Nümayişin ilk günü “Fəridənin iki min mahnısı” (rejissor Yolkin Tuyçiyev) kinodramına baxış keçirildi. Filmin leytmotivini ailə-məişət zəminində baş verən ziddiyyətlər, gender bərabərsizliyi təşkil edir. Həmçinin gərgin hadisələr fonunda XX əsrin əvvəllərində Özbəkistanda baş verən ictimai-siyasi problemlərdən, vətəndaş müharibəsindən bəhs olunur. Filmin qəhrəmanlarının həyat mövqeyi, fərdi düşüncə və psixologiyası rejissorun məntiqli yozumunda incəliklə cilalanır, dövrün acınacaqlı mənzərəsi yaradıcı heyət tərəfindən peşəkarlıqla təqdim edilir, tamaşaçıların ekranda cərəyan edən hadisələrə diqqət kəsilməsinə əsas yaradır.
Filmin ilk kadrlarından hadisələri naməlum qadının ifasındakı mahnı müşayiət edir. İctimai bərabərsizliyin hökm sürdüyü dövrdə cəmiyyətdə yeri olmayan, köləliyin qurbanına çevrilən beş qadının kədərli həyat hekayəsini ardıcıl səslənən, daha çox ağını xatırladan mahnı nəql edir, müəyyən qədər dialoqları əvəzləyir, sözsüz kadrlarda personajların durumunu şərh edir, hadisələrin məzmununu daha dərindən anlamağa imkan yaradır. Gərginliklə dolu kadrlar izləndikcə boz mühitdə yaşamağa məhkum olan qadınların acınacaqlı vəziyyəti, hüquqsuzluğu, kədərli yaşayış tərzi sivil həyata, təhsilə, mənəvi yüksəlişə həsəd çəkdirir.
Özbəkistanın ucqar dağ kəndində yaşayan, şəhərdəki çaxnaşmalardan xəbərsiz olan altı personajın (beş qadın və onların ərinin) sözsüz, bəzən də qısa dialoqlarında müasirlərinin faciəsini görürük. Gərgin hadisələrin fonunda bütün dövrlər üçün sivil münasibətlərin labüdlüyü, təhsilin, maariflənməyin əhəmiyyəti, ictimai-mədəni mühitin davamlılığı və qorunması mesajı ötürülür. Məhz bu mənada xalqların yaxın-uzaq keçmişini əks etdirən, düşündürücü mövzuları tamaşaçılara təqdim edən müəllif kinosunun nəsillərin tərbiyəsində rolu böyükdür.
“Reys 101” filmdə (rejissor Əkrəm Şahnəzərov) 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror hadisəsi zamanı Özbəkistan-Amerika reysi ilə uçan “Özbəkistan Hava Yolları” şirkətinə məxsus “Boinq-757” təyyarəsinin təyin olunmuş aeroporta (Nyu-York) enişinin təxirə salınması üzərində qurulub. Filmdə təyyarənin pilotu və heyət üzvlərinə geri dönmə və yaxud hər hansı bir yaxın əraziyə eniş etmə əmri verilməsindən, lakin təyyarənin yanacaq ehtiyatı azaldığına görə heyətin və sərnişinlərin qarşılaşdığı çətin vəziyyətdən, ani yaranan gərgin hadisələrə rəğmən təyyarənin kapitanı Zərif Səidəzimovun (aktyor Həşim Arslanov) qəhrəmanlığından, sərnişinləri və heyət üzvlərini sağ-salamat yerə çatdırmasından bəhs edilir.
Filmdə dramatik hadisələrin şərhini (baş qəhrəman Zərif Səidəzimovun simasında) insan mənəviyyatının üstünlüyü, şəxsiyyət tamlığının, peşə sevgisinin və məsuliyyətinin vacibliyi fonunda izləyirik. Düzgün seçilmiş aktyor heyəti real hadisələrin şərhini dolğun çatdırmaqla kinonun həyat üçün vacib olduğunu bir daha vurğulayır.
Tamaşaçıların maraqla izlədiyi növbəti ekran əsəri “Baron-2. Qayıdış” bədii filmi (rejissor Rüstəm Saqdiyev) oldu. Filmdə XXI əsrdə yaxın Şərqdə (Bağdadda) baş verən gərgin hadisələrdən, Özbəkistan kəşfiyyatçısının (aktyor Fərhad Mahmudov) timsalında xüsusi xidmət orqanları nümayəndələrinin missiyasının mürəkkəbliyindən bəhs edilir. Ekran əsərində, müharibə cinayətkarlarının dinc insanların başlarına gətirdiyi faciələrlə yanaşı, XXI əsrin bəlasına çevrilən virtual aləmin fəsadları və onun tələsinə düşən insanların (əsasən də qadınların) yaşadığı acınacaqlı hadisələr də təsvir olunub.
Faciələrlə dolu qəddar mühitdə məhəbbət motivinin olması (baş qəhrəmanların simasında), ailə dəyərlərinin üstün tutulması, vətənpərvərlik missiyasının ali məqsədə çevrilməsi dünyanın xilası kimi xarakterizə edilir, xeyirlə şərin mübarizəsində bu kimi yüksək mənəvi üstünlüklərə malik insanların qalib olacağı və dünyanı müharibə cinayətkarlarından qoruyacağı göstərilir.
Bədii ekran əsərləri ilə paralel olaraq təqdim olunan sənədli filmlər də mövzusuna, həmçinin sənədli kino estetikası ənənələrini yüksək şəkildə əks etdirdiyinə görə maraqla izlənildi.
Kinorejissor Eldar Məmmədovun ekranlaşdırdığı “Əbədi dostluq və qardaşlıq” sənədli filmi Özbəkistanla Azərbaycanın dostluq münasibətlərindən, iki ölkə arasında siyasi, mədəni əlaqələrdən bəhs edir.
“Maqsud Şeyxzadə” bədii-sənədli ekran əsərində isə milliyyətcə azərbaycanlı olan Özbəkistan şairi, yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri, dünya klassiklərinin əsərlərini özbək dilinə tərcümə edən ədəbiyyatşünas alim Maqsud Şeyxzadənin keşməkeşli ömür yolundan söhbət açılır. Onun həyat və yaradıcılığı maraqlı rejissor traktovkasında (quruluşçu rejissor və ssenari müəllifi Nurilla Narzullayev), operator (Müzəffər Yusupov) işində diqqətə çatdırılır. Maqsud Şeyxzadənin bioqrafiyası, məramı, həyat mövqeyi ekranda sözlə təsvirin sintezində (montaj rejissoru Najot Qasımov) orijinal, maraqlı kadrlarla təqdim olunur. Bu da kino bilicilərinin (rejissor-operator-montaj) mövzuya böyük diqqətlə yanaşmasından, şairin əziz xatirəsini qəlblərdə, düşüncələrdə əbədiləşdirmək istəyindən xəbər verir.
Bir sözlə, Özbəkistan filmlərinə üçgünlük baxış zamanı kinosevərlər aktual, düşündürücü, vacib mövzuları izləməklə qardaş respublikanın kinematoqrafçıları ilə birlikdə sənət bayramı əhval-ruhiyyəsini yaşamış oldular.