Vaxt.Az

Xan qızı – el anası


 

28 ildən sonra Natəvanın da nigaran ruhu rahatlıq tapıb

Xan qızı – el anası Zəngin tarixi, qəribə taleyi olan, hər bir azərbaycanlının qəlbində qərar tutan zümrüd taclı Şuşa! On səkkizinci, on doqquzuncu və iyirminci yüzilliyin əvvəli və sonunda müharibələrin, qırğınların, yanğınların şahidi, başı bəlalı Şuşa! Sən nələr yetirmədin, qoynunda nələr bəsləmədin? Səndə M.F.Axundzadənin komediyaları tamaşaya qoyuldu, ilk dəfə “Şərq konserti” təşkil edildi, realnı məktəb, qadın ibtidai məktəbi, xüsusi musiqi məktəbi, mətbəə və qiraətxanalar açıldı. Tanınmış şəxsiyyətlərin rəhbərliyi ilə musiqişünaslar, memarlar, şeir və musiqi məclisləri fəaliyyət göstərdi. Qəzetçilik, maarifçilik ənənələri genişləndi...

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yaşayıb-yaratmış, onun qoynundan pərvazlanmış neçə-neçə şəxsiyyət ölkəmizin tarixində silinməz iz qoyub. 2022-ci ildə dövlət başçısının sərəncamı ilə 190 illik yubileyi dövlət səviyyəsində qeyd olunan Xurşidbanu Natəvan (1832-1897) da adını ədəbiyyat və mədəniyyət salnaməmizə əbədi yazdırıb. Zəmanəsinin istedadlı söz sənətkarı, geniş ictimai fəaliyyəti və unikal şəxsiyyəti ilə tanınan Xurşidbanu Natəvan qəlbən sevdiyi gözəl Şuşanın qoynunda dünyaya göz açıb. O, mədəni tərəqqinin, inkişafın, həm də daxili və xarici düşmənlərin vətəni üçün yaratdığı maneələrin canlı şahidi olub. 

Xurşidbanu Qarabağ xanlığının sonuncu hakimi Mehdiqulu xanın qızı və yeganə varisidir. Onun ulu babası Pənahəli xan Qarabağ xanlığının iqtisadi inkişafı, müstəqilliyi üçün çalışıb və igidliyi, müdrikliyi ilə seçilib. O, ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası Bədircahan bəyim Ziyad xanın nəvəsi Uğurlu bəyin qızıdır.

Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xanlığın sonuncu varisi olduğu üçün onu sarayda “Tək inci”, el arasında isə “Xan qızı”çağırıblar.

