Qədim tarixi olan xalq tətbiqi incəsənəti öz dekorativliyi, zəngin naxış motivləri, rənglərin əlvanlığı və özünəməxsus kompozisiyası ilə fərqlənir. İncəsənətin bu növü bədii xalq sənətkarlığının müxtəlif növlərini əhatə edir. Zərgərlik və çaxma sənəti, metal, daş, sümük üzərinə həkketmə, taxta üzərinə şəbəkə və boyalarla bəzək vurma, xalçaçılıq, toxuculuq və basma naxışlar, tikmə və başqa bədii sənətkarlıq növlərinin hər biri xalqın incə zövqünün, mənəvi zənginliyinin şahidləridir.
Dekorativ-tətbiqi incəsənətin müxtəlif növlərinin və habelə bədii tikmələrin yayılmasının başlanğıcını arxeoloji materiallarla müəyyənləşdirmək olar. Naxışların ən sadə ünsürlərini, tikmələrdə verilən uzun, düz və kəsik xətləri, dalğavarı və nöqtəli naxışları, dairə, üçbucaq, paxlavaları Qədim Tunc dövrünün gil qablarında müşahidə etmək mümkündür. Naxçıvanda tapılan Tunc dövrünə aid arxeoloji materiallar arasında çoxlu tunc bəzəklər və gil qablar diqqəti cəlb edir. Bunların üzərindəki naxış kompozisiyaları tədricən mürəkkəbləşir, yeni ünsürlər – quş, heyvan, günəş, ulduz və s. rəmzləri meydana gəlir. Varlı şəxslərə məxsus qəbirlərdə, əsasən də qadın qəbirlərində çoxlu miqdarda tapılan tunc bəzəklər aydın göstərir ki, həmin dövrlərdə qəbilə başçılarına aid olan geyimlər müxtəlif formalı metal piləklər, rəngli muncuqlar və s. ilə zinətləndirilirdi.
Orta əsrlərin ilk dövrlərində tikmə sənətinin yeni nümunələrinə rast gəlirik. Mingəçevir ərazisində V-VI əsrlərə aid katakomba qəbirlərindən üstündə tikmə izləri olan ipək parçalar tapılıb. Ehtimal etmək olar ki, bu izlər güləbətin tikmələrin qalığıdır. Xalq tətbiqi sənətinin çox sevilən və geniş yayılan naxışlarından biri də qoşa quş təsvirləridir. Bu cür naxış Mingəçevirdə tapılan və qeyd etdiyimiz dövrə aid olan Orta əsr məbədinin bir hissəsində vardır. Gözəl naxışlar, müxtəlif quş və heyvan təsvirləri, gül, çiçək, yarpaq, böyük məharətlə hazırlanan müxtəlif təsvirlər hələ Orta əsrlər dövründə Azərbaycan şəhərlərində istehsal olunan rəngli gil qabları bəzəyirdi.
Qəbir daşları – sənduqələr üzərində olan incə naxışlar öz dekorativ ünsürləri etibarilə tikmələrə uyğun gəlir. Buradakı mürəkkəb nəbati və həndəsi naxışlar bir-biri ilə vəhdət təşkil edir.
Azərbaycan ərazisində yerləşən çoxlu memarlıq abidələri üzərindəki milli naxışlar bu gün də insanı heyran edir. Naxçıvan (XII əsr), Bərdə və Qarabağlarda (XIII-XIV əsr), Bakıda Şirvanşahlar sarayı ansamblı (XV əsr), Şəki xanlarının sarayı (XVIII əsr) və s. memarlıq abidələri bunun canlı şahididir.
İtaliyalı səyyah Marko Polo (XIII əsr) Şamaxı, Bərdə və Naxçıvanda ipək parçalarının gözəlliyini xüsusi qeyd edir. 1561-1563-cü illərdə Azərbaycanda olan ingilis səyyah və taciri Antoni Cenkinson Şirvan bəylərbəyi Abdulla xanın yay iqamətgahının zinətini təsvir edərək yazırdı ki, kral (xan – G.S.) ipək və qızıl saplarla tikilən zəngin xeymədə oturub və onun geyimi incilərlə, qaş-daşla bəzədilib.
I Şah Səfinin görüşünə gələn və XVII əsrin otuzuncu illərində Şamaxıda olan Qolştin səfirliyinin nümayəndəsi Adam Oleari xəbər verir ki, onların (səfəvilərin – G.S.) əsas məşğuliyyəti toxuculuq, ipək və ipliklə tikmədir. Sonra həmin müəllif otaqların zəngin bəzəyindən söz açır, “Tağlı taxçalarda müxtəlif ala-bəzək ipəklə və zərlə toxunan yaylıqlar qoyulub”, – deyə əlavə edir.
