Ümumiyyətlə, futbol üzrə dünya çempionatlarının 1930-cu ildən başlanan tarixində (1942 və 1946-cı illərdə keçirilməyib) cəmisi səkkiz ölkə qızıl kubokun sevincini yaşayıb. Yuxarıda qeyd olunan dörd böyükdən savayı, Uruqvay (1930, 1950) və Fransa (1998, 2018) iki dəfə, İngiltərə (1966) və İspaniya (2010) hərəyə bir dəfə dünya çempionu olub.
Dünya çempionatını qazanan komandaya mükafatlandırma mərasimində verilən simvolik kubok və onun surətləri İtaliyada hazırlanır. İkinci Dünya müharibəsi dövrü istisna olmaqla, 1930-cu ildən etibarən FIFA tərəfindən hər 4 ildən bir təşkil edilən futbol üzrə dünya çempionatının 22-cisinə bu il Qətər ev sahibliyi edib.
İndiyədək təşkil olunan 22 çempionatda iki fərqli dizayna malik kubok istifadə edilib. 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında qalib komandaya fransalı heykəltəraş Abel Lafleur tərəfindən hazırlanmış və qədim Zəfər ilahəsi Nikenin təsviri olan kubok verilib. Bu dizayndakı kubok təxminən 40 il istifadə olunub. Bu kubok 1970-ci ildə Meksikada keçirilən və Braziliyanın 3-cü dəfə çempion olduğu mundialdan sonra “üçqat çempion olan komanda kuboku almaq hüququna malikdir” qaydasına əsasən, Cənubi Amerika ölkəsinin muzeyinə verilib.
1970-ci ildəki çempionatdan sonra FIFA yeni dizaynda kuboku müəyyən etmək üçün beynəlxalq müsabiqə keçirib və bu yarışmaya 53 dizayn təqdim edilib. İtalyan heykəltəraş, “GDE Bertoni” şirkətinin art-direktoru Silvio Gazzaniganın orijinal dizaynı müsabiqənin qalibi olub. Onun dizayn verdiyi, əllərini havaya qaldıran iki zəfər mələyinin tutduğu Yer planetinin təsviri olan kubok ilk dəfə 1973-cü ildə nümayiş olunub, 1974-cü ildə Almaniyada keçirilən çempionatda qalib komandaya – ev sahibinə təqdim edilib.
Bu unikal dizaynlı kubok son 50 ildə İtaliyanın Milan şəhəri yaxınlığındakı Paderno Dugnanodakı müəssisələrdə istehsal olunur. Kubokun hündürlüyü 37 santimetr, çəkisi 6,2 kiloqramdır və 18 karatlıq qızıldan hazırlanır.
Kubokun orijinalı 1974-cü ildən FIFA-da saxlanılır. Orijinal kubok final matçının sonunda keçirilən mərasimdə qalib komandaya təqdim olunur, sonra kubokun altına qalib komandanın adının yazılması üçün “GDE Bertoni” şirkətinə, sonda isə FIFA-ya göndərilir. Qalib komanda orijinal qızıl kuboku deyil, üzərinə adı həkk olunmaqla qızıl-latun ərintisindən hazırlanan nüsxəsini alır.