Vaxt.Az

Çinin əhalisi niyə azalıb?


 

Demoqrafik kiçilmənin səbəbləri ...

Çinin əhalisi niyə azalıb? Çinin əhalisi 2022-ci ildə bir il əvvəlki illə müqayisədə 850 min nəfər azalıb. Çində ölkə əhalisinin sayının azalması son 60 ildə ilk dəfə baş verib. Çində 2022-ci ildə 9,56 milyon insan doğulub, 10,41 milyon nəfər ölüb. Bununla Çində ilk dəfə ölənlərin sayı doğulanların sayını üstələyib.

Çində azalma niyə baş verib?

Bunun bir neçə səbəbi var.

Birincisi, Çində əhalinin azalmasına pandemiya səbəb olub. Koronavirus Çində qeydə alındıqda ölənlərin sayı çox deyildi. Pekin sərt qapanma qərarı verdi. Nəticədə dünyada COVİD-19 geniş yayılarkən, Çində virus nəzarət altına alındı. Ancaq 2022-ci ilin sonundan başlayaraq koronavirus Çinə yenidən qayıtdı. Bəlli oldu ki, sərt qapanma  virusu yox etmədi. Pekin yenidən sərt qapanma qərarı verdi, ancaq bu dəfə çinlilər etiraza başladılar. Pekin etirazların artacağından ehtiyat edərək sərt qapanma siyasətindən imtina etdi. Bu isə öz növbəsində pandemiyanın bu il Çində əvvəlkindən də geniş yayılmasına şərait yaratdı. Bəzi ekspertlərin fikrincə, Çin əhalisinin yarıdan çoxu virusa yoluxub və il ərzində ölənlərin sayı 1 milyona yaxınlaşacaq. 

İkincisi, Çin 1980-ci illərdən başlayaraq “bir ailə, bir uşaq” siyasəti həyata keçirib. Bir uşaqlı ailələrə müxtəlif sosial dəstəklər nəzərdə tutulmuşdu. Pekin bu siyasətə ona görə üstünlük verirdi ki, artan əhalinin problemləri də artırdı ki, onları həll etmək lazım idi. 

Çinin sonrakı illərdə iqtisadi imkanları və maliyyə gəlirləri artdıqca əhalinin artan sayı artıq problem yaratmamağa başladı. Buna görə də Pekin 2015-ci ildə ailələrə əvvəlcə iki, 2021-ci ildə isə üç uşaq dünyaya gətirməyə icazə verdi. Bunun bir səbəbi də Çin əhalisinin qocalmasıdır. Yaşlı insanların sayı artdıqca işçilərin sayı azalır, dövlətin sosial ödəmələri artıb. İşçi qüvvəsinə ehtiyac var. Buna görə də Pekin ailələrə nə qədər uşaq dünyaya gətirmək tövsiyəsindən imtina edib. 

Bu arada, Hindistanın əhalisi artıb. Hindistanın əhalisi 2022-ci ilin sonuna kimi 1,417 milyard nəfər təşkil edib. Bəziləri bu sayın çox ola biləcəyi ehtimalını irəli sürüb. Çünki Hindistanda kəndlərdə ev təsərrüfatlarında bir sıra hallarda doğuşlar qeydə alınmır, bu da əhalinin sayının daha çox olması ehtimalını artırıb. 

Bu gedişlə Hindistan əhalisi Çin əhalisini üstələyəcək. Hindistan əhalisinin yarısı 30 yaşdan aşağıdır. Bu amil Hindistanın dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı olacağı ehtimalını artırıb.  

“Atlas” Araşdırmalar Mərkəz

 





23.01.2023    çap et  çap et