Yaponların çempionata ilk gəlişi düz 60 il əvvələ təsadüf edir - 1964-cü ildə çempionatda debüt edən şərq ölkəsi bir ildən sonra ilk qələbəsinə sevindi. Riçi Qinter Meksikada finiş xəttini birinci keçməklə yeni brendi dünyaca məşhur etdi. İki il sonra Con Sörtizlə ikinci qələbəsini qazanan yaponlar gözlənilmədən 1968-ci ilin sonunda çempionatı tərk etdilər...
“Honda”nın çempionata ikinci gəlişi artıq turboerada reallaşdı – 1983-cü ildə zəif komandalardan biri ilə eksperiment edən mühəndislər, 1984-cü il üçün Uillyams komandası ilə müqavilə imzaladılar və Keke Rosberq Dallasda motorçulara ilk qələbəni qazandırdı. Növbəti mövsümdə Keke və Naycel Mansell mövsümün son 3 yarışını qələbə ilə başa vurdular. 1986-cı ildə Mansell və Nelson Pike son yarışadək titula namizəd olsalar da, Avstraliyada sevinən tərəf MakLaren olmuşdu. Amma Nelson Pike 1987-ci ildə “Honda”ya ilk titulu qazandırdı. Bu zaman yaponlar artıq Lotusla da çalışrıdılar və yeni tərəfdaş kimi MakLareni seçdilər.
MakLaren və “Honda” alyansı “Formula-1”in qızıl dövrü hesab olunur. Xüsusən də ilk iki ili Senna və Prostun mübarizəsi bəzəmişdi - nəticədə motorçuların ardıcıl 4 titulu (Pikenin də titulunu saysaq ardıcıl 5) tarixə yazıldı və 1992-ci ildə yenidən gözlənilməz qərar: “Honda” çempionatı tərk edir...
Düzdür, bu dəfə onların qayıdışı daha tez oldu - 2000-ci ildə BAR komandası yeni çağırış idi, amma uğursuz çıxışlar 2006-cı ildə istehsalçını komandanı almağa məcbur etdi, hələ üstəlik törəmə bir komanda da gətirdilər çempionata. Elə həmin il Macarıstanda Censon Batton şirkətə 40 illik fasilədən sonra 3-cü və hələlik sonuncu qələbəni qazandırdı. Ross Braunun komandaya gəlişi yeni reqlament ərəfəsində uğurlar vəd etsə də, şirkət yenə də çempionatdan getməyə qərar verdi və komandanı Rossa cəmi 1 dollara satdı...
Yeni hibrid turboeraya keçid isə yaponlar üçün bir daha çempionata qayıtmaq fürsəti verdi - 2015-ci ildə MakLarenlə qayıdan alyans bu dəfə həddindən çox uğursuz alındı və 2018-ci ildə Toro Rosso ilə, növbəti mövsümdə isə “Red Bull”la müqavilələr imzalandı. Əvvəlcə ilk podium, daha sonra isə ilk qələbə gəldi. 2021-ci ilin dramatik son yarışındakı qələbə ilə titul qazanılsa da, şirkət yenə də... çempionatdan getmək barədə qərar qəbul etmişdi )))
Düzdür, dondurulmuş reqlamentə görə hazırda çempionatın 4 maşınında “Honda” güc qurğusu çalışır, amma brend olaraq onlar çempionatda yoxdurlar. İndi isə elan olundu ki, onlar qayıdırlar. Düzdür, hələ dəqiq bilinmir necə və kiminlə? Bəlkə elə öz komandaları ilə qayıdacaqlar...