Bəşər Əsəd Çinə 19-cu Asiya Oyunlarının açılış mərasimində iştirak etmək səfər edib. O şərqi Çinin Jejiang əyalətinin paytaxtı Xançjou şəhərinə gedib. İdman tədbiri bəhanədir. Əsəd Çin lideri Si Tsinpinlə görüşəcək və Suriya-Çin sammitində iştirak edəcək. Bu görüş və sammitdə iştirak Əsəd üçün vacibdir.
Çin lideri Suriya diktatorunu ölkəsinə dəvət etməklə Qərbin rəyi ilə hesablaşmadığını ortaya qoyub. Suriyada vətəndaş müharibəsi zamanı yüz minlərlə mülki insan həlak olub, orduda parçalanma əmələ gəlib, terrorçu qruplaşmalar bir-biriylə savaşıblar. Suriya böyük dövlətlərin maraqlarının kəşişdiyi məkana çevrilmişdi. Çin Suriyadakı proseslərə qarışmırdı. Əsas oyunçular Rusiya, İran, Türkiyə, ABŞ və bir qisim ərəb ölkəsi idi.
Bəşər Əsəd Rusiyanın dəstəyi sayəsində ərazilərin böyük hissəsində nəzarəti bərpa edə bilib. Doğrudur, silahlı kürd qruplaşmalar və bir qisim fərqli silahlı qruplar ölkənin ərazisinin bir hissəsinə nəzarət edirlər. Ancaq Suriya dünya agentliklərinin artıq baş xəbəri deyil, ölkədə nisbi sakitlik bərpa olunub. Bu Bəşər Əsədə imkan verir ki, legitimliyini beynəlxalq aləmdə bərpa etməyə çalışsın. Onun əsas vəzifəsi ərəb ölkələri ilə keçmiş əlaqələrin bərpasıdır. Ancaq Bəşər Əsədə maliyyə də lazımdır ki, müharibənin nəticələrini aradan qaldırmağa çalışsın. Ərəb dövlətləri onunla təmaslara razılaşsalar da, Suriyaya yatırım qoymağa tələsməyəcəklər. Əsədə dəstək verən Rusiya və İranın isə dağılmış Suriyanı bərpa edəcək qədər maliyyəsi yoxdur. Əksinə, Qərbin Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar bu ölkələrin iqtisadiyyatlarına mənfi təsir edir, inflyasiya artıb. Buna görə də Bəşər Əsədin ümidi Çinədir. Pekin müxtəlif ölkələrdə yatırımlar həyata keçirir.
Buna baxmayaraq, Çinin də iqtisadi artımı zəifləyib və maliyyəsini ehtiyatla xərcləmək məcburiyyətindədir. Pekin bəzən təhlükəli bölgələrdə də yatırımlar həyata keçirir. Buna misal olaraq Çinin Talibanın hakim olduğu Əfqanıstana yatırımlar qoymasıdır. Ancaq Suriyada sabitlik hələ bərpa olunmayıb və vəziyyətin istənilən an dəyişməsi ehtimalı var. Bu səbəbdən Pekin Suriyaya yatırım qoymağa tələsməyəcək.