Yeni illə bağlı tədbirlərdən biri də artıq doqquzuncu dəfə təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasıdır. Fəvvarələr meydanında dekabrın 1-də açılmış yarmarka “Nargis” Fondunun təşəbbüsü ilə keçirilir.
Yarmarkada jonqlyorlar, müxtəlif nağıl qəhrəmanları, sevilən cizgi film personajları, animatorlar, musiqiçilər uşaqdan böyüyədək hər kəsi sevindirir.
Ənənəvi yarmarkanın sponsor dəstəyi və ərazidə qurulan “ev”lərin kirayəsindən toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilir. Bu ildən etibarən yarmarkada hər bir “ev”in üzərində quraşdırılmış xüsusi QR kodu skan edərək ötən illərdə bu layihənin dəstəyi ilə əməliyyat olunmuş uşaqların hekayələri ilə tanış olmaq da mümkündür.
Builki xeyriyyə yarmarkası bir sıra yeniliklər ilə fərqlənir. Yarmarka 64 böyük və 20 balaca “ev”, 3 ikimərtəbəli restoran, müxtəlif köşklər və tematik zonalardan ibarətdir. Yarmarkanın qonaqları suvenirlər, hədiyyələr əldə edə, müxtəlif yeməklərdən dada bilərlər. Burada müxtəlif oyunlar oynamaq, Şaxta baba və Qar qızla şəkillər çəkdirmək, bir sözlə, əsl Yeni il ab-havası yaşamaq üçün hər cür şərait yaradılıb.
Yarmarkada öz əl işlərini satan şəxslər də var. Toxuma işi ilə məşğul olan Əfsanə Əliyeva deyir: “Gördüyünüz əl işləri qadın geyimləridir. Bunların modellərini özüm hazırlayıb, toxuyuram. Əl işlərimi sosial şəbəkə səhifələrim vasitəsilə də satışa çıxarıram”.
Bu il yarmarka ərazisində ilk dəfə olaraq “qorxu otağı” və 4D kinoteatr da fəaliyyət göstərir. Qonaqlar yarmarkanın müxtəlif yerlərində “nadinc elflərə” də rast gələ bilərlər. Bu layihə 2005-ci ildə amerikalı yazıçı Carol Aebersold və qızı Chanda Bell tərəfindən yazılmış və qısa müddətdə dünyada şöhrət qazanmış “Rəfdəki Elf: bir Milad ənənəsi” kitabından ilham alınaraq hazırlanıb.
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası yanvarın 15-dək fəaliyyət göstərəcək.