Konsert “Rusiya xalqlarının mədəni irs ili” çərçivəsində Bakıdakı Rus Evi və “Bank VTB” (Azərbaycan) tərəfindən təşkil olunub. BMM-in dəstəyi ilə reallaşan konsertin ərsəyə gəlməsinə Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondu da öz töhfəsini verib.
Proqramda P.Çaykovski və F.Şopenin əsərləri, İ.S.Baxın “Partita” improvizasiyaları, eləcə də Riyad Məmmədovun özünün fortepiano pyesləri və Vaqif Mustafazadənin “Əzizəni gözləyirik” pyesinin müəllif transkripsiyası təqdim olunub.
Konsertin yekun hissəsində R.Məmmədovun rusiyalı musiqiçilər Sergey Korçagin və Dmitri Eroşinlə birlikdə ifa etdiyi caz kompozisiyaları maraqla qarşılanıb.
Qeyd edək ki, Riad Məmmədov 1989-cu ildə Bakıda anadan olub. Moskva Dövlət Konservatoriyasını bitirib. Dünyada nadir peşəkar caz-muğam ifaçılarından sayılır. Rusiya, Fransa, Belçika, İsveç və Kanadada keçirilən beynəlxalq müsabiqələrin laureatıdır.