Türkiyədəki seçkilər ərəfəsi Fətullah Gülənin «Hizmət» hərəkatı ilə baş nazir Rəcəb Tayyib Ərdoğanın münasibətlərinin gərginləşməsi Azərbaycanı da silkələmişdi. Azərbaycan hakimiyyətində də nurçuların olması barədə informasiyalarda əsas fiqurantlardan biri kimi E.Aslanovun adı hallanırdı. E.Aslanovun bu məlumatlardan sonra işdən çıxarılması, onun rəhbərlik etdiyi şöbənin ləğv edilməsi, ən əsası prezident sərəncamının hökumət qəzetlərində və AzTV-də elan olunmaması haqlı suallar yaradırdı. Gözlənilirdi ki, Novruz tətilindən sonra «Hizmət» hərəkatı ilə münasibətləri təsbit edilmiş digər yüksək vəzifəli məmurların da «təmizlənməsinə» başlanılacaq.
Çünki məlumatlar vardı ki, Gülənin «imamı» kimi tanınan E.Aslanovun işdən uzaqlaşdırılması Ərdoğanı məmnun edib və hətta o, Azərbaycan prezidentinə zəng edərək təşəkkürünü bildirib. Həmin məlumatlarda deyilirdi ki, baş nazir Azərbaycandakı bu prosesin davamının olacağına ümid edib.
Amma Novruz bayramından sonra KİV-lərdə «Gülənin Bakıdakı adamları» mövzusu arxa plana keçdi. Aprelin 2-də isə E.Aslanovun yeni vəzifəyə təyinat xəbəri yayıldı. Qeyd edək ki, bu təyinat prezident sərəncamı ilə deyil, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə gerçəkləşib.
RYTN-nin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «Yeni Müsavat»a açıqlamasından faktı təsdiqləyib: «Aprelin 1-də Elnur Aslanov nazirin əmri ilə strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinə təyin olunub». Bu təyinatın iki gün ərzində ictimailəşdirilməməsinin səbəbinə gəldikdə, M.Əmirov deyib ki, nazirlikdə şöbə müdirlərinin təyinatı adi hal sayılır: «Bizdə şöbə müdirləri adi, daxili qaydada təyin olunur. Nazir müavinləri, aparat rəhbərlərinin təyinatı isə xüsusi təqdimatla reallaşır. Bizdə 8-9 şöbə müdiri var».
Məsələ ilə bağlı E.Aslanovun anası, parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovaya da telefon açdıq. Lakin xanım deputat faktı sadəcə təsdiqləməklə kifayətləndi və əlavə hər hansı açıqlama vermədi.
Yuxarıda da qeyd etdiyimiz kimi, bir sıra ekspertlər Prezident Administrasiyasında və digər dövlət strukturlarında nurçuların işdən azad edilməsi faktının baş verəcəyini proqnozlaşdırsa da, digər qisim ekspertlər soyuqqanlı şəkildə Türkiyədəki 30 mart seçkilərinin nəticələrini gözləməyi tövsiyə edirdilər. E.Aslanovun yeni vəzifəyə təyin olunması isə Ərdoğan hakimiyyətinin seçki qələbəsini rəsmiləşdirməsindən bir gün sonra baş verib ki, bu da təsadüfi sayılmır.
Xatırladaq ki, seçkidən sonra Azərbaycan prezidenti İlham Əliyev baş nazir Ərdoğana telefon açaraq onu qələbə münasibətilə təbrik etmişdi. Aprelin 2-də isə məlum olub ki, Ərdoğan iki gün sonra Azərbaycana rəsmi səfərə gəlir. Deməli, artıq Bakı ilə Ankara arasında hansısa soyuqluqdan danışmaq yersizdir və olsa-olsa, bu, seçki kampaniyası ilə bərabər tarixdə qalıb.
