Bunu, hər şeydən əvvəl, gənc şairin dinə mənfi münasibəti, dinin çürüklüyünü dərk etməsi kimi izah etmək olar. Buna görə hətta atasının yazdığı qəti etiraz cavabı da şairi öz fikrindən döndərə bilməyib. Atası öz məktubunda oğluna təhsilini davam etdirməyi, yoxsa göndərdiyi xərcliyi və tədris haqqını kəsəcəyini xəbər verirdi. Bunların heç biri tibb və təbiət elmlərinə can atan dövrünün açıq gözlü ziyalısı olmaq istəyən gənci qorxutmur. Tehranda Səhhət Atasının yaxın dostlarından birinin köməyilə Tehran darülfünunun tibb şöbəsinə daxil olur. Və 1900-cu ildə altı illik təhsildən sonra darülfünu bitirib həkimlik diplomu alır. 1901-ci ildə İrandakı cəhalət mühitinə dözməyib Şamaxıya qayıdır. Sonralar Şamaxıda realni məktəbdə dərs deyən zaman şair tez-tez İrandakı rəzalətlərdən, başa yanan manqal keçirmək, qulaq, əl kəsmək kimi vəhşi cəza üsullarından qəzəblə danışardı.
Abbas Səhhət yazırdı ki, bu darülfünun tədris, təlim və tərbiyyə işlərində çox ibtidailik vardı. Altı il tibb fakültəsində oxuyan və həkim hazırlanan tələbələrlə təcrübi məşğələlər aparılmırdı; çünki şəriət meyitin təşrih edilməsinə yol vermirdi. (Kamal Talıbzadə Abbas Səhhət. Bakı-1955-ci il).
Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, akademik Mir Əsədulla Mirqasımovun atası Mir Ələsgər mədrəsədə ərəb, fars dillərindən və ilahiyyatdan dərs deyib. O istəyirdi ki, oğlu dini savad alsın, şeyxülislamlıq mərtəbəsinədək yüksəlsin. Bu səbəbdən oğlunun rus gimnaziyasında oxumasına razılıq vermirdi. Bunları yaxşı başa düşən 13 yaşlı Mirəsədulla atasından xəlvət gimnaziyaya gedib. Tezliklə rus dilində danışmağı, yazmağı da öyrənib. Orada dərs deyən alman pastorunun köməyi ilə gimnaziyaya daxil olub. Bu qərarının ailəsi, qohumları tərəfindən kəskin etirazla qarşılanacağını, atasının bəlkə ən sərt tədbirlərə əl atacağını anlayıb, ancaq fikrindən dönməyib.
O, evdən gimnazist geyimində çıxa bilməzdi. Ona görə də bir dükançı ilə danışıb. Hər gün mədrəsədən çıxanda dükanda gimnazist paltarını geyinib, furajkasını başına qoyub gimnaziyaya gedib. Qayıdanda yenə dükana baş çəkib, paltarını dəyişib. Bir müddət belə davam edib. Ancaq bir gün sirrin üstü açılıb. Onu təsadüfən küçədə gimnazist geyimində görən əmisi bu xəbəri Mirələsgər ağaya yetirib. Gələcəyinə ümidlə baxdığı, böyük din xadimi olacağına inandığı oğlunun bu hərəkəti ata üçün zərbə olub. “Mənim bundan sonra Mirəsədulla adlı oğlum yoxdur, o, kafirdir” deyib. Rus gimnaziyasında oxumaqla onun prinsiplərinə qarşı çıxan oğlunu cəzalandırıb, onu evdən qovub. Həkim olmaq arzusu ilə Rusiyaya yollanan Mirəsədulla 1908-ci ildə Odessada Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olub”.
O, xarakteri, zəkası və iradəsi hesabına tibb elminin ən yüksək zirvəsini fəth etmişdir. Mir Əsədulla Mirqasımov azərbaycanlı ilk alim-cərrah olub.