Vətəndaş cəmiyyətinin təmsilçiləri haqlı olaraq Rusiya “sülh məramlıları”nın müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir və həmin yataqlarda monitorinq aparılmasına mane olan “sülhməramlı”ların komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Lakin 24 saatdan çoxdur fasiləsiz olaraq davam edən aksiya iştirakçılarının ən azı Volkovla görüşmək istəyi hələlik, baş tutmayıb və rus generalı Azərbaycan QHT-ləri və ekoloqlarını dinləməkdən nümayişkarcasına imtina edir.
Dünən, yəni dekabrın 12-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın Prezidenti İlham Əliyevə zəng edərək indiyə kimi imzalanan Üçtərəfli Bəyanatların icrası vəziyyətini müzakirə etməsi fonunda general Volkovun hələ də QHT-lərlə görüşə gəlməməsi onu göstərir ki, Rusiya Azərbaycan vətəndaşlarının haqlı tələblərini yerinə yetirməkdə nəinki maraqlı deyil, tam əksinə, Laçın-Xankəndi yolunu bağlayaraq vəziyyəti daha da dramatikləşdirməklə dünya ermənilərini Azərbaycana qarşı daha aqressiv olmağa sövq edir, bununla da, bölgədə qarşıdurmanı və etnik nifrəti süni şəkildə körükləməyə, “sülhməramlı”ların “ömrünü” uzatmağa çalışır.
Hətta, istisna olunmur ki, Rusiya “sülh məramlılar”ı dinc aksiyaçılara qarşı yerli radikal ermənilərdən istifadə etməklə təxribat törədə və müəyyən insident yaratmaqla hadisələri beynəlxalq müstəviyə çıxarmağa və ermənilərin “yeganə xilaskarı” kimi beynəlxalq status qazanmağa cəhd edə bilər. Hadisələrin bu cür inkişafında Ermənistanın da maraqlı olacağı bəllidir.
Ona görə də etiraz aksiyasında iştirak edən vətəndaş cəmiyyətinin nümayəndələri vəziyyətin həssaslığını nəzərə almalı, mümkün təxribatlara imkan verməməli, daha səbirli və daha ehtiyatlı davranmalıdırlar.
Şübhəsiz ki, Azərbaycan QHT-ləri öz doğma və suveren ərazilərində davam edən ekoloji terrorun qarşısını almaq üçün başlatdıqları etiraz aksiyalarını sona qədər, tələbləri yerinə yetirilənədək davam etdirəcəklər.
İndiki dönəmdə, bu şərəfli vəzifə məhz ölkə QHT-lərinin üzərinə düşüb və əminəm ki, QHT nümayəndələri bu vəzifənin öhdəsindən layiqincə gələcəklər.