Dekorativ-tətbiqi sənət növlərindən olan bədii tikmələr Azərbaycan qadınlarının ən sevdiyi incəsənət növüdür. Tikmələr üçün əsas etibarilə yerli istehsal parçalarından – qanovuz, darayı və məxmərdən istifadə olunurdu. Bu mallar Naxçıvan, Ordubad, Şamaxı, Basqal, Gəncə, Şəki və Azərbaycanın başqa yerlərində istehsal edilirdi. Bundan əlavə, yerli və xaricdən gətirilən qalın parçalardan – mahuddan və eləcə də müxtəlif rəngli məxmərdən istifadə edilirdi. Bəzən pambıq və kətan parçalar da işlədilirdi.
Tikmələrdə yerli ipək və yun saplardan və çaxma ipəklərdən istifadə edən ustalar onların boyanmasında müxtəlif yerli təbii boyalardan (marena, zəfəran və s.) yararlanırdılar. Onlar çoxəsrlik boyama üsulları tətbiq edərək təmiz və xoşrəngli sapların hazırlanmasına nail olurdular.
Ustalar öz tikmələrində onları əhatə edən zəngin və rəngarəng mühiti əks etdirməyə çalışırdılar. Azərbaycan tikmələrində olan müxtəlif və zəngin naxış motivləri də məhz buradan doğurdu. Bu naxışlar nəbati və həndəsi motivlərdən, quş, heyvanat aləmi və məişət predmetlərinin təsvirindən ibarətdir. Demək olar ki, bütün tikmələrdə bir-biri ilə vəhdət təşkil edən qəşəng naxışlar Şuşanın, Ordubadın, Gəncənin, Şəkinin nadir divar bəzəklərində müxtəlif üslublarla təkrar edilir. Azərbaycan tikmələrində ən çox tətbiq olunan təbii naxışlardan qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, süsən, alçagülü, heyvagülü, sünbül və müxtəlif formalı yarpaqları göstərmək olar. Tikmələrdə olan həndəsi naxışlar isə, əsasən, düz və qırıq xətlərdən, dalğavarı, üçbucaq, dördbucaq, paxlava, ulduz və günəş rəmzinin təsvirindən ibarətdir.
Azərbaycanda müxtəlif quş növlərinin təsviri də tikmələrdə öz əksini tapıb. Bülbül, tovuzquşu, göyərçin, turac, kəklik və s. təsviri geniş tətbiq olunur. Dekorativ-tətbiqi sənətin ən qədim və çox sevilən naxışı qoşa quş təsviridir. Bu təsvirə tikmələrdə də tez-tez rast gəlinir. Bu motivlər xalq sənətkarlığında sevgililərin birləşməsi və hicran rəmzi kimi göstərilir: üz-üzə duran quş təsviri vüsalı, əks istiqamətdə təsvir edilən quşlar isə ayrılığı ifadə edir. Bu növ motivlər Şəki Xan Sarayının divar bəzəklərində də öz əksini tapıb.
Bütün Şərqdə olduğu kimi, Azərbaycan tikmələrinin və parçalarının bəzəyində də buta naxışından geniş istifadə olunub. “Qoşa quşlar” kimi, buta naxışı da yerləşməsindən asılı olaraq, məhəbbət və ayrılığı simvolizə edib.
Tikmələrdə heyvanlardan ceyran, tısbağa, əjdaha, ilan, at və s. təsvirlərinə təsadüf olunur. Məlum olduğu kimi, adını çəkdiyimiz bitki, quş və heyvan növləri şifahi xalq ədəbiyyatının (nağıllar, dastanlar, mahnılar, əfsanələr və s.) personajlarıdır.
Azərbaycan bədii tikmə sənətini zərifliyi həm də onda idi ki, xalq ustaları tərəfindən əşya üzərində yaradılan naxışlar həmin predmetin məişətdəki rolu ilə əlaqələndirilirdi. Xırda məişət əşyaları üzərindəki rəsmlər adətən simmetrik olaraq yerləşdirilirdi. Böyük əşyalar üzərində olan tikmələri quruluşuna görə, əsasən, iki qrupa ayırmaq olar: naxış kompozisiyası əsas haşiyə içərisində yerləşən medalyonlar və haşiyəli, yaxud bir sırada yerləşən və arası kəsilməyən naxışlar. Bu haşiyələr müxtəlif növlü olub nəbati motivlərdən – çiçək, yarpaq və budaqlardan ibarətdir.
Azərbaycan məişətində intişar tapan və geniş yayılan tikmə növlərinə misal olaraq güləbətin, təkəlduz, örtmə, cülmə, qondarma, nağda, şəbəkə tikmə və s. göstərmək mümkündür.
Güləbətin tikmə növünün tarixi daha qədim hesab edilir. Orta əsrlərdə Azərbaycanda güləbətinli tikmə inkişaf etmişdi. Böyük söz ustadları Nizami Gəncəvi, Molla Pənah Vaqif və aşıqlar bu sənət növünü əsərlərində böyük sənətkarlıqla tərənnüm ediblər. Güləbətin tikmələri üçün ən yaxşı parça saya rəngli, əksərən qırmızı, tünd-qırmızı, bənövşəyi, yaşıl rəngli məxmər, habelə başqa müxtəlif rəngli mahud, zərxara, tirmə, atlas və başqa növ parçalardan istifadə olunurdu. Bu tikmələrdə qızılı və gümüşü saplar tətbiq edilirdi. Əyirmə və eşmə nəticəsində alınan qızılı və gümüşü sapların özəyi ipək, iplik və kətan sap olurdu. Qızıl və gümüş isə onların yalnız üst təbəqəsini örtürdü.
