Vaxt.Az

Sadəcə, İlham...


 

Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...

Sadəcə, İlham... Dekabrın 24-də onun ad günüdür. Qələbəni bəxş edən insanın. Özünün dediyi kimi tarixdə qalmaq üçün yox, xalq qarşısında bir borcu olaraq.

Ötən illərdə apardığı siyasətə dərindən yanaşanda məlum olur ki, o, bütün fəaliyyətini 2 istiqamətdə atıb. Qarabağ münaqişəsinin həlli və ölkənin quruculuğu.

Xatırlayırsınızsa, hər hansı beynəlxalq qurumda Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması barədə qətnamələr qəbul edilirdi. Və o qətnamələrin qəbul edilməsi üçün Prezident İlham Əliyev Azərbaycanın bütün beynəlxalq qurumlardakı nümayəndə heyətinin üzvlərinə tapşırıqlarını verir, ciddi nəticə gözləyirdi. Çətin də olsa, Azərbaycanın ərazi bütövlüyü barədə qətnamə qəbul edilirdi, dövlət başçısı çıxışlarında bunu xüsusi vurğulayırdı. Siyasətlə maraqlanmayan sadə vətəndaş düşünürdü ki, “axı nə olsun, bu da BMT-nin 4 qətnaməsi kimi kağız üzərində qalacaq”. Avropa Şurası, Avronest, Avropa İttifaqının qəbul etdiyi qətnamələr sadəcə kağız parçasından o tərəfə keçmirsə, buna sevinmənin, yaxud ona siyasi uğur adının verilməsinin münaqişənin həllinə hansı töhfəsi ola bilər? Sonra məlum olacaqdı ki, bu qətnamələr İlham Əliyevə Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad olunması üçün əsas sayılacaqmış. Elə də oldu.

Sentyabrın 27-də müharibə başlananda Avropanın beynəlxalq qurumları Azərbaycanı ittiham edən qərar qəbul etməkdən çəkindilər. Azərbaycan vaxtı ilə onların qəbul etdiyi qətnaməni göstərdi ki, “buyurun baxın, ərazi bütövlüyümüz barədə qəbul etdiyiniz sənəd”. Lakin Azərbaycan o qurumların qəbul etdiyi qətnamələrlə kifayətlənmədi. Məsələn, alternativ variantı əsas tutub Avropa İttifaqının Latviya, Litva, Estoniya, Xorvatiya və s. ölkələri ilə siyasi və iqtisadi münasibətlərini gücləndirdi. Necə deyərlər, bu variantı da həll etdi.

Müharibənin getdiyi zaman Azərbaycana daha hansı ölkə və qurum mane ola bilərdi? BMT-nin Təhlükəsizlik Şurası, əsasən də həmsədr ölkələr. Azərbaycan 5 daimi üzvdən savayı 10 qeyri-daimi üzv ölkələrlə də əvvəldən münasibətini qurmuşdu. Həmsədr ölkələr - ABŞ, Rusiya və Fransa tərəfindən təcili atəşkəs elan olunması barədə qərar qəbul ediləcəyi gözlənilirdi. Çünki ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin münaqişənin həllinin uzadılmasını illərlə müşahidə edən Azərbaycan Prezidenti onların Təhlükəsizlik Şurasında toplaşacağını dəqiq bilirdi. Atəşkəsin elan edilməsinə kim veto qoya bilərdi? Beş daimi üzvdən biri olan Çin Xalq Respublikasının neytral mövqe sərgiləyəcəyini düşünmək olardı. Vetonu Böyük Britaniya qoyacaqdı. Məhz buna görə də illər boyu Britaniyanın Azərbaycanla iqtisadi və siyasi əlaqələri istiqamətində gərgin iş aparılıb. Nəticə verdi. Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Barbara Vudvord veto qoydu. Azərbaycan bu məsələni də həll etdi.

Adamlar bəzən düşünürdü ki, dünyanın kiçik ölkələri ilə münasibətlər Azərbaycana lazım deyil. Belə fikir yaranmışdı ki, yalnız iri dövlətlər ölkəmizə siyasi dəstək vermək iqtidarındadır. Amma İlham Əliyev kiçik ölkələrlə münasibətin vacibliyini bildirir, rəhbərlərini təntənəli şəkildə qəbul edirdi. Niyə? Çünki hər kiçik ölkə BMT-də bir səs deməkdir. Elə də oldu. BMT-nin Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvünün də iştirak etdiyi məlum toplantıda kiçik ölkələr – İndoneziya, Vyetnam və digərləri yeni sənədə BMT-nin 4 qətnaməsinin də daxil edilməsini israrlı şəkildə təkrarladılar. Azərbaycan 2020-ci ildə Şuranın iclasındakı 10 qeyri-daimi üzv ölkələrlə əvvəldən münasibətini gücləndirmişdi ki, müharibə zamanı dəstək alsın. O istiqamətdə də dəstək alındı.