Xurşidbanu sarayda ən təcrübəli tərbiyəçilərdən, evdə isə dövrünün tanınmış alim və sənətkarlarından dərs alıb. Xüsusilə də dünyagörüşünün, bədii zövqünün formalaşmasında qohumlarının – Qasım bəy Zakir, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl və Əhməd bəy Cavanşirin böyük əməyi olub. Sözsüz ki, belə hörmətli və tanınmış şəxsiyyətlərin yaradıcılığı, ədəbi söhbət və mübahisələri Xurşidbanuda şeirə, sənətə olan marağı daha da artırıb. Uşaqlıqdan yüksək zövqü, qayğıkeş, təşəbbüskar və s. keyfiyyətləri ilə fərqlənməsi valideynlərindən və kübar ailədən gələn bir ənənə idi. Xurşidbanu erkən yaşlarından müstəqil düşünməyi, fikirlərini ifadə etməyi, eyni zamanda mövcud münasibətlərə, qayda-qanunlara ayıq nəzərlə diqqət yetirməyi bacarırdı. Ona görə də sadalanan bu amillərin təsiri altında Xurşidbanuda demokratik bir ruh, düşüncə tərzi formalaşmışdı. O, insanları azad, xoşbəxt görmək istəyirdi. Onların bədbəxtliyi, fəlakəti daxilən və fikrən onu narahat edirdi. Sarayda yaşasa da, Xurşidbanu öz taleyindən, həyatından narazı idi. Buna səbəb ailədə tək olması, 14 yaşından atasını itirməsi, ətrafında baş verən hadisələrə biganə qala bilməməsi və ailəsində gördüyü ruh düşkünlüyü – xanlığın süquta uğramasından yaranmış qəm-kədər idi. Bu kədər kölgə kimi anbaan onu izləyir, ilk məhrumiyyətlərin acısını ona dadızdırırdı. Xurşidbanu XIX əsrin 20-ci illərində atasının başına gələn faciəli hadisələri (milliyyətcə erməni olan Valerian Mədətovun anti-Azərbaycan siyasəti nəticəsində Qarabağ, Gəncə, Şəki, Şirvan xanlıqlarının əhalisinin xeyli hissəsinin İrana mühacirət etməsini), çarizmin əlaltısı olan Tarxanyan qardaşlarının Mehdiqulu xana və ona sadiq olanlara etdikləri haqsızlıqları da unutmurdu. Ancaq başsız qalmış ailə Vorontsov kimi yüksək vəzifəli bir generalın təklifi ilə üz-üzə qalmışdı. İqtisadi təzyiq yolu ilə xana məxsus mülkiyyətin məhdudlaşdırılması çarizmin Qarabağda yeritdiyi fitnəkar siyasət idi. Qafqaz canişini vəzifəsində çalışan Mixail Semyonoviç Vorontsov bu yolla Xan qızını hökmən çarlığın inanılmış və etibarlı adamlarından birinə nişanlamağı nəzərdə tuturdu. Köməksiz bir qəlbdə yığılıb qalan ictimai etiraz sonralar Xurşidbanunun “Kaş əzəldən gəlməyəydim, ey fələk, dünyaya mən” və yaxud “Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı...” misralarının yaranmasına səbəb oldu. Buna baxmayaraq, Xurşidbanu dözürdü, daha doğrusu, mübarizə aparır, yaşayırdı. Həm də təkcə özü üçün yox, xalqı, eli üçün. O, iki yetim övladın doğma anası olsa da, əsas ictimai vəzifəsini el anası, xalq hamisi olmaqda görür, qırılmaz mənəvi tellərlə zəhmətkeş kütləyə bağlanırdı. Şairin əleyhdarları isə onun şəhərin yalnız varlı adamlarından biri ilə ailə qurması haqqında düşünürdülər. Ancaq şair 1869-cu ildə öz arzusu ilə Seyid Hüseyn adlı kasıb bir rəiyyətə ərə getməklə cəsarətli addım atdı. Beləliklə, o, feodal məişətinin köhnəlmiş ənənəsini qırdı və ömrünün sonuna qədər bu cəsarətli addımının ağrı və acılarını dadmalı oldu...

***

Xurşidbanu müasirləri arasında böyük hörmət və nüfuz sahibi idi. O, lirik şairliyi, nəqqaşlığı, bacarıq və xeyirxahlığı ilə M.F.Axundzadə, Q.Zakir, M.C.Cavanşir, M.M.Nəvvab, S.Ə.Şirvani kimi görkəmli sənətkarların diqqətini cəlb edib, onların ağıllı məsləhəti və mənəvi dayağı ilə yaşayıb-yaratmışdı.

Xurşidbanu poeziya aləminin sirlərinə, sənətkarlığın incəliklərinə Zakirin sayəsində dərindən bələd olmuşdu. Zakir bu köməksiz qadını müdafiəyə qalxmış, düşmənin tənə və təqiblərinə həcvlərində üsyankar səsini ucaltmışdı. Onların hər ikisi öz ictimai fəaliyyətləri, ədəbi yaradıcılıqları ilə Qarabağın şan-şöhrətini babaları kimi yüksəklərə qaldırıblar. M.F.Axundzadə də Zakirə göndərdiyi mənzum məktubda Xan qızına uzun ömür arzulamış, onun şəxsiyyətini yüksək qiymətləndirmiş və ehtiramını saxladığını bildirmişdi.

Xurşidbanu təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda rəğbətlə qarşılanır, onun şəninə ehtiramla şeirlər yazılırdı. Bu sənət adamları qayğıkeş şairin himayəsinə sığınırdı. Xurşidbanu isə öz növbəsində xalqımızın mədəni irsinin zənginləşməsinə yeni töhfələr verirdi. 1864-cü ildən Xurşidbanunun maddi və mənəvi köməyi ilə Şuşada “Məclisi-üns” (dostluq, ülfət) ədəbi məclisinin fəaliyyət göstərməsi ədəbiyyata, incəsənətə, maarifə verilən qiymət kimi dəyərləndirilməlidir. Əlbəttə, belə bir ədəbi məclisi yaratmaq, ona rəhbərlik və vaxt sərf etmək böyük hadisə, qadın sənətkar üçün hünər idi.

