ilin 12 dekabrında uzaq Klivlenddən gələn məşum xəbərin səhərisi yenə minlərlə insan həmin ünvana üz tutmuşdu. Bu dəfə onları Prezident Sarayının qarşısına heç kim çağırmamışdı. İnsanları həmin ünvana Heydər Əliyevin adı toplamışdı. Prezident Sarayının qarşısına düzülən gül-çiçək dəstələri xalqın öz rəhbərinə ehtiramının nümayişi idi. Onun vəfatı Azərbaycan Respublikasının sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımızı, dünya azərbaycanlılarını da hüznə bürümüşdü. O, bütün azərbaycanlıların lideri idi və prezidentliyi illərində dünyadakı azərbaycanlıların təşkilatlanması, Azərbaycanın tarixi gerçəklərinin, milli mədəniyyətimizin dünyada geniş yayılması üçün səylərini əsirgəmirdi.
Heydər Əliyev Azərbaycanın dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanı – azərbaycançılıq məfkurəsini də dövlətçiliyin aparıcı vektorlarından birinə çevirdi. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda böyük azərbaycanlı idi. Heydər Əliyev Azərbaycanın Türk dünyasında özünə layiqli yerini tutması, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Bütün bunlarla yanaşı, Heydər Əliyevin “azərbaycançılığı” milli ideya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi və dünya azərbaycanlılarının həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir. Azərbaycançılıq Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü ideoloji sipər oldu. Bu ideologiya Heydər Əliyevin böyük vətəndaş hünərinin göstəricisidir və dünya azərbaycanlılarının tarixi Vətən – Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir.
“Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, – Heydər Əliyevin 2001-ci ildə dünya azərbaycanlılarının qurultayında söylədiyi bu sözlər, onun müdrik siyasəti kimi, zamanın sınağından uğurla çıxmaqdadır.
***
Heydər Əliyevin vəfatından 19 il ötür. Bu illərdə onun yoxluğu hər nə qədər hiss olunsa da, banisi olduğu müstəqil Azərbaycan inkişaf edib, güclənib və bu dövlətin hər nailiyyətində onun varlığı, uzaqgörən siyasi kursu özünü göstərib. Bu yolu layiqincə davam etdirən, uğurdan uğura daşıyan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevdən qalan ən böyük miras onun qurucusu olduğu müasir Azərbaycan dövlətidir. O, başladığı, amma ömür vəfa etmədiyi üçün başa vura bilmədiyi işlərin özü qədər inandığı varisi tərəfindən, onun liderliyi və bacarığı sayəsində sona çatdırılacağına inanırdı, buna əmin idi. Bu dünyadan da o, inamla köçdü.
Ötən illərdə təməlində Heydər Əliyevin imzası olan neçə böyük layihə gerçəyə çevrildi. 2020-ci ilin 8 Noyabr Zəfəri ilə isə Azərbaycan dövləti müzəffər Ali Baş Komandanı və rəşadətli Ordusu ilə Heydər Əliyevin ən böyük arzusunu və vəsiyyətini yerinə yetirdi. Azərbaycan ərazi bütövlüyünü təmin etdi.
Tarix, əslində, Heydər Əliyevə bir dövlət adamı, böyük vətənpərvər və dahi azərbaycanlı kimi öz qiymətini verib. Bundan sonra da verəcək. Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin miqyasını, dəyər və əhəmiyyətini zaman ötdükcə daha aydın hiss edirik. Heydər Əliyevin dühası, onun siyasət məktəbi və dövlətçilik kursu tariximizin bundan sonrakı mərhələlərində özünü daim göstərəcək. Azərbaycan dövləti hələ uzun illər öz inkişafında o dühadan bəhrələnəcək...