Tədbir Ümummilli liderə həsr olunmuş foto və kitab sərgisinin açılışı ilə başlayıb. İştirakçılara Heydər Əliyevin mənalı həyat və fəaliyyəti ilə bağlı məlumat verilib.
Tədbirdə nümayiş etdirilən qısa filmdə Heydər Əliyevin TÜRKSOY-la bağlı fikirləri və təşkilatın rəhbərliyi ilə keçirtdiyi görüşlər əksini tapıb.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, TÜRKSOY-un baş katibi Sultan Raev, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Əttar, digər deputatlar, ziyalılar, Türkiyə və Azərbaycandan olan elmi və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Baş katib Sultan Raev açılış nitqində Ümummilli liderin TÜRKSOY-un yaranmasında rolunu və təşkilata göstərdiyi xüsusi diqqətdən danışıb: “Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmasından Heydər Əliyevin ruhunun şad olacaq”.
Səfir Rəşad Məmmədov bildirib ki, Heydər Əliyev adının əvvəlində “Ulu öndər” və “Ümummilli lider” deyilməsinin çox səbəbləri var: “Heydər Əliyev Azərbaycanın ən ağır günlərində dövlətimizin başına gəldi, savaşı dayandırdı, neft müqavilələrinə imza atdı, daxili və xarici siyasəti tənzimlədi, Türkiyə-Azərbaycan münasibətlərinin möhkəm əsası Heydər Əliyev tərəfindən qoyuldu, Şuşa Bəyannaməsinin imzalanması da onun zəhmətinin bəhrəsidir. Xoşbəxt insanam ki, Heydər Əliyevlə bir neçə dəfə görüşmək mənə də nəsib olub. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksələn ilk türk-müsəlman şəxsiyyət idi”.
Ankara Universitetinin rektoru Necdet Ünüvar Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, 2003-cü ildə Heydər Əliyevlə çox önəmli görüşü olub. Səhhətindəki problemlərə rəğmən 45 dəqiqəlik görüş müddətində Heydər Əliyev Türk dünyası ilə bağlı onlarla fikir mübadiləsi aparıb.
TMBB-nin deputatı Şamil Ayrım da Heydər Əliyevlə dəfələrlə görüşdüyünü deyib: “Heydər Əliyev Atatürkü hər zaman ehtiramla anıb. Ən son çıxışında da “Mustafa Kamal Atatürkün yolu ilə gedən qəhrəman türk xalqına eşq olsun”, – deyə bildirmişdi”.
Millət vəkili Əhliman Əmiraslanov qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyəti bir fədakarlıq nümunəsi idi, onun mirası isə bugünkü müasir Azərbaycandır. Deputat Hikmət Məmmədov isə Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu olduğunu vurğulayıb.
Anım mərasimində həmçinin AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu “TÜRKSOY-un mübarək yolu” kitabının təqdimatı keçirilib. Kitabın “TÜRKSOY liderlərin baxışında” adlı birinci fəslində Ümummilli lider Heydər Əliyevin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un təsis edilməsinin strateji əhəmiyyəti barədə tarixi fikirləri, eləcə də digər türk dövlətləri liderlərinin bu qurumla bağlı düşüncələri əksini tapıb.
Tədbirin sonunda fəxri fərmanlar və Sabir Şahtaxtıya adıçəkilən kitaba görə TÜRKSOY-un təsis etdiyi “Əhməd Cavad – 130” medalı təqdim edilib.