İndi Azərbaycan dövləti birbaşa yox, onun təşkilatlandırdığı ictimaiyyət nümayəndələri ölkənin suveren ərazisində Xankəndiylə İrəvanı birləşdirən yolda aksiya keçirirlər. Məlum şəbəkənin haray-qışqırığı 12-13 sentyabrda etdiklərini geridə qoyub. Azərbaycanı “humanitar fəlakət yaratmaqda” ittiham edirlər. Qərb öz sifətini qorumağı da yaddan çıxarıb, Ukraynada qanı su yerinə axıdan Rusiyanın Xankəndinə göndərdiyi agenti Ruben Vardanyanın dolayısıyla müdafiəsinə qalxıb.
Azərbaycan ictimai rəyi ölkənin ərazi bütövlüyünə və suverenliyinə edilən qəsdlərə Qərbin verdiyi dəstəyi dərk etməli və buna uyğun münasibətini formalaşdırmalıdır. Azərbaycan Türkiyə və digər region ölkələrindəki kimi güclü anti-Qərb ictimai rəyi formalaşdırılmalıdır. Azərbaycanda, erməni təcavüzünə verdiyi dəstəyə görə Rusiyaya qarşı formalaşmış neqativ münasibətin eynisi Qərbə qarşı da formalaşmalıdır.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü azərbaycanlılar üçün qırmızı xəttə çevrilməlidir. Bu qırmızı xətti ayaqlamağa qalxan istənilən qüvvəni ayaq altına almağa hazır olan milli iradə formalaşdırılmalıdır. Belə bir iradəni görən Qərb də, Rusiya da onunla hesablaşmaq məcburiyyətində qalacaq.
Son iki-üç gündə Laçın dəhlizində baş verənlərə görə Azərbaycana qarşı yönələn şantajlardan qorxmaq lazım deyil. Ölkənin suverenliyinə qarşı yönəlmiş istənilən təhdid rədd edilməlidir.