Güləbətin tikmələrinin bir neçə üsulu vardır. Daha geniş yayılan üsul sadə və qabarıq doldurma tikmədir. Əsas naxışın üzəri qızılı və ya gümüşü sapla örtüləndən sonra usta bənd etdiyi sapla istiqamətindən asılı olaraq və tikmənin ümumi kompozisiyasına uyğun gələn əlavə müxtəlif formalı naxışlar – dalğavarı, paxlava, əyri xətlər və s. toxuyur. Güləbətin tikmənin naxış xüsusiyyəti onun iri və siluetli olmasıdır. Bu isə güləbətin tikmə texnikasının xüsusiyyətindən irəli gəlir.
Güləbətin tikmə naxışları Azərbaycanın müxtəlif yerlərində bir-birindən fərqlənirdi. Abşerona və Şəkiyə iri və bütöv naxış, Şamaxıya zərif naxış daha çox xas idi. Naxçıvanda, Gəncədə, Qarabağda isə bunların hər iki üsulu yayılıb. Çox vaxt güləbətinlə qadın üst geyimlərini, baş geyimlərini, ev-məişət predmetlərini, at bəzəklərini və başqa əşyaları bəzəyirlər.
Rəngli saplarla işlənən tikmə növlərindən ən çox təkəlduz (qullabduz) tikmə inkişaf etmişdir. Bu tikmələrin XVIII-XIX əsrlərdə istehsal mərkəzi Şəki şəhəri idi. Təkəlduz tikmə zamanı istifadə edilən iynəyə “qarmaq” deyilirdi. Bəzi yerlərdə ona “qullab” deyildiyi üçün bu növ tikmə “qullabduz” da adlanırdı. Təkəlduz tikmə ilə nazbalış üzü, örtüklər, mütəkkə üzü, süzəni və başqa örtüklər bəzədilirdi.
Çox yayılan tikmələrdən biri də quş gözü. Naxçıvanda buna “cülmə” deyilib. Tikmələrin bu növü də çox vaxt güləbətinlə uyğunlaşır. İlk baxışda “cülmə” tikişi piləklə tikməni xatırladır. “Cülmə” və ya “quş gözü” adlanan tikmə ilə əsasən araqçınları və şəbkülahları (gecə papaqları) bəzəyirdilər. Bu üsulla tikilən nəbati naxışlar həndəsi bəzəyə çevrilirdi.
Geniş yayılan sırıma tikməyə əksər hallarda şəbkülah, araqçın, namazlıq və yorğanların bəzəyində təsadüf etmək olar. Sırımanı sadə tikişlə və ya “su” tikişi ilə icra edirdilər. Tikişin qabarıq olması və naxışın aydın görünməsi üçün isə sırınan əşyalara astar qoyurdular. Çox vaxt üz və astar arasında bir lay yun və yaxud pambıq da qoyulurdu. Sırıma tikmə sadə iplik, rəngli ipək, habelə qızılı və ya gümüşü saplarla tikilərək parçanın rənginə uyğun şəkildə icra edilirdi.
Sırıma tikmələrin naxışı, əsasən, həndəsi və nəbati xətlərdən ibarət idi. Sırımanın ənənəvi naxışları sırasında paxlava, balıq pulu, qırıqxətli və düzxətli naxışları göstərmək olar.
Hələ qədim zamanlardan mirvari və muncuqla bəzədilmiş geyimlər və məişət əşyaları da olub. Naxçıvanda hazırlanan üzəri tikməli küləcə naxışlı geyim və məişət əşyaları buna misal ola bilər. Əsasən toz muncuqla tikilən ən incə məmulat Şamaxı, Şuşa, Naxçıvan, Gəncə, Qazax və bölgələrdə hazırlanırdı.
Piləklə tikmədən müxtəlif rəngli parlaq metal dairəciklərin əvvəlcədən parça üzərinə çəkilən naxışın üzərini bəzəyərkən istifadə edilirdi. Belə tikmə Naxçıvan, Şəki və Gəncədə geniş yayılıb. Piləklə bəzənən əşyalardan taxça pərdəsi, yük yeri pərdəsi, yelpik, örtüklər və başqalarının adını çəkmək olar.
Qondarma və onunla birlikdə nağda ilə məlilə tikmə xalq tətbiqi sənətinin nisbətən gənc sahəsidir. Bu növ tikmə Bakıda, Naxçıvanda və Qarabağda yayılıb.
Bu günümüzədək gəlib çıxan qədim və orta əsrlərə aid məişət nümunələri bir daha sübut edir ki, dekorativ-tətbiqi incəsənətimiz uzun bir inkişaf yolu keçib.