Amma bu dəfə müəyyən ölkələrin atdıqları addımları təkrarlamaq, onların yürütdükləri siyasətlərə oxşar siyasətlər yürütmək üçün deyil, onların siyasətlərinin nəticələrinin iqtisadiyyata mümkün təsirlərini ölçmək, müəyyən etmək, müsbət təsirlərdən daha çox faydalanmaq, mənfi təsirləri isə zərərsizləşdirmək bundan sonrakı dövrdə hər bir ölkənin iqtisadi siyasətində əsas istiqamət olacaq.
Ölkələrin iqtisadi inkişaf səviyyələri, sürətləri, strategiyaları, reseptləri, gördükləri tədbirlər bir-birlərindən ciddi şəkildə fərqlənməyə başladı. Bu çox ciddi siqnaldır.
Təfsilatlara varmadan bir neçə fakta nəzər salaq (hər bir ölkənin fərqli rəqəm və iqtisadi qayğılarına diqqət edək):
– ABŞ-da işsizlik səviyyəsi 3.5 faiz, inflyasiya 7.1 faiz, faiz dərəcəsi 4.25 faiz-4.5 faiz. İnflyasiyanı 2 faizlik hədəf həddinə çatdırmaq üçün faiz dərəcələrinin artırılmasına davam ediləcək. Buna işsizlik səviyyəsi də imkan verir. Lakin, faiz dərəcəsinin 2023-cü ildə 6 faiz həddini aşacağı və 6 faizin üzərində qalacağı ehtimalını çox aşağı hesab edirəm. Çünki, qlobal iqtisadiyyat dolların faiz dərəcəsinin 6 faizdən yuxarı həddinə uzun müddət dözə bilməz. 5 faiz-6 faiz dərəcəsi aralığı da FED-in nəticələrini diqqətlə izləyəcəyi səviyyədir. Deməli, 5.5faiz-6 faiz aralığında da inflyasiya 4 faizin altına enməsə, FES-in faiz siyasətini daha sərt şəkildə alternativ siyasətlərlə əvəz edəcəyi ehtimalı yüksəlir;
– Dünyanın 2-ci ən böyük iqtisadiyyatı olan Çinin özünün ciddi iqtisadi qayğıları və çağırışları mövcuddur. Çindən çox böyük kapital çıxışlarının şahidi olmaqdayıq və bu proses davam edəcək. Çinin nisbətən optimist statistik göstəricilərinin altında çox ciddi iqtisadi qayğı və problemləri formalaşmaqdadır;
– Dünyanın 3-cü ən böyük iqtisadiyyatı Yaponiyada inflyasiya səviyyəsi 3.8 faizdir. Bu ölkənin əsas iqtisadi çağırışı isə 2.5 faizlik çox aşağı (təhlükəli həddə olan) işsizlik səviyyəsi və bir çox sahələrdə işçi çatışmazlığı, iqtisadi böyümənin (2023-də 1.8 faiz, 2024-cü ildə cəmi 0.9 faiz gözlənilir) bütün görülən tədbirlərə baxmayaraq zəif olmasıdır;
– BƏƏ növbəti 10 il üçün 8.7 trilyon dollarlıq iqtisadi paketini açıqladı. Paketlə tanış olduqda BƏƏ-nin Yaxın Şərqin tamamilə fərqli bir ölkəsi olması bir tərəfə, dünya iqtisadi səhnəsində önəmli bir ölkəyə çevrilmə iddiasını (bir çoxu əsaslandırılmış və inandırıcı iddialardır) görürük.
