Vaxt.Az

Bələdiyyəyə vergi ödənilməlidirmi?


 

Onların hüququ var, vətəndaşların isə vəzifəsi yoxdur!

Bələdiyyəyə vergi ödənilməlidirmi? Son zamanlar bələdiyyələr torpaq mülkiyyətçilərindən torpaq vergisinin, bina və mənzil mülkiyyətçilərindən isə əmlak vergisinin ödənilməsini tələb edirlər. Düzdür, Vergi Məcəlləsinin 8-ci maddəsinə görə bələdiyyə vergilərinə fiziki şəxslərin torpaq və əmlak vergisi aiddir. Məcəllədə həmin vergilərin dərəcələri də təsbit edilib. Amma 4.4-cü maddədə o da vurğulanıb ki, bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir (“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 10-cu maddəsində də belə müddəa var). Başqa sözlə, hər bələdiyyə ərazisində tutulan verginin dərəcəsini müəyyən etməlidir. Bələdiyyələr bunu hansı hüquqi aktda müəyyən etməlidir?

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3-cü və 4.1.6-cı maddələrinə əsasən bələdiyyələrin əhali üçün məcburi qərarları normativ xarakterli akt formasında rəsmiləşdirilməlidir. O cümlədən həmin akt 78-ci maddəyə uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Lakin Azərbaycan bələdiyyələrinin indiyədək həmin Reyestrə daxil etdikləri lakin bir akt var – nizamnamələri.

Beləliklə, Vergi Məcəlləsi yerli (bələdiyyə) vergiləri nəzərdə tutsa da, hətta onların yuxarı həddini də müəyyən etsə də, bələdiyyələr sırf özlərinə münasibətdə bu cür vergiləri normativ xarakterli aktlarında təsbit etməmişlər. Buna görə də vətəndaşlar həmin vergini ödəmədiyi təqdirdə bələdiyyələr qanuni alətlərlə heç nə edə bilməzlər. Vətəndaş bələdiyyənin normativ xarakterli aktının mövcud olmadığı səbəbindən məsuliyyətə cəlb oluna bilməz.

Hüquqi savadsızlığın və etinasazılığın bədəli budur! Zatən bu, nəticə olaraq bələdiyyələrimizin yeganə problemi deyil...

 





13.12.2022    çap et  çap et