Qanunun dili qəliz olur. Bəzi hallarda tərcümələrə yer verildiyi üçün, əksər hallarda isə terminoloji faktorlar, əhatəlik prinsipləri, üslub amilləri qanunvericilik aktlarının dilini bəzən sadə vətəndaşlar üçün anlaşılmaz edir. “Əmək pensiyaları haqqında” qanun da terminologiya və əhatəlik amillərinə görə sonradan əlavə şərhə ehtiyac duyulan sənədlərdəndir.
Hazırkı dəyişikliyin vətəndaşlar üçün olan vacib hissəsi 20-ci və 29-cu maddələr üzrə olmuş, 29-cu maddənin ikinci hissəsi isə ümumiyyətlə çıxarılıb.
Beləliklə, yeni dəyişikliyə görə pensiyanın sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yenidən indeksləşdiriləcək.
Yəni, pensiya artımlarında vahid indeksasiya metoduna keçirilir və bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il ilk ayında ötən il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılacaq. Başqa sözlə, ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə neçə faiz artıbsa, pensiyalarda buna uyğun artacaq.
“Bəs, gələn il pensiyalar nə qədər artacaq” sualının cavabını misal üzrə desək, 2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 830 manat (yanvar-oktyabr aylarında 827,9 manat olub) olarsa, bu 2021-ci ilin eyni dövr ilə müqayisədə təxminən 14,5 faizlik artması deməkdir. Deməli, pensiyaçılar da aldıqları hər 100 manat pensiyaya görə əlavə olaraq 14 manat 50 qəpik artıq alacaqlar. 300 manat alan 343,5 manat, 400 manat alan 458 manat alacaq. Qeyd edək ki, əgər indeksasiya 14.5 faizdən nə qədər yuxarı edilərsə, pensiyalar həmin faiz nisbətində daha çox artacaq.
Digər bir dəyişiklik isə qulluq stajına görə əmək pensiyasına əlavələri olanlarla bağlıdır. Belə ki, əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanacaq. Onların aylıq əməkhaqqı (tutmuş olduqları vəzifələr üzrə əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yəni, artıq hər il həmin şəxslərin əmək pensiyasına əlavələr əsas hissə ilə birlikdə ümumi məbləğ olaraq indeksləşdiriləcək.