Qarabağın tanınmış şairi və ictimai xadimi Mirzə Rəhim Fənanın 20 oktyabr 1925-ci ildə “Məclisi-üns” haqqında yazdığı qeydləri Qarabağ ədəbi mühitini, Xurşidbanunun həyatından bəzi faktları öyrənmək baxımından elmi əhəmiyyətə malikdir. Təbii ki, bir ədəbi mühitin yetirdiyi sənətkarların yaradıcılığı özlərindən sonra xələflərinə təsirsiz ötüşməyib. “Məclisi-üns”ün fəaliyyəti Şuşada, Şamaxıda, Bakıda, Lənkəranda yeni ədəbi məclislərin yaranmasına vəsilə olub.

Ədəbiyyatşünas Hənəfi Zeynallı Natəvanın həmin ədəbi məclislərə göstərdiyi təsir barədə yazır: “Natəvan bu üç şəhərdəki cəmiyyətlərə də icrayi-nüfuz etmişdi. Əliaçıq olduğu üçün hər yerdə böyük mövqe, böyük ehtiram qazanmışdı. Lütfü və inayəti cəmiyyətin bütün şairlərinə şamil olmuşdu. Buna görə ümumən şairlər Natəvanın təsirindən ayrıla bilməmişdir”.

Natəvan yaşadığı dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərsə də, özü də görkəmli söz sənətkarları  – Nizaminin, Nəvainin, Füzulinin, Qasım bəy Zakir və başqalarının ənənələrindən bəhrələnirdi. Füzulinin:                                            

Zülməti- heyrətdə zikrindir mənə virdi-zəban,
Tutiyəm guya, yemim şəkkər, yerim Hindustan.

- mətləli qəzəlində tuti (tutu quşu) şirin danışığın, gözəl ləhcənin rəmzi kimi vəsf edilib.

Aşağıda göstərilən paralellərdə Xurşidbanu da tutiyə Füzuli mövqeyindən yanaşıb:

Hərisəm bəs ki ol şirin zəbanın zikrinə hər dəm,
Olur xoş nitqli tuti, şəkər olsa damağında.

Və ya: 

Vəfasız dəhri-dun içrə əgər şəkkər qəzam olsa,
Olur zəhri-həlahil, tutiyi-şirin zəban sənsiz.

Beytlərə diqqət edilsə, görünür ki, hər yerdə tutinin şirin danışığı şəkərlə (yəni şirin şeylə) yanaşı işlədilib. Natəvanın əmisi Əbülfət xan da şirin təbli şair olub, gözəl danışığı, xoş nitqi olduğu üçün ona da “Tuti” təxəllüsü verilib.                           

Belə paralellər Q.Zakir və Natəvan yaradıcılığında da özünü göstərir.

Zakirin:

Dərd çox, bar giran, qövrə yetən yox, ya rəbb,
Bizlərə səbr əta eylə və yainki əcəl. -

misrası ilə başlayan tənqidi-satirik şeirində olduğu kimi, Natəvanın: 

Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya Rəbb!...
Ki, mən öz qanim ilə dərdimə dərman etdim

– misrasında yeni fikirlə eyni ruh hakimdir. Həyatda baş verən hadisələr, gözü önündə davam edən təzadlar, dərd anlamazların imdada yetişməməyi və rastlaşdığı digər sıxıntılar Natəvanın qəzəllərində də öz ifadəsini tapıb və onu sələfinə yaxınlaşdırıb. Böyük alim, ədəbiyyatşünas Firidun bəy Köçərli bu barədə yazırdı: “Mərhum Qasım bəy Zakir və sonralardan Abdulla bəy Asi və onun müasirləri və xüsusən hali-həyatda olan Mirzə Rəhim Fəna cənabları ol gövhəri-pakın iltifatü inayətləri sayəsində təblərinə vüsəti qüvvət verdilər”. Ancaq onu da danmaq olmaz ki, Zakir sənətkarlığının Natəvan yaradıcılığına təsiri böyük olub. Və haqlı olaraq alimlərimiz Natəvanı şeirlərindəki orijinallıq, bədii təsir qüvvəsinə görə Füzulinin, Vaqifin, Zakirin şagirdi adlandırıblar.

Ədəbiyyatşünasların qeyd etdiyi kimi, Natəvan ədəbi məlumatının genişliyi, mütaliəsi və şeirlərinin bədii keyfiyyəti ilə məclis üzvlərindən fərqlənib. Şairlər bu üstün cəhəti nəzərə alaraq hər vaxt Şirvandan gələn qəzəllərə və Qarabağda yazılan nəzirələrə qiymət verərkən Natəvanın rəyi ilə hesablaşıblar. Azərbaycanın əksər şairləri, eləcə də dövrün qüdrətli şairi S.Ə.Şirvani Natəvanın şeirlərindəki dərin lirizmi, sənətkarlıq xüsusiyyətlərini nəzərə alaraq onun şeirlərinə bir sıra nəzirələr yazıblar.