Beləliklə, E.Aslanov «vurulsa» da hakim komandanın üzvü kimi fəaliyyətini davam etdirəcək. Düzdür, «Ağ Ev»dəki postu ilə müqayisədə onun yeni vəzifəsi elə də böyük deyil. Ancaq indilikdə söhbət E.Aslanovun komandada yerini qoruyub saxlamaqdan gedir. Şübhə yoxdur ki, E.Aslanovun yeni vəzifəyə təyinat almasında ölkə başçısının iradəsi əsas rol oynayıb və indiki situasiyada Aslanovlar ailəsi üçün ən önəmlisi budur. Belə dəqiqləşdirə bilmədiyimiz məlumat da var ki, bu təyinat oğlunun karyerasını xilas etməyə çalışan deputat Rəbiyyət Aslanovanın səyləri nəticəsində mümkün olub. Parlamentin komissiya sədri olan R. Aslanova neçə illərdir ki, hakimiyyətin ən qatı müdafiəçilərindəndir və prezidentdən «oğluma bir iş verin, başı qarışsın» kimi xahiş etmək limiti var...
Yeri gəlmişkən, «vurulmuşlar»ın komandadan tam uzaqlaşdırılmaması hakimiyyətin yeni taktikası deyil. Hələ bir neçə il əvvəl Bakı polisinin şefi general Məhərrəm Əliyev işdən uzaqlaşdırılsa da, tezliklə Tacikistana səfir göndərildi. Səfir kimi geri çağırılanda da onun nəzarətdən kənarda qalmaması üçün prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edildi. Daha bir misal. Milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilən general Əli Nağıyev də bir neçə ildir ki, rütbəsindən aşağı ranqda-Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsində çalışır.
Bu kimi faktlar onu deməyə əsas verir ki, hakimiyyət onun maraqlarına xəyanət etməyənlərlə yollarını birdəfəlik ayırmır.
E.Aslanov da «çəkisinə görə» əvvəlki vəzifəsindən az səlahiyyətli vəzifəyə təyin edilsə də, faktiki yenə də hakimiyyətin yanında qalır. Ola bilsin ki, müəyyən müddət sonra E.Aslanov yenidən hakimiyyətdə yüksək posta irəli çəkilsin. Amma «vurulanların» reabilitasiyası adətən ya uzun çəkir, ya da onlar «fəxri sürgün» taleləri ilə birdəfəlik barışmalı olurlar...
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də şübhə etmir ki, burada ölkə prezidentinin iradəsi öz sözünü deyib: «Prezident öz sadiq adamını harasa yerləşdirirsə, bu, adi məsələ deyil. Ola bilsin, Elnur Aslanov sabah daha yüksək vəzifəyə gətiriləcək. Fikrimcə, o, nazirlikdə müvəqqətidir və daha yüksək vəzifəyə gətiriləcək. Elnur Aslanov kifayət qədər ağıllı, bilikli, istedadlı, işlək, komandaya hərtərəfli lazımlı adamdır».
Təyinatın Türkiyədəki bələdiyyə seçkilərindən sonraya təsadüf etməsinə gəldikdə, «Turan»ın rəhbərinin şərhi belə oldu: «Burada bir məsələ var ki, seçkidən qabaq Türkiyədə vəziyyət çox gərgin idi və Ərdoğan bu kimi məsələlərə kifayət qədər diqqət yetirirdi. Yəni əsəbi bir vəziyyət idi, Ərdoğan üçün ölüm-dirim mübarizəsi gedirdi. Seçki demək olar ki, Ərdoğanın və onun partiyasının qələbəsi ilə nəticələndi. Yəni Ərdoğan hakimiyyətini qıcıqlandıran məsələlər prinsipcə ikinci plana keçir. Bu mənada Elnur Aslanovun təyinatı təsadüfi deyil. Türkiyədə də artıq bir az rahatlaşıblar, sakitləşiblər və bu təyinatı vacib məsələ kimi qəbul etmirlər».