Vaxt.Az

34 il əvvəl və indi


 

Moskva Topxana meşəsinin qırılmasına etirazları və onun nəticələrini yada salmalı, dərs çıxarmalıdır

34 il əvvəl və indi Azərbaycanın bir qrup QHT fəalı və ekoaktivistin ölkəmizin suveren ərazisində ekologiyaya ziyan vurulmasının, ekoloji fəlakətin qarşısının alınması üçün monitorinq aparılmasına imkan yaradılmasını, buna mane olmaq cəhdlərinin isə qarşısının alınmasına etiraz olaraq Gorus-Xankəndi yolunu bağlaması 34 il əvvəl noyabr ayında baş vermiş hadisələri xatırladır. 1988-ci il noyabrın 17-də yüzminlərlə insan Bakının Azadlıq meydanına toplaşaraq, Şuşa yaxınlığındakı Topxana meşəsinin qırılmasına və ərazidə Ermənistanın Kanaker alüminium zavodunun işçiləri üçün pansionatın tikilməsinə etiraz bildirmişdilər.

Noyabrın 17-dən etiraz çıxışı fasiləsiz mitinq və nümayişə çevrildi. Meydan hərəkatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv olunması, Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi tələbləri irəli sürüldü. Hətta ilk dəfə “suverenlik”, “azadlıq” şüarları səsləndirildi. Mitinqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı.

Minlərlə soydaşımızın toplaşdığı Azadlıq meydanında mitinq iştirakçılarının tələbləri belə idi:

– Topxana meşəsinin qırılması dayandırılsın;

– Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun;

– SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa bizim deputatlar geriyə – Respublikaya qayıtmasınlar.

Bu gün də Azərbaycan QHT fəallarının tələbləri bənzərdir. Tarix təkrarlanır...

Əslində Bakıda insan seli yalnız Topxana meşəsində yaranmış ekoloji vəziyyətə deyil, həm də Dağlıq Qarabağ ətrafında Moskva və Yerevanın oynadığı oyuna etiraz idi. Noyabrın 20-də SSRİ Baş prokuroru Aleksandr Suxarev Qarabağa, sonra isə Yerevana gəlir.

Onun tələbi ilə noyabrın 21-də SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Dağlıq Qarabağdakı nümayəndəsi Arkadi Volski Topxana meşəsindəki bütün tikinti işlərini qadağan edir. Ardınca, meşənin ekoloji vəziyyətini təftiş etmək üçün Topxanaya SSRİ İnşaat İşləri üzrə Dövlət Komitəsi və SSRİ Təbiətin Mühafizəsi üzrə Dövlət Komitəsinin nümayəndələri gəlir.

Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Milli Azadlıq Hərəkatına çevrildi. 1988-1991-ci illərin Milli-Azadlıq Hərəkatı Azərbaycanda müstəqillik aktının (18 oktyabr, 1991-ci il.) qəbul olunması ilə nəticələndi və Azərbaycan ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.

Azadlıq meydanında çatılan tonqallar tək gecənin soyuğunu dəf etmək üçün deyildi, həm də hər bir azərbaycanlının qəlbində qurulan azadlıq tonqalı idi. Onun qığılcımları isə çoxdan onların azadlıq eşqini alovlandırmış, “bu yolda öldü var, döndü yoxdur” qənaətini yaratmışdı.

Bəli tarix təkrarlanır... Rusiya Sülhməramlı kontingentinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış dövlət sərhədləri daxilində və yurisdiksiyası altında olan ərazilərində mis-molbiden yataqlarının istismarı zamanı ətraf mühitə ziyan vurulmaması məqsədilə dövlət orqanlarının monitorinq keçirməsinə mane olması, müvafiq imkan yaratmaması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Birləşmiş Millətlər Təşkilatı sülhməramlı fəaliyyətində üç əsas prinsipi rəhbər tutur: tərəflərin razılığı; qərəzsizlik; özünümüdafiə və mandatın müdafiəsi istisna olmaqla güc tətbiq etməmək. Rusiya Sülhməramlı kontingenti isə bu prinsipləri rəhbər tutmur və Azərbaycan Ermənistan, Rusiyanın imzaladığı 10 noyabr Bəyanatının müəyyən etdiyi öhdəlikləri yerinə yetirmir. Sözügedən Bəyanatda nəzərdə tutulur ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Yəni sülhməramlıların məsuliyyət zonasında yalnız müvəqqəti yerləşdirilmiş rus hərbçiləri qalmalı idilər. Reallıqda isə ruslar yenidən özünümüdafiə, polis qüvvələri adı altında qeyri-qanuni erməni biləşmələrini gücləndirməyə səy göstərirlər, lap 34 il əvvəl olduğu kimi.

34 il əvvəl Azərbaycandan başlayan impulsla SSRİ-nin dayaqlarının zəifləməsi davamlı xarakter aldı. Tarixi kontekst də oxşardır. 1989-cu ildə SSRİ-nin Əfqanıstanı işğal etmək cəhdlərinin uğursuz olduğu etiraf edilmişdi, Moskva ABŞ və NATO ilə rəqabəti, döyüşü uduzmuşdu. 1988-ci ildə SSRİ kontingentinin Əfqanıstan çıxarılması barədə saziş imzalanmışdı. Bu gün də Rusiyanın Ukraynanı işğal etmək planları boşa çıxdı, ruslar artıq işğal etdikləri Xerson vilayətindən geri çəkiliblər. Moskva yenə uduzan və təcrid olunan tərəfdir. Belə bir şərait və kontekstdə yenidən Azərbaycan xalqına qarşı məkrli planlar, ümumxalq etirazlarının başlamasına zəminlər yaradılması Kreml üçün daha bir tarixi məğlubiyyət perspektivindən başqa heç nə vəd etmir...

 





13.12.2022    çap et  çap et