Ermənistan ixracının 40 faizinə yaxınını mədən sənayesi məhsulları, büdcəsinin isə 20 faizinə yaxınını bu sahədən gələn birbaşa və dolayı vergilər təşkil edirdi – 2020-ci ilin məlumatlarına görə bir tək Zəngəzur mis-molibden kombinatının da daxil olduğu “Qeopromayninq” şirkətlər qrupu vergilər şəklində Ermənistan büdcəsinə 317 milyon dollar vəsait ödəmişdi. Bu şirkətlər qrupu və ümumən Ermənistanda və işğal altında olan bizim torpaqlarda fəaliyyət göstərən mədən sənayesi şirkətlərinin tamamına yaxını Rusiya kapitalıdır, Rusiyaya məxsusdur, Rusiyanın “VTB” bankı Ermənistanda ən çox kredit verdiyi biznes sahəsi də məhz Rusiyaya məxsus mədən sənayesi şirkətləridir. “Qeopromayninq” şirkətlər qrupunun rəhbəri Rusiya vətəndaşı Roman Xudoliydir.
Azərbaycanın hələ də işğal altında, “rusməramlı” qüvvələrin müvəqqəti nəzarətində olan mədənlərdə bu gün də Ermənistana emal üçün göndərilən filizlər çıxarılır, bundan başqa, hələ dəqiqləşdirilməsinə ehtiyac olan bəzi məlumatlara görə Rusiyaya yaxın qruplar həmin mədənlərdə kriptovalyuta “mayninqi” ilə qeyri-qanuni olaraq məşğul olurlar.
Yəni, bu gün təbii resurslarımıza nəzarətin bərpa olunmasına cəhdlər həm də Rusiyanın, Kremlin birbaşa dəstəklədiyi qondarma rejimin iqtisadi maraqlarına zərbədir. Həmin mədənlərdən çıxarılan filizlər, nadir metallar bu gün dünyanın enerji keçidinin sürətlənməsinə görə çox bahalaşan və lazım olan metal növləridir - məsələyə bu yöndən də baxmaqda yarar var.
Amma təbii ki, bir tək “rusməramlıların” müvəqqəti nəzarətində olan torpaqlarımızda deyil də, ölkənin tamamında təbii sərvətlərin çıxarılmasında şəffaflıq olmalı və ekoloji standartları təmin edilməlidir, bu sahədə olan inhisarçılıq, məlumatların gizlədilməsi, korrupsiya halları yolverilməzdir...