Vaxt.Az

Yaşıl dəhliz niyə işləmir?


 

“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti

Yaşıl dəhliz niyə işləmir? Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Gömrük tarifi haqqında” Qanuna təklif edilən dəyişikliklər müzakirə olundu. Qeyd etmək lazımdır ki, dəyişikliklər mütərəqqi əhəmiyyət daşıyır, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunmasını nəzərdə tutur. İndiyədək bu bir neçə gün zaman tələb edirdi. Eyni zamanda, gömrük dəyərinin müəyyənləşdirilməsinə də ən çoxu 24 saat lazım olacaq. Bəyannamələr həm kağız, həm də elektron formada təqdim olunacaq.

Çıxışlarda gömrük xidməti ilə bağlı bir sıra məqamlara toxunulub. Sahibkarlar üçün gömrük xidmətindən istifadə edən zaman ən mühüm meyarlar daha az günün tələb olunması və xərclərin azlığı olur. Amma Dünya Bankının son hesabatı göstərir ki, Azərbaycanda gömrük xidməti üzrə bu meyarların təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, ixrac üçün tələb edilən xərc Azərbaycanda 214 dollar olduğu halda, bu məbləğ Avropa və Orta Asiya regionunda 150, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (OECD) üzv ölkələrdə 136 dollardır. Uyğun olaraq idxal üçün Azərbaycanda 300, regionda 159, OECD ölkələrində 98 dollar tələb olunur. Bu isə deməkdir ki, yeni dəyişikliklər günlərlə yanaşı, xərcin də məbləğini azaltmalıdır.

Qeyd olunan digər məqam gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı olub. Bütövlükdə, gömrük dəyərinin müəyyənləşdirilməsində subyektivliyin aradan qaldırılması vacibdir. Bu meyarların institutlaşması və daha çox qanunverici norma kimi tənzimlənməsi məqsədəuyğundur. Bu gömrük proseduralarının daha da sadələşdirilməsinə səbəb ola bilər. Məsələn, dünyanın ən böyük pərakəndə satış şəbəkəsi olan “Wall Mart” çox həcmli sifarişlər əsasında daha ucuz məhsulları idxal edə bilir. ABŞ-da gömrük dəyəri prinsipindən istifadə olunsaydı, o zaman “Wall Mart” kimi şəbəkələr inkişaf edə bilməzdi.

Digər məqam Gömrük xidmətlərinin fiskal deyil, daha çox iqtisadi və təhlükəsizlik funksiyaları yerinə yetirməsi ilə bağlı oldu. Belə ki, ABŞ-da hazırda ümumi fiskal gəlirlərin yalnız 3.3, Avropa İttifaqında 1.2 faizi gömrük gəlirlərinin payına düşür. İnkişaf etmiş ölkələr üçün artıq gömrük sisteminin fiskal funksiyası aparıcı hədəf deyil.

Çıxışlar zamanı Hava Limanlarında yaşıl dəhlizin real işləməməsi məsələlərinə də toxunulub. Belə ki, bir sıra şəhərlərdən Bakıya təyyarə ilə səfər edənlərin hamısının qırmızı dəhlizdən istifadə etməsi tələb olunur. Belə olan halda yaşıl dəhlizə nə ehtiyac var? Ölkəyə gələn əcnəbi üçün ilk münasibət çox önəmlidir. Vətəndaşlarımızın rahat keçidi ilə yanaşı bu baxımdan da yaşıl dəhlizin funksiyalarının tam bərpa olunması vacibdir.


 





13.12.2022    çap et  çap et