Dekabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli pianoçu və bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
Konsert salonu müxtəlif nəsil və zövqdən insanlarla dolub-daşırdı. Rəsmilər, millət vəkilləri, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, sənətkarın həmkarları, tələbələri, musiqisevərlər yubiley gecəsinə böyük maraqla gəlmişdilər.
Konsert Fərhad Bədəlbəylinin bədii rəhbəri olduğu Bakı Kamera Orkestrinin ifası ilə başladı. Heyət Əməkdar artist Fuad İbrahimovun dirijorluğunda İ.S.Baxın “İki piano və orkestr üçün konsert”ini (üç hissədə) ifa etdi. Yubilyar sənətkar və Xalq artisti Murad Adıgözəlzadə bu irihəcmli musiqi əsərini başqa bir ecazda təqdim etdilər. Vaqif Mustafazadənin “Piano və orkestr üçün konsert”i də musiqiçinin piano ilə sirli dialoqunda möhtəşəm ovqat yaratdı.
Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin kamera heyətinin müşayiətində (dirijor: F.Bədəlbəyli) Y.Haydnın “Piano və orkestr üçün konsert”i (II və III hissələr) M.Adıgözəlzadənin ifasında (üçüncü hissənin dirijoru: Fuad İbrahimov) dinlənildi.
S.Raxmaninovun “İki piano və orkestr üçün süita”sı F.Bədəlbəyli ilə M.Adıgözəlzadənin birgə ifasında maraqla qarşılandı. Sürəkli alqış, al-əlvan gül-çiçək yağışı, salondan səhnəyə nüfuz edən sevgi seli əsl sənət və sənətkarın bütün zamanlarda arzulanan olduğunu isbatladı. Bu mənada F.Bədəlbəyli sənəti və sənətkarlığı öz bənzərsizliyində idi yenə o axşam.
F.Bədəlbəyli müsahibələrinin birində demişdi: “Mühit mənə mütləq təsir edirdi. Onları dinləyirdim. Yaşadığım mühit mənim üçün böyük dəstək olub. Bundan sonrasını – nələrə qadir olduğumu artıq mən özüm sübut etməliydim. Hər gün səkkiz-doqquz saat çalışırdım. Asan məsələ deyildi. Bilirsiniz, əgər bir insan məşhur soyadın altında çıxış edirsə, onun məsuliyyəti daha böyük olur”.
Yaşının 75-ci dayanacağında dəqiqələrlə pianonun ağ-qara dillərində gəzişmək, bütün ruhu ilə bir dəliqanlı gənc kimi onun ağuşuna “atılmaq” elə də asan deyil.
Məlumat üçün deyək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan F.Bədəlbəyli 1965–1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfi), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfi) təhsil alıb. Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında layiqli yer tutan F.Bədəlbəyli fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadır. O, eyni zamanda özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da zənginləşdirib.
Virtuoz pianoçu dünyanın müxtəlif ölkələrində, mötəbər konsert salonlarında çıxış edib, Azərbaycan musiqisini və ifaçılıq sənətini layiqincə təmsil edib. Professor Fərhad Bədəlbəyli 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur. Bu gün sənətdə böyük uğurlar qazanmış pianoçularımız arasında onun da yetirmələri çoxdur.
Zamanında ustadlarından öyrəndiklərini sevə-sevə yeni musiqiçilər nəslinə ötürən, gəncliyimizin klassik musiqi ruhunda, yüksək sənət zövqündə olmasını daim yanğı ilə təbliğ edən sənətkar elə yubiley konsertini də məhz yetirmələri ilə verməyin sevincini yaşayırdı...