Vaxt.Az

Kafkanın dönən başı


 

Modern heykəlləri ilə məşhur Praqa

Kafkanın dönən başı 4 dərəcə şaxta var. Soyuqdur Praqa, ancaq kəsmir.

Sara Bernardın plakatlarını hazırlamaqla məşhurlaşan, modernizmin öncüllərindən kultlaşmış çex rəssamı Alfons Muxanın (1860-1939)  muzeyindən çıxmışıq. Panska küçəsindən sola dönəndə yolları qarışdırdığımızı anladıq.  

Qarşımıza gözəl bir ticarət mərkəzi çıxır. 

“Quadrio”, – yoldaşım sevinclə deyir.  

Sevincinin səbəbini soruşuram.  

“Kafkanın dönən heykəli bunun önündədir” deyir… 

Kafkanı sevənlərdən deyiləm. 

Sevənlərə də sözüm yoxdur. 

Sadəcə “Kafkamaniya”nın bizdə ifrata çıxdığına təəccüb edirəm hərdən. 

Kafka oxumayanların intellektini sual altına alan bəzi gənc aydınları da anlamaqda çətinlik çəkirəm. O dərəcəyə çatıb ki, məktəblilərə belə Kafka oxutdurmağı bir şey bilirlər ¬¬– sanki uşaq “hamam böcəkli transformasiyaları” oxumasa, sürreailst qərəzli insanları tanımasa geri qalacaq, gələcəyin Noam Chomsky və ya Slavoy Jijeki olmaqdan məhrum olacaqlar. 

“7-ci sinifdə Kafka oxumaq 77 yaşında Min Bir Gecə oxumaq kimi bir şeydir”, – yazmışdım bir dəfə. Hələ də bu fikirdəyəm…

Çexlər Frans Kafkanın (1883-1924) Praqada doğulub yaşaması ilə təbii ki, fəxr edirlər. Ancaq paytaxtın Stare Mesto, Müqəddəs Vitus Katedrali, Karlov Most, Astronomik saatlı “Old Town Hall” kimi şedevrlərini görəndə Çexiyanın zatən zəngin mədəniyyətə malik olduğunu o andaca hiss edirsən. 

Ancaq Praqa modern heykəlləri ilə də məşhurdur.

Kafkanın dönən heykəli bunlardan biridir. 

Kinetik sənətin maraqlı örnəyi olan “dönən baş” çex heykəltraş David Çerni tərəfindən hazırlanıb. 42 fiqurdan ibarət 39 ton ağırlığında və 10 metr yüksəkliyindəki heykəl hər saatbaşı hərəkətə gələrək müxtəlif variasiyalı illüminasiyalar yaradır. 

Biz heykələ yaxınlaşanda “Kafkanın başı” hərəkətini bitirib “dincəlirdi”. 

Yoldaşım “Quadrio”ya, mənsə yanındakı “Starbucks”a girib Moka sifariş verdim. 

Bu görüntüləri çəkmək üçün düz 45 dəqiqə gözlədim… 

Praqaya gələndə bu yazdıqlarımı xatırlayarsız bəlkə…

 





17.12.2022    çap et  çap et