***

Natəvan şeirlə yanaşı, musiqini də çox sevirdi. Məclisdə musiqi tarixindən, musiqi ilə söz sənətinin əlaqəsindən söhbətlər açılar, məşhur xanəndələrdən Hacı Hüsü və Məşədi İsi oxuyardılar. Natəvanın sənət gecələrinə, ədəbi-musiqi məclisinə dəvət etdiyi xanəndələrdən biri də Azərbaycan xalq musiqi ifaçılığı tarixində adı iftixarla çəkilən “Bayatı-Şiraz” muğamının məşhur ifaçısı Məşədi Dadaş olub. Müğənninin böyük qızı Məxmər öz xatirələrində söyləyir: “Atam Qarabağda Xan qızı adı ilə tanınan Xurşudbanu Natəvanın bəlkə də ən çox hörmət etdiyi şəxs olub... Xan qızı hər dəfə atamı öz məclisinə çağırarkən evimizə adam göndərir. Həmin adam gətirdiyi məktubu atama verib gedirdi. Bu məktublar isə əsasən Xan qızının yazdığı yeni şeirlərdən ibarət idi. Atam həmin şeirləri diqqətlə oxuyar, nə isə fikirləşər və xəyala dalardı. Sonra isə oturub bu şeirlərə cavab yazardı”.

Qarabağda və digər şəhərlərdə elə bir ictimai-mədəni tədbir, əlamətdar hadisə olmurdu ki, Natəvan orada iştirak etməsin. O, Tiflisdə təşkil olunan ədəbi gecələrə, teatr tamaşalarına, yığıncaqlara dəvət alardı. Natəvanın təsirli danışığı, sadəliyi, cazibədarlığı əsilzadələrə məxsus vüqar və əzəməti rus, gürcü ədiblərini, aktyor və rəssamlarını, eləcə də onu əhatə edənlərin diqqətini özünə cəlb edirdi. Məsələn, 1858-ci ilin avqustunda Bakıya gələn fransız yazıçısı Aleksandr Düma da “Qafqaz” əsərində bu kübar ailədə və yerli camaatda müşahidə etdiyi müsbət keyfiyyətləri, maraqlı xüsusiyyətləri, Natəvanın ona yadigar olaraq bağışladığı əl işlərini təsvir etməklə fransızların azərbaycanlılar haqqındakı düşüncələrinin yanlış olduğunu sübuta yetirib.

Məşhur səyyah qadın Karla Serena da 1877-ci ildə Xan qızı ilə görüşündən məmnun olduğunu bildirib. O, bu haqda yazır: “Bu prinsessa ailə sənədləri əsasında tarixi hadisələri yanımdaca tərcümə etdirib mənə verdi”. K.Serenanın xatiratında həmçinin Şuşa dağ iqlimi, gözəl və füsunkar təbiəti olan bir şəhər kimi qalıb.

Natəvanda özünəməxsus rəssamlıq istedadı da vardı. Onun naturadan işlədiyi müxtəlif təsvirlər Azərbaycan incəsənətində yenilik hesab olunurdu. Bu sahədə onun sənətkarlıq məharəti 227 səhifədən ibarət “Gül dəftəri” adlı şeir albomunda cəm olunub. Müasirlərinin söylədiyinə görə, Natəvan həm də gözəl naxışlar qoyar, paltarlar tikərmiş. Cecimlərə vurulan naxışlar, dəbli qadın libasları onun incə barmaqlarından çıxarmış.

***

Natəvan xalqın gözündə Xan qızı, sözündə isə el anası idi. O, şeirin, sənətin və maarifin inkişafı ilə yanaşı, Qarabağın abadlaşdırılması, Şuşanın daha da gözəlləşməsi naminə çalışırdı. Qarabağın mədəni həyatında baş verən irəliləyişi, Şuşanın inkişafı üçün yaranan canlanmanı o zaman “Kavkaz” qəzeti belə şərh edirdi: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər varlanır. Əhali hər tərəfdən bu şəhərə axışıb gəlməkdədir. Beləliklə, burada 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”.

