Vaxt.Az

Başlamaq vaxtıdır


 

“Formula” yarışlarında milli komanda arzusu ...

Başlamaq vaxtıdır Yayda “Formula-1” yarışımız zamanı sevimli “McLaren” komandasının körpüsündə oturub düşünürdüm ki, indi 60-70-ci illərdəki fürsət olsaydı, bəlkə də ölkəmiz adından artıq bir komanda qurub çıxmışdıq çempionata.

O boyda Brüs MakLaren dostu Teddi Mayerlə, o boyda Frank Uilyams dostu Patrik Hedlə adi qarajda maşın yığmağa başlayıblar və hələ də çempionatda iştirak edirlər. 80-90-cı illərdə isə bu iki komandaya batan yox idi – gözəl dövr idi.

Əslində, indi də gec deyil. İndi də normal fürsət var, sadəcə təşəbbüs və dəstək lazımdır. Baxın, bu “Formula-2” komandası barədə dəfələrlə danışmışam. Niderlandın istehsal etdiyi “Kroon Oil” yağlarının dəstəyi ilə qurulub. Əvvəl aşağı seriyalardan başlayıblar. Bir neçə ölkənin kartinq və F4 çempionatlarına sürücülər çıxarıblar. Titullar gəldikdən sonra “Formula-3” və “Formula-2”yə çıxıblar. Bu il isə həm komandanın sürücüsü, həm də komandanın özü ilk dəfə çempion oldu. Komandanın başçısı Sander Dorsmanla keçən il də, bu il də söhbətlərimdə dəfələrlə soruşdum ki, çətin deyilmi bu qədər komandaları idarə etmək?

Əvvəla, belə milli komandanın olması yerli sürücülərin inkişafına təkan verir. Yerli şirkətləri cəlb eləmək olar – şərt deyil ki, bir şirkət olsun, bir neçə şirkət də birləşə bilər, əsas ümumi nəticədir. Bütün aşağı seriyalarda əksər komandalar 3 və ya 4 sürücü ilə yarışır. Bunlardan birini istedadlı pulsuz (lap milli) sürücüyə, digərlərini pullu sürücüllərə (renta driver) vermək olar.

İkincisi, aşağı liqalarda düzgün iş təşkilindən və uğur qazandıqdan sonra xarici böyük şirkətlərin özləri əməkdaşlığa maraqlı olacaqlar.

Bu il “Formula-2”də komandanın iki sürücüsü var idi – biri imkanlı Felipe Druqoviç, digəri ondan da imkanlı Klement Novalak. Felipe həm də istedadlı və təcrübəli olduğu üçün komanda yoldaşından bir neçə baş üstün oldu, çempionatda da rəqib tanımadı. 

Gələn il üçün isə komandada sürücü yarışdırmaq üçün sözün hər mənasında qırğın idi – yekunda “Red Bull” komandasının gənc sürücüsü, “Formula-3” çempionu Dennis Hauqerlə müqavilə imzalanıb. Digər müqavilə hələ imzalanmayıb, amma deyilənlərə görə, bu yer də “Red Bull”un digər imkanlı sürücüsü Cehan Daruvalaya qismət olacaq. Yəni görün, “Red Bull” artıq “Formula-2”də MP MotorSport komandası ilə işləyir...

Məncə, başlamaq vaxtıdır...

 





26.12.2022    çap et  çap et