Azərbaycan hər kiçik detalı nəzərə almışdı. Müharibənin başlayacağı təqdirdə neçə yüzminlik erməni elektoratının mövcud olduğu Fransanın münaqişənin həlli yolunun əleyhinə çıxacağı da ehtimallar sırasında idi. Bəs, Azərbaycan Fransa ilə münasibətini istiləşdirmək istiqamətində nə etdi? Bunun üçün fəaliyyət proqramı ətrafında kiçik detal nəzərdən qaçırılmadan işə başlanıldı. Azərbaycan respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Fransada kilsələri təmir etdirdi, Azərbaycanın mədəniyyət günlərini keçirtdi, senatda Azərbaycana dostlar qazandırdı. Münaqişənin həllindən sonra Fransa senatı Qarabağın müstəqilliyini qismən tanıdı. Hardasa düşünmək olardı ki, Azərbaycanın əziyyəti hədər getdi, ancaq başlıca məsələ qalmışdı. Əlbəttə ki, Azərbaycan tərəfi ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı Fransaya qətnamə qəbul etdirmişdi. Məhz bu sənədi onlara göstərib münaqişənin həllindən sonrakı bəyanatlarına anti-arqument ortaya qoydu. Məhz elə hu səbəbdən senat Qarabağın müstəqilliyini qismən tanımağa məcbur qaldı. Üstəlik, senatdakı dostlar həmin sənədi Makron hakimiyyətinin nəzərinə çatdırıb Azərbaycanı müdafiə etdilər.

Azərbaycan Qarabağı işğaldan azad etmək yolunda bütün maneələrin nədən ibarət olacağını əvvəldən hesablamışdı. Bunun üçün Azərbaycan Prezidentinin siyasi erudisiya və müşahidə qabiliyyəti, üstəlik siyasi tarixi dərindən mənimsəmək və götürdüyü ibrət əsas rol oynadı. Azərbaycan tərəfi münaqişənin həllindən sonra hansı ölkələrin hansı bəyanatlar verəcəyini də bilirdi. ABŞ və Fransanın bəyanatlarının qarşısına Rusiya çıxdı. Unikal sxem cızılmışdı. Super derjavaların qarşısına Rusiyanın ötürülməsi faktı və sülhməramlıların mövcud olduğu illərdə Xankəndi, Xocavənd və Xocalıda Azərbaycanın dövlət təsisatlarının yaradılması, demoqrafik vəziyyətin Azərbaycanın xeyrinə dəyişilməsi detallarına artıq start verilib. Bütün bunlar incəliklə, heç bir çılğınlıq baş vermədən aparılır.

İlham Əliyev heç bir çıxışında Qarabağa dair hansı işlərin görüldüyünü əvvəldən ictimaiyyətə açıqlamadı. Heç bir beynəlxalq qurumun tədbirində səs tonunu qaldırıb münaqişənin həlli yolundakı susqunluğa, ikili standartlara səbirsizlik nümayiş etdirmədi. Münaqişənin həlli istiqamətində apardığı siyasətlə yanaşı ölkənin quruculuğunda mühüm işlər gördü, ümumdünya maliyyə böhranı illərində büdcədən sosial layihələrə maliyyəni artırdı. İki istiqamətli işin öhdəsindən gələn siyasətçi hansı planların həyata keçirildiyini heç vaxt açıqlamadığı halda bircə cümlə işlətdi: “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik”. 17 illik hakimiyyəti dövründə yalnız bir cümlə. Sadə vətəndaşlar o bir cümləni 44 günlük müharibədən sonra anlamağa başladılar ki, o, bu sevincli qələbəni nəzərdə tuturmuş.

İlham Əliyevi 44 günlük müharibə dövründə Azərbaycanın əleyhinə çıxmış  Vladimir Solovyov tipli siyasətçilər öyrənməyə çalışdı. Onu yaxından öyrənmək, siyasi analitik qabiliyyətini yaxından bilmək üçün ölkəmizə səfər etdilər. Hətta Ermənistanın tərəfini saxlayanda belə Azərbaycan Prezidentinin ağıllı olduğunu deməyə məcbur qaldılar. Bir cümləlik etiraf. Amma o bir cümlə düşmənin vicdan  etirafı idi.

Dekabrın 24-də onun ad günüdür. Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən Prezidentin ad günü.

 





24.12.2022    çap et  çap et