Natəvan öz öhdəsində olan 14 kəndi, bir neçə yaylaq yerlərini, zavodunu və dəyirmanını təkbaşına idarə etməli olurdu. O bütün gücünü doğma şəhərinin və kəndlərinin abadlaşdırılmasına, təsərrüfatın qabaqcıl üsulla idarə olunmasına sərf edirdi. Onun Tiflisdə təşkil edilmiş kənd təsərrüfatı sərgisində iştirakı haqqında yazılır: “Qarabağda general-mayor Mehdiqulu xanın qızı Xurşidbanu bəyimin sərgiyə təqdim etdiyi kənd təsərrüfatı bitkiləri münsiflər heyətinin maraq və heyrətinə səbəb olmuşdur”. Bununla yanaşı, 1867-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində, 1869-cu ildə Moskva bədii-sənaye sərgisində onun təsərrüfatı birincilik qazanaraq qızıl medal və fəxri fərmana layiq görülüb. Mənbələr əsasında sadalanan bu faktlar göstərir ki, Natəvanı XIX əsrin istedadlı bir şairi, rəssamı kimi tanımaq azdır. Onun ictimai xidmətləri də bədii yaradıcılığı qədər qiymətlidir.

Natəvan körpü və yolların salınmasına, mədəniyyət ocaqlarının açılmasına kömək edirdi. Şəhərdə 4 bulaq, çoxlu su anbarları olsa da, şor su istifadəyə yararsız idi. Əhalinin arzusunu nəzərə alıb 7 kilometr məsafədən, sərt qayaların döşündən su çəkmək üçün ən yaxşı mühəndis, fəhlə və ustaları işə cəlb etdi. Ağır zəhmət tələb edən bu iş yüz min manata başa gəldi. Hörmətli şəxslər Natəvana təşəkkürlərini bildirir, hər tərəfdən Xan qızının adına təbriklər gəlir və bulağın açılışı el bayramına çevrilirdi.

Baharlının “Əhvalati-Qarabağ” əsərində Natəvan haqqında söylədiyi xoş və gərəkli sözlər deyilənləri bir daha təsdiq edir: “Qarabağın xanlarından yadigar qalan həmin bir Xan qızıdır ki, bu vaxta böyük adamlardan qalan bir budur. Allah səlamət etsin. Çox püxtə və xalqa mehriban adamdır. Və çox sahibi-səliqədir və həmişə füqəranı müraat edib, cəmi xalqın dövlətli olub xoş halını istəyəndi. Həmişə bu fikirdə olar ki, tamam xalqa xeyir versin və kömək etsin. Belə ki, bu şəhərin abad olmağına o səbəb olmuşdur. Hərgah bu su qalaya gəlməsəydi, genə gərək olacaqdı həmin qalanın abad olmağı ibarətdir bu sudan. Belə ki, o vaxt ki bu su qalaya gəlməmişdi, xalq çox zəhmət ilə keçirir idilər və gedib Xəlfə Əlili (Xəlifəli) çayından at və ulaq ilə su gətirirdilər. Bu barədə cəmi əhli-vilayətin boynunda Xan qızının haqqı var. Cəmi cəhətdən nəinki bir tək su, Allah-taala Xurşid Banu bəyimə ömri-tulani kəramət etsin və onu Qarabağ camaatına çox görməsin”.

Natəvan da, anası Bədircahan bəyim də əliaçıq, xeyirxah insanlar olublar. Deyilənə görə Şamaxıda “Müqəddəs Nina” mətbəəsinin açılmasına Natəvanın anası min manat pul yardım edib. Bakı şəhərində Fatimeyi yolu Natəvanın öz hesabına təmir olunub. Xan qızı kəndləri əzabdan qurtarmaq üçün Mil düzü ilə Araz çayından Ağcabədiyə arx çəkdirməyə başlamışdı. O, yaşadığı binanın şimal səmtində bir məktəb binası da tikdirmişdi.

Natəvan xeyirxah və nəcib işlərini – su kəmərlərinin çəkilişini, kəndlərdə suvarma kanallarının inşasını, məktəblərə ianələrin verilməsini və s. davam etdirirdi. Böyük su anbarı, “Xan qızı” bulağı adlanan məşhur çeşmə tikdirdi. Hovuz, hamam və buzxana düzəltdirdi, əhalinin istirahət və gəzintisi üçün yaşadığı binanın qərb tərəfində bağ saldırdı. Şair Mir Möhsün Nəvvab bir şeirində şəhərə gözəllik verən həmin bağı dünyanın ən səfalı bir guşəsi adlandırır və bu gözəlliyin təsvirini verir.