– Avropa Birliyi yuxarıdakı ölkələrdən fərqli olaraq ciddi iqtisadi qayğılarla yanaşı, çox ciddi siyasi problem və ziddiyyətlərlə üz-üzədir. Avropa Birliyinin iqtisadi inkişafı II Dünya Müharibəsindən sonrakı dövrdə olduğu kimi ABŞ-dan və Britaniyadan (Britaniyanın özündə də iqtisadi qayğılar (o cümlədən yüksək inflyasiya) çoxdur) asılı olacaq;
– Yazının uzun olmaması üçün son olaraq qardaş Türkiyə iqtisadiyyatına toxunmaqla kifayətlənək. Minimum əmək haqqının artırılması qərarının ardından bu gün açıqlanan qərar və görüləcək tədbirlərin əsas bir məqsədi var. Artan maaşlar fonunda inflyasiya təzyiqinin yumşaldılması (bu təzyiq qaçılmazıdır) üçün inflyasiya tətikləyici bir sıra qiymət artımlarına gedilməyəcəyinin anonsunun verilməsi önəmli idi. Bu isə inflyasiya gözləntilərini müəyyən dərəcədə azaldan amildir. Hazırda Türkiyədə inflyasiya gözləntiləri çox olduğu üçün istehlak özünün ən pik həddini yaşayır. Bu amil yerli istehsalı dəstəkləsə də, yerli istehsalda idxalın payını nəzərə aldıqda idxalı da artıran amillərdəndir. Valyuta ehtiyatlarındakı gərginlik, mövcud monetar siyasət manevr imkanlarını daraldır, dolların kursuna təzyiqi artırır. Tədiyə balansında mənfi saldonun azalmasına imkan vermir. Hər bir halda Türkiyə iqtisadiyyatı 2023-cü ildə 2 fərqli dövr yaşayacaq. İlin 1-ci yarısı və ilin 2-ci yarısı. Türkiyə ilə bağlı önəmli əlavə bir faktı da qeyd edim. Suriyanın parçalanması və qaz kəmərlərinin Suriyanın şimalından keçərək Avropaya çəkilməsi planı böyük ehtimalla həyata keçməyəcək. Əvəzində Türkiyə Avropa üçün qaz sahəsində ciddi bir haba (qovşağa) çevrilir. Burada Türkiyəni ciddi sınaq gözləyir. Çünki, Suriya-Türkiyə yaxınlaşması Britaniya və müttəfiqləri tərəfindən dəstəklənsə də, ABŞ tərəfindən dəstəklənmir (bunu açıq şəkildə bəyan etdilər).
Ayrı-ayrılıqda dünyanın bir çox iqtisadiyyatlarına toxunmaq olar. Qafqazda formalaşmaqda olan yeni vəziyyət, Orta Asiyadakı iqtisadi irəliləyiş, Səudiyyə Ərəbistanı, Qətər, Şərqi Asiya ölkələri, Braziliya və sair.
Təfsilatlı şəkildə toxunmadan konkret nəticə və təsbitlərin bir neçəsini vurğulayaq:
– dünyanın demək olar ki, hər bir ölkəsi öz iqtisadi inkişaf planını öz ölkəsinin gerçəklik və imkanlarına uyğun hazırlayır. Ölkələrin qarşılaşdıqları problemlər, çağırışlar, iqtisadi göstəricilər, geosiyasi vəziyyət, əmək bazarı ciddi şəkildə fərqlənməkdədir;
– məsələn, BƏƏ (o cümlədən konkret olaraq Dubay Əmirliyi) istedadlı gənclərə vizaların verilməsinin asanlaşdırılması siyasətinə başlayıb (konkret olaraq, immiqrasiya deyil, beyin ovu siyasəti). Eyni siyasəti ABŞ başda olmaqla bir çox ölkələrin apardığı və daha geniş şəkildə aparacağı açıq-aşkar görünməkdədir. Kor-koranə toplu immiqrasiya deyil, istedadlı gənclərin, alimlərin, peşəkarların ölkəyə cəlbi. Amma bunun əksinə olaraq, dünya ölkələrinin say olaraq ən azı 70 faizdə işsizliyin artması, investisiya, yeni texnologiyaların tətbiqinin isə azalması müşahidə olunacaq;
– yuxarıda qeyd olunan səbəbdən, ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı kimi güclü iqtisadi birliklərin hazırda kifayət etmədiyi, yeni bir neçə iqtisadi birliklərin formalaşdırılaraq iqtisadi potensialın (o cümlədən risklərin) həmin birliklərdə diversifikasiyası ehtimalı yüksəkdir. Əslində dünya buna doğru gedir. Yəni, ayrı-ayrı ölkələrin iqtisadi cəhətdən güclənməsindən daha çox birliklər daxilində güclənərək iqtisadi birliklərin genişlənməsi ilə dünya bazarlarının böyüməsi planı daha rasionaldır. Əks halda ABŞ və Avropanın bahalı və lüks mallarının bazarlarının daralması, bu bazarların Çin, Cənubi Koreya və digər ölkələr tərəfindən tutulması davam edəcək.
– qlobal iqtisadiyyatın izlənməsi (həm də görüləcək tədbirlər enerji, əmtəə qiymətlərinə birbaşa təsirlər göstərəcək) vacibdir;
– hər bir ölkənin iqtisadi tədbir və qərarlarının digər ölkələrin iqtisadi tədbir və qərarlarını təkrarlamaq deyil, bir çox hallarda əksinə, həmin ölkələrin qərarlarının mənfi təsirlərini azaltmağa yönələcəyi məqsədli olacağı qaçılmaz olacaq;
Yekun nəticə isə iqtisadi məsələlərə, reseptlərə münasibət və yanaşmalar dəyişir, sürət artır, daha çevik və əsaslandırılmış iddialı planlar önə çıxır.
Hər bir ölkə dünyanın qasırğalı iqtisadi okeanında tab gətirmək üçün yelkənli qayıq yox, güclü mühərrikli dayanıqlı gəmi olmağa çalışır və çalışacaq.