Xan qızı yaşadığı evin cənubunda öz zövqü ilə ikimərtəbəli bina tikdirib və qarşısında füsunkar bir bağça saldırıb. Sonralar həmin binada Natəvan adına Respublika Uşaq Sanatoriyası yerləşirdi.

Türk dünyasının böyük şairi, alim və mütəfəkkiri Yusif Xas Hacib “Kutadqu-bilik” əsərində necə də gözəl deyib: “Zülm bir alovdur, yaxınlaşanı yandırar. Ədalət isə sudur, axarsa, nemət yetişər”. Natəvan da ictimai fəaliyyətində, idarəetmədə ədalətin tərəfdarı olub, bu səbəbdən şəhərdə, ətraf Qarabağ torpaqlarında hasil olan nemətlərdən şəhər əhalisi təmənnasız istifadə edib. Novruz bayramında Natəvanın həyətində şərbət hazırlanar və əhaliyə paylanılardı. Xan qızının buzxanasında nazik buz təbəqələri arasında nar, üzüm, albalı, zoğal dənələrinin hərəsindən bir lay düzülüb saxlanılardı. Yayda xəstələrə buz lazım olduqda çəkinmədən buzxanadan aparardılar. Onun şəxsi həkimləri də xəstələrə təmənnasız tibbi yardım göstərərdi.

Krımda nəşr olunan “Tərcüman” qəzeti (1883-1918) Natəvanın füqəraya mərhəmət etməsi, xeyli xeyriyyə işləri ilə məşğul olması, müsəlmanların maarifinə maddi kömək göstərməsindən yazırdı. Hamı bu xeyirxah qadını mədəniyyətin, maarifin və elmin dostu kimi tanıyırdı...

Ədalət və zülm! Böyük Mövlanə bu barədə də deyimlərini gözəl təşbehlə ifadə edib:

“Ədalət nədir? – Meyvə ağaclarını sulamaqdır. Zülm nədir? – Tikanları sulamaqdır”.

El anası – Xan qızı da Şuşada ədalətlə mülkün təməlini qoydu. Əhalinin asayişi və rahatlığı naminə haqqa arxalandı. Daima doğrunun yanında, zalımın qarşısında oldu.

Elə ona görə də Məhəmmədağa Müctəhidzadə Natəvanın vəfatını həyata işıq verən Günəşin çıxması ilə eyni vaxtda nur saçan başqa bir Günəşin batmasına bənzədirdi. Ancaq şeir məclisinin Günəşi batsa da, Natəvanın əməli, xeyirxahlığı, yaxşılığı qədirbilən insanların yaddaşından, qəlbindən silinmədi. Onun cənazəsi göz yaşları içində Şuşadan Ağdama qədər piyada aparıldı. Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan “İmarət” məqbərə-kompleksində dəfn edildi. Mirzə Rəhim Fənanın təsvir etdiyi kimi, “Mübarək şərəfli Xurşidbanu qəm aləmindən cənnət bağına pənah apardı”.

***

İyirminci yüzilliyin sonunda Xan qızının ruhu bir cənnət məkanı adlandırdığımız Şuşanın üzərində, şeir, söz cıdırında gəzdi, yağmalanmış vətənində yad səslər, yad nəfəslər duydu. Güllələnmiş heykəlindən, dağıdılmış məqbərəsindən və sarayından, təhqir edilmiş qəbrindən incik, narahat qalan ruhundan bir fəryad, ah qopdu: 

Dövrü dönmüş dövr, dövran etmədi kamımca, ah,
Düşmənimdir, bilməzəm kim, netmişəm dövranə mən!

Vaxtilə böyük sənətkar Y.V.Çəmənzəminlinin təsvir və təsəvvür etdiyi “bu, mənim şəhərim – Şuşa” indi hər birimizin, hər bir azərbaycanlının şəhəridir, Azərbaycan xalqının qeyrət tacıdır. Gün gəldi, bu tac Ali Baş Komandanın, şanlı Azərbaycan Ordusunun və xalqımızın səyi və birliyi sayəsində öz sahibinə qaytarıldı. Bu gün Şuşa Prezidentin xüsusi nəzarəti və diqqəti ilə əvvəlki görkəminə, çal-çağırlı günlərinə qayıdır. Şuşa öz təntənəli tədbirləri ilə Cıdır düzündə büsat qurur, 28 il həsrəti ilə yaşayan Azərbaycan xalqını bağrına basır, uğrunda canlarını fəda edənləri yad edir.

 





28.02.2023    